Qumruların məhvi - Gülqədəm Qaraman Mirzəzadə

Poema

Proloq

 

Erkən adaxlanan qız,

Baxışların nə deyir?

Puç olmuş arzuların

Gözlərində göynəyir...

 

Könlün qan ağlayırmı

Düşdüyün əsarətə?

Susdun, boğdun səsini,

Yenildin cəhalətə...

 

Zərif biləklərinin

De, gücü nəyə çatar?

Güclənib bərkiməyə

Hələ ehtiyacı var.

 

Sən də düşündün, yoxsa,

Qızıl taxt var "O" evdə?

Mücrülər, zərli boxça

Və ağ atlı şəhzadə?

 

***

Xəyal qurmaqdan əl çək,

Xəyal gerçək deyildir.

İnsan ağılla ancaq

Çətinə sinə gərir.

 

Bizim bu hekayəmiz

Əslində cəmiyyətə -

Əsil ibrət dərsidir.

İnsanın taleyinə

Könüllü itaəti, -

Böyük faciəsidir...

 

***

Tanıyanlar o qızın

Halına acardılar,

Bu taleyin əlindən,

Qoparıb qaçardılar.

 

O qızın yaşı kiçik,

Arzuları qönçəydi, -

Hələ böyüməmişdi,

Açılmamış çiçəkdi.

 

Arzusu qucaq-qucaq,

İndi köksündə dağdı, -

O, məktəb bitirəcək,

Gələcək quracaqdı.

 

Deyir, saydığını say,

Bir gör fələk nə sayır.

Vaxt olur ki, yolunu

Doğmaların bağlayır.

 

Ata: "Oxumaq nədir,

Buna kim verir qərar?

Elçiyə "hə" demişik,

Bu söhbət bitdi, qurtar!"

"Nə yaşım var, ilahi,

Heç on altı olmayıb, -

Gözüm ata evindən

Usanmayıb, doymayıb.

 

Amma nə deyə billəm,

Sözümü eşidən kim?

Yaxşısı budur, susum,

Dərdimi özüm çəkim.

 

Bəlkə anam düz deyir,

Oxumasam da olar, -

Ər çörəyi yeyərəm,

Qohum-qardaş şad olar..."

 

Çələng arzularından

Özünə dünya qurdu, -

Ər evinə yollandı,

Böyüməmiş o qumru...

 

Dörd yandan zülm edirdi,

Qayın, qaynana, baldız,

Hər kəsin öz içində

Dərdini çəkdi yalqız...

 

Bir il keçdi beləcə,

Bu bir il keçdi necə, -

Kaş ki bu an, indicə

Kiçik yaşda olaydı,

Çantası çiynindəcə

Məktəbə yollanaydı.

 

Ancaq geriyə dönmür

yaşanmış il, keçən ay.

Zalım fələk nə deyir?

Sən öz saydığını say!

 

***

Körpəsi oldu onun,

Böyüməmiş qumrunun,

Guya dəyəri artdı

Sayəsində yavrunun.

 

Çox keçmədi sevinci

Uçub ərşə çəkildi,

Dərdin ağırlığından,

Zərif beli büküldü...

 

Xəstə idi yavrusu,

Yerimir, danışmırdı,

Əri ilə özünün

qanları uyuşmurdu.

 

"Səndə, səndədi günah,

Cəzanı da özün çək!   

Xəstəyə kim baxacaq?

Mənə deyilsiz gərək!

 

Götür uşağını da,

Atanın evinə get,

Mənə lazım deyilsiz,

Mənim evimi tərk et!"

 

O qumru böyüməmiş

Ata evinə döndü.

Xəstə uşağı ilə

Qara kölgəyə döndü...

 

Yeriməyən oğlunu,

Kürəyinə çatdı o,

Oxşadıqca boyunu,

Dərdə-qəmə batdı o.

 

Baxdıqca uşağına

Yazıq şamtək əridi,

Bütün yaşıdlarından

Uşaq çox-çox geriydi.

 

Demək, bir ömür boyu

Oğluna baxıb ancaq,

Dərdini dərdə büküb

Yaşlanıb qarıyacaq...

 

Hər gün qara telinə,

Qar kimi dən ələndi.

Könlü qubar selinə,

İztiraba bələndi.

 

Düşündü qohum, yada,

Bu dünyaya yükdü o,

İçindəki fəryadı

Lal sükuta bükdü o...

 

Susdu, susdu o qumru,

Dönüb söyləmədi ki,

Mən deyiləm günahkar!

Məni bədbəxt eləyən,

Siz oldunuz, adamlar!..

 

***

Ay mənim məsum quzum,

Dinlə, sənədir sözüm,

Bilmirdin amansızdır

Bu həyatın sərt üzü?

 

Ya vaxtında təhsil al,

Ya da bacarıq öyrən,

Taledən zərbə alsan,

Nə əl aç, nə də dilən.

 

Dilənmə yad qapıda

Bir loxma çörək üçün, -

Razı olma adına,

Bəxtinə ləkə düşsün.

 

Küsüb özü-özündən,

Taleyə boyun əymə.

Bacar, özünə güvən,

Özgə qapısı döymə!

 

Bir az dərin düşünüb

Ağılla addım atsan,

Ömrün çətin yolunda

Bataqlığa batmazsan.

 

Epiloq

 

...Kiçik yaşlı qızların

Gəlincikdən fərqi nə?

İncitməyin qızları,

Varın bunun fərqinə!

 

Dəyməyin arzusuna,

Dayanmayın qəsdinə.

Qaçırıb yuxusunu,

Yeriməyin üstünə.

 

Bərkiməmiş qanadla

Məsum ruhlu qumrular,

Yuvasını tərk edib

Görün, hara qondular?

 

Günəşin qarşısını

Kəsdi qara buludlar,

Bax, beləcə saralıb

Məhv oldu neçə bahar...

Soyuq bir qış gecəsi

Və əlacsız intihar...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!