Şeirlər - Afanasi Vançev

Afanasi Vançevdən şeirlər – Məmməd İsmayılın təqdimatında

Afanasi Vançev (Athanase Vantchev de Thracy) çağdaş fransız ədəbiyyatının öndə gələn böyük şairlərindən biridir. Əsli bolqar olan şair 1940-cı ildə Bolqarıstanın Xaskovo bölgəsində dünyaya gəlib. Uzun müddətdir Fransada yaşayır, dünyanın bir çox önəmli dillərini bilir. Dünya mədəniyyətini və şeirini incəliklərinə qədər öyrənən və öyrəndiklərini şeirlərinə də çox ustalıqla yansıdan  şair, demək olar ki, dünya təcrübəsinin yaratmış olduğu bütün ədəbi vəzinlərdən, şeir forma və şəkillərindən çox ustalıqla istifadə edir.

Müxtəlif dillərdə hazırlamış olduğu monoqrafiyalar Avropada elm çevrələrində böyük maraqla qarşılanır. Fransız dilində yazdığı "Pol Verlenin şeirləri  işığında simvolizm", "F.Dostoyevskinin yaradıcılığında poetika ve metafizika" əsərləri dediklərimizə misal ola bilər.

Afanasi əski çağların vazkeçilməz bilicisidir, yunan və latın poeziyasına həsr olunmuş məqalələri yazarını ünə qovuşdurmuşdur. Türkiyəyə, Suriyaya, Livana, Səudiyyə Ərəbistanına, İordaniyaya, Misirə, Mərakeşə, Mavirtaniyaya səfərləri zamanı islam və xristian aləmini, müqəddəs Şərq dünyasını yetərincə tədqiq etmiş və bu araşdırmalar sonralar ona dünyada şöhrət gətirəcək məqalə və kitablara çevrilmişdir.

Afanasi çoxsaylı milli və beynəlxalq mükafatlara layiq görülmüşdür.Onları bu qısa qeydlərimə əlavə edib  yer almaq istəmirəm. Şairin indiyə qədər 24 şeir kitabı nəşr olunmuşdur. Özü də dünyanın çeşidli dillərindən fransız dilinə mükəmməl tərcümələr etməkdədir.

Təbiəti dinləyən şairin  şeirlərində hər zaman intellektual bir ovqat mövcuddur. Özü bu barədə daha tutarlı söyləmişdir: "Mən hər  zaman şeirin günəş altında şehli bahar güllərindəki kimi şəffaflığını və parlaqlığını sevdim. Bəzi şeirlərin geniş dərinliyi, inanılmaz tamlığı məni erkən yaşlarımdan heyran etdi. Onlarda çevrəmdəki insanların ağrı və əzabımın ölçüsünü gördüm. Və tezliklə poeziyada vücudumuzla heç bir əlaqəsi olmayan bir şeylər olduğunu kəşf etdim. Zəif varlığın, istək və təvazökar zövqlərin perspektivləri idi onlar. O zamanlar işığın bayraqlarını, sevinc çərçivələrini xəyal edirdim. Gözə görünməyən bülbülün  səsi! Şəfəqin qılıncını, kölgələr uçurumunu pozan bir bülbülün səsi olmaq, üzünü əsla görməyəcəyimi  bilərək zamanı hiss etmək istədiyim zamanlardı onda.

Dünyada heç nəyin təsadüfi olmadığına inamı olanlardanam. Afanasi ilə tanışlığımızın da təsadüf olmadığına inanıram. Facebookdakı səhifəmi izləyənlər görmüş olar. Afanasi, alban şairi Jeton Kelmendinin Albaniyada çap olunan kitabımla bağlı paylaşımına ilk fikir bildirənlərdən biri də Afanasi idi. Və beləcə aramızda bağlantı yaranmış olacaqdı. Şeirlərimi sevə-sevə fransız dilinə çevirən hələlik sanal dostuma (İnşallah bu ayın sonunda Parisdə görüşəcəyik!) təşəkkürlərimi bildirir və şeirlərindən örnəkləri sevgili oxucularımla bölüşürəm.

Məmməd İSMAYIL
Çanaqqala, Türkiyə

 

Afanasi VanÇev       

Hava gözəlliyi

                                    Liliana Bettenkur

Gül işığı gətirir özüylə  bahar hələ

Bu Lakonya gününü xəfiflətmək üçünmü?

Kornif vazalarının gözləri daha parlaq

Günəş göz yaşlarıyla gözün dolduğu günmü?

 

Qoy bu qədim məkanda açılsın tutqun fəza,

Gözəlliklər ruhunun heyrət çağlamasında

Öpüşlər  büyülənmiş sevgi məktubu yazar

İlin kəhrəbasında,ürəyin almazında.

 

Və siz, xanım, uzadın bəyaz barmağınızı,

Çizgilərə  tuş gələn üzləri sevir səma

Bənövşəyi  döşəyi gecə izləyənə bax?

 

Gəzintilər, çevrədə uşaqlıq zanbaqları

Və şagirdlərinizə  yaşanası bir dünya

Qanadın ağlığından daha zərif və yumşaq!

 

Saf sehr

"Salamlayıram sizi, Allahın gözəl qızları,

                                   Bənə bir  mahnı söyləyin.

Ömr eləyən ölümsüzlərin müqəddəs irqini şərəfləndirin."
                                                                       Hesiod

O şirin gözyaşlarının dadlı məhsuldarlığı

Günün yasəmənləri! Sonunda düşüncələr

Doğar varlığımızdan! Təkərlərin mahnısı,-

Bu səmimi həssaslıq!

                        Bir də bu şəffaf hüzün

Sənin gözəl üzündən! Bayırda quşlar ötər.

Həsrət  havalarına xoşbəxtliklər sevinər;

Həyatın əbədiyə calaq olduğu gündən

Ah ağacların, suların tərtəmiz cazibəsi!

 

Con Kitsin ölümü

                                               Norton Hodges

Kitsin ölümünə Şellinin

                        ürək parçalayan misraları:

"Və birisi titrəyən əlləriylə

                        soyuq başını tutar".

("Bir başqası titrək əlləri ilə

                        o buz qafanı sıxar.")

Kitsin yaqut səsimi və ya

            İngiltərənin axşam bülbüllərimi?

Romadakı ölüm, melodik sevgidən çox uzaq.

 

Və yaqut ağzında  mavi öpüşlər!

Ah mələklər ağlayan o çılpaq otaq

Bəyaz qardələnlər sinəsi üstə.

 

 Efirə qalxan titrək vücudu

yanıb-sönmədə.

 

Gəncliyinin parlaqlığıyla!

Səhərin şəffaflığını geymiş o,

Əsla  düşünməyəcək

Əbədi şəhərin canlı əzəmətini!

 

Havada yalnız və  təsəllisiz,

Ağlayıram böyük gecənin çiyinlərində.

Onun qaranlıq gücünü kim biləcək

Qaranlıqların sürəkli silkələnən okeanında!

 

Ey ölümlə bitən işıq,

Ey ömür boyu vəd!

 

İndi, ruhunun masmavi məsumiyəti

Üfüqləri titrədən xəfif bir əldən gəlir.

Unudulmağa üz qoyan adı

                        qranit daşlara yazılı...

O ki misralarıyla  efiri sarsa bilər

Göyün gözəlliyində

                     səmavi ruhlardı üzə çıxan!

Fales kimi o da bu büyülü  kəhkəşanda 

ulduzların incə ürəyini ölçə bilər.

Finikiyalıların yaşıl işığında

kim rəhbərlik edər

 

dənizin hərəkətli sularında!

 

Üç dəfə xeyir-dua etdi ilham pərisi

Solğun alnını qırmızı gül çələnkləri ilə örtün,

Örtün ki, rahat olum. 

Və siz açan çiçəklərlə , ətirli otlarla,

Hər zaman xatırlayın  ölmüş  kişiləri

Onların incə sözünün

                    həyat verən lütfü  xatirinə!

Mərakeş, 2017


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!