Yol bağıydı doqquz ayda yurdumuz
Kələmlərdən bitməz idi qurdumuz
Paxlaları toplayardıq dördümüz
Sonra onu üç məmmədə satardıq
Üç məmmədi dal gün üçün atardıq
Avqust ayın bəğəliyə gedərdik
Gündə əlli yerə səfər edərdik
Dağ kolları didim-didim didərdik
Qolumuzda qan idimi, bilməzdik
Tikan deşər, arı sancar, bezməzdik.
Aclıq idi boyun bükən dərdimiz
Yumurtayla dəf edirdik dərdi biz.
Bir qızdırma toyuqları dərdimi
Bir ovuc un, bir qazan su qaynadar
Anam bizi doyurar da, aldadar.
Utanardıq cırıq paltar geyəndə,
Hey susardıq xətrimizə dəyəndə
Biz məktəbdə boynumuzu əyəndə
Anam bizdən qabaq gözün doldurar
Dörd uşaqla bizə geri yol durar.
Dəftər idi, kitab idi dostumuz
"Səfillər"di, "Cənab" idi dostumuz
Kirisk, Mılqun və ab idi dostumuz
Göy siçanı axtarardıq hər gecə
Qəhvəyisin axtalardıq hər gecə.
Gicitkəni, cincilimi yığardıq
Altı adam bir otağa sığardıq
Yayı qara, qış boyunca ağardıq
Hər yay "bitsin, bir qış gəlsin" deyərdik
Sonra "nolar, qış da bitsin" deyərdik.
Çiynimizdə çaydan odun gələrdik
İşıq sönər, hər gün biz də ölərdik
Bir bakkuşu altı yerə bölərdik
O bakkuşu saatlarca yeməzdik
Zövq alardıq, baxışardıq, dinməzdik.
Soyuq idi, isti idi evimiz
Nəmlik idi, tüstü idi evimiz.
Pulsuzluqdu bizi udan divimiz.
O div ilə beş yaşımdan savaşdım
Bilməz idim, həyat özü savaşdı.
İllər ötdü yaşa dolduq, ad aldıq
Müəllim olduq, ata olduq, ad aldıq
Altı idik, dörd ildir ki, beş qaldıq.
Bir məzarda, beşi ayrı evdədi
Dörd uşaqdan hamı ayrı evlidi.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!