Uşaq şeirləri - Zahid XƏLİL

Nərgizgülü və qış

Qış yenə təbiətə

Topla, tüfənglə gəldi.

Qılıncını sıyırdı

Qarla, küləklə gəldi.

 

Qar üstə gülümsünən

Nərgizə bax, nərgizə.

Şeh kimi şölə saçır,

Ləçəkləri təptəzə.

 

Arabir külək vurub

Tellərini əsdirir,

Günəşin şöləsini

Ləçəyində gəzdirir.

 

Qışın tən ortasında

Parıldayan yazdı o.

Torpağın qızıl sözü

Qızıl kimi qızdı o.

 

Onu dondura bilmir

Qışın soyuq nəfəsi,

O qar üstə uyuyan

Günəşin son şöləsi.

 

"Bu şaxtaya, bu qara

Dözməz hər qız" dedilər.

Elə buna görə də

Ona "Nər qız" dedilər.

 

Öpdülər, oxşadılar,

"Nər qız", "Nər qız" dedilər.

Lap axırda yorulub

Ona "Nərgiz" dedilər.

 

Onun zərif ətrini

Yayır ətrafa külək.

Qar bir az da güclənir

Sanki vəcdə gələrək.

 

Buludlar Yer üzünə

Qardan köynək toxuyur.

Nərgiz yaz paltarında

Qışa meydan oxuyur.

 

 

Çinar

Çinar insan kimidi,

Beş barmaqdı yarpağı...

Kökü dərinə gedir,

Möhkəm tutur torpağı.

Çinara bax, uzaqdan

Xatırladır düz fili.

Amma o kölgəsində

Sərinlədər yüz fili.

Min ildən çox yaşayır

Deyirlər bu çinarlar.

Onların sinəsində

Əsrlərin sirri var.

Analar oğullara

Çinar boylum deyirlər.

Çinarla fərəhlənib

Oğulla öyünürlər.

Mənim yurdumdan başqa

Söylə görüm harda var?

Çinar kimi oğullar,

Oğul kimi çinarlar.

 

 

Külək

Yenə bağça, bağ ilə

Külək əlbəyaxadı.

Çinarın əyni qalın,

Söyüdünkü yuxadı.

Yarpaqlar göy çuxadı.

Kiminin əyni qalın

Kimininki yuxadı.

Külək əsdi, bağçanı

Kökündən silkələdi.

Yarpaqlar da durmadı,

Küləyi şillələdi.

Külək coşdu, onların

Başına kül ələdi.

 

Sarsıtdı bağça-bağı

Küləyin bu dalğası.

Əyildi, məğlub oldu

Ağacların lovğası.

Axşamacan uzandı

Onların bu qovğası.

 

Sonra yağış başladı.

Külək kəsdi səsini.

Dayandı həmin saat

Yarpaqların əsimi.

Yayıldı bağça-bağa

Bir ilk bahar nəsimi.

 

 

Gömbəgöy

Yaşıllıq

     Alıbdır

          Dünyanı

               Cənginə.

 

Bir baxın

     Yamacın,

          Çəmənin

               Rənginə.

 

Çəmən göy,

     Tala göy.

          Zəmi göy,

               Təpə göy.

 

Ağac göy,

     Yarpaq göy.

          Budaq göy,

               Gömbəgöy.

 

 

Gecə xoruzu

Gecənin sükutunu

Yarır bir inqa səsi.

O nə qarğa səsidi,

Nə bülbül zənguləsi.

O Zaurdu istəyir

Bütün şəhər oyansın.

Bu qıvrımsaç oğlanın

Qulluğunda dayansın.

Tərs doğulub deyəsən,

Axşama kimi yatır.

Gecələr dik atılıb

Yatanları oyadır.

Hikkəsi çox böyükdü

Lap ürəkdən ağlayır.

Göz yaşı yanağında

Bulaq kimi çağlayır.

Bir anda sel yaranır

Zaurun göz yaşından

Ata siqaret çəkir

Tüstü çıxır başından.

Heç yorulmaq bilməyir

Uşaq elə ağlayır.

Nənə xəcalətindən

Dizini qucaqlayır.

Qonşular döyəcləyir

Qapını taqqataraq:

-İnsafınız yoxdumu

Qoyun azacıq yataq.

Sabah dərsə gedəcək,

Yata bilmir uşaqlar.

Bir az da belə getsə

Kar olacaq qulaqlar.

Bu gecə xoruzunun

Dayandırın səsini.

Zəhləmizi tökməsin,

Kəssin zənguləsini.

Elə ağlayır, ancaq

Nə ar bilir, nə ayıb,

Tez olun, su gətirin,

İşləri xarablayıb.

Götürüb bu uşağı,

İsti suya saldılar.

O gombul yanağından

Bir öpüş də aldılar.

Gecə xoruzu yatdı,

Aləmə nur saçıldı.

Bircə anda hamının

Qırışığı açıldı.

 

 

Qara toyuq

Səhərdən cəh-cəh vurursan,

Kefin sazdı, qara toyuq.

Səsin necə işıqlıdı

Bəmbəyazdı, qara toyuq.

Kolluqda da oxuyursan,

Dərdin yoxdur, sərin yoxdur.

Qəlbinin içi çöldədi,

Deyən sənin sirrin yoxdu.

Hökmün tutub yeri-göyü,

Hardan aldın bu həvəsi.

Sanki xəzinə tapmısan

Bir toya bəs edər səsin.

Yox, yanıldım, qara toyuq.

Xəzinə batırır səsi.

Dövləti çox olanların,

Yoxa çıxır zümzüməsi.

Neylirsən dünya malını?

Xəzinə sənin səsindi,

Oxu, körpə quşçuğazım,

Oxu, bu dövlət bəsindi.

 

 

Çiçək qız

Bu qız sevir təzəcə

Açılan hər çiçəyi.

Çiçəklər də çox sevir

Bu alyanaq göyçəyi.

Bir də gördün başında

Çiçəkləri saç etdi.

Yumruladı, bəzədi,

Bir rəngbərəng tac etdi.

Qızıl söyüdlər kimi

Böyüdü, cilvələndi.

Çiçəkli saçlarından

Ətrafa nur ələndi.

Musiqi çalınanda

Süzdü kəpənək kimi.

O məktəbə yollandı

Bir dəstə çiçək kimi.

Məktəbin həyətində

Nə çox çiçək var imiş,

Demə məktəb həyəti

Böyük çəmənzar imiş.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!