Görünər
Ürəkdən bağlansan doğma ocağa,
Ruhun qətrə-qətrə hopar torpağa.
Yolunda ümidin dönsə çırağa,
Qarşında gecə də gündüz görünər.
Damarında axan qan atlanarsa,
Ən uzaq mənzilin alınar qısa...
Xəyalın zirvəyə qanadlanarsa,
Dərə də, təpə də dümdüz görünər.
Beşiyin fikrində yırğalanmasa,
Ömrün qışdan çəhlim salarmı yaza?!
Palıd da torpağa arxalanmasa,
Tufanın gözündə köksüz görünər.
2024
Laçına gəlmişəm
Ömür-gün yoldaşım
İradə xanımın xatirəsinə
Laçına gəlmişəm, yer-yurd arayam,
Yaddaşlarda batan hayam, harayam...
Bu yurdun yanında üzüqarayam,
Mən qoşa getmişdim, tək qayıtmışam.
Ölüm-itim nədir, bilməmişəm, ha,
Doyunca danışıb-gülməmişəm, ha...
Bu elə əliboş gəlməmişəm, ha,
Sinəm həsrət dolu yük, qayıtmışam.
Keçdiyim bir ömür yolu yuxuymuş,
Bəzən xatirələr qara qorxuymuş...
Çəkmə imtahana məni, ay yoxuş,
Daşı ətəyindən tök, qayıtmışam.
Sən də, ay Həkəri, bil, nədir dərdim,
Mənim illərimdən şən-şən ötərdin...
Bir vaxtlar şəklimi qoşa çəkərdin,
Gəl indi tək-tənha çək, qayıtmışam.
Hər cığırın, izin sinəmdə dağdır,
Ötən gəncliyimdən səsdir, soraqdır...
Hisslərim yararsız qalan torpaqdır,
Ay Laçın, di şumla, ək, qayıtmışam.
Mən qoşa getmişdim, tək qayıtmışam!..
23.07.2024
Laçından bir ovuc
torpaq gətirdim
Bağışlasın şəhid oğullarımız,
Laçından bir ovuc torpaq götürdüm.
Gözün aydın olsun, ay laçınlı qız,
Mən sənə bir ovuc torpaq gətirdim.
Gözlərim büründü qəmə, qəhərə,
Səpdim məzarına bir ovuc Laçın.
Sən həsrət qalmışdın o doğma yerə,
Qoy barı, məzarda eynini açım.
Qoy bir az azalsın sinəndə dərdin,
Əlimdən gələni elədim, nə qəm...
Həmişə oturub-durub deyərdin,
"Laçının üzünü görsəm, ölmərəm".
Yenidən nur saçdı ata ocağın,
Qohumu-qonşunu başla sorağa...
Səpdim məzarına bir ovuc Laçın,
Arzuna qovuşdun, di qalx ayağa.
Laçın həsrətiylə dərd çəkə-çəkə,
Duymazdın axşamdı, yoxsa, səhərdi.
Bilsəydin Laçına gedirəm, bəlkə,
Özün getməsən də,
Başdaşın qoluma girib gedərdi...
Bu yağış...
Getmisən!.. Yeddinci il də başa
çatmaq üzrədir... Yağışım kəsmir hələ!..
Yeddi ildir bir yağışa düşmüşəm,
Taleyimlə qan-qarğışa düşmüşəm.
Bu yağışı indi başa düşmüşəm,
Ömrüm boyu yağasıdır, yağası.
Bu yağışın üstümdə çox dili var,
Ocağımı körükləyən yeli var...
Son günümdə bir kükrəyən seli var,
Bir hayqırıb qalxasıdır, qalxası.
O göstərib mənə belə meyil, ha,
Səndən ayrı ələnmərəm deyir, ha...
Qabağını çətir kəsən deyil ha,
Axırıma çıxasıdır, çıxası.
İllərimin buluduna bələnir,
Damcı-damcı taleyimə çilənir...
O neçə ki ara vermir, ələnir,
Dərd sinəmin ağasıdır, ağası...
11.07.2023
Bu qışı da yönə verdim...
Yollarından yığdım daha gözümü,
Mən özümə həyan bildim özümü...
İlk dəfəydi həsrətin sərt üzunü
Qabaq-qənşər durub gördüm birtəhər.
Hər misrama vaxt-vədəsiz düşdü dən,
İllər kəsdi hər şerimin ömründən...
Taleyimin qapısından o gündən,
Daha yadtək gəlib girdim birtəhər.
Leysan yudu o çəhlimi, o izi,
Açılmadı sözümün bət-bənizi...
Şaxtam vurdu bənövşəni, nərgizi,
Xəyalımda çələng hördüm birtəhər.
Xatirələr sinə-sinə sinəmdə,
Qoymadı ki dərd-qəm sönə sinəmdə.
Bir əlçim qar qaldı yenə sinəmdə,
Bu qışı da yönə verdim birtəhər.
15.03.2024
Bilmirəm
Getmisən bir yuxu kimi,
Qırpanmıram kirpiyimi.
Sinəmdəki dərdi-qəmi
Kim düzər sapa, bilmirəm.
Başlayıb əcəl təlimi,
Yeri tapılıb qəbrimin...
Nalı tökülüb təbimin,
Yoxuşda çapa bilmirəm.
Fikrimdə bu çiylik nədir?!
Sözlər bir-birini didir...
Misralarım da küt gedir,
Təzədən yapa bilmirəm.
Üzümə baxmır bir gün də,
Saymazca keçir böyrümdən...
Səndən sonrakı ömrün də
Adını tapa bilmirəm.
09.06.2023
***
Getmisən...
Durub baxmışam,
Daha axrıma çıxmışam.
Əynimə xəzan taxmışam,
Tökülürəm yarpaq-yarpaq.
Hər günüm də, hər ayım da
Sürgün olub harayımda...
Ömür adlı sarayımda
Sönürəm mən çıraq-çıraq.
Düşmüşəm yazımdan ayrı,
Getmir güneyimin qarı...
Yol gəlsəm də sənə sarı,
Qabağımı kəsir torpaq.
***
Getmisən ömrümdən düz yeddi ildir,
Həsrət göynən gedir, yaman yellidir,
Gözünün yağını mənə yedirdir,
Ömrümə dərd-qəmdən şələ tutmuşam.
Sükuta dikirəm gözümü elə,
Divara deyirəm sözümü elə...
Ətrini tapmıram,
Üzümü elə
Boş yerə neçə cür gülə tutmuşam...
Gün-gün yaxınlaşır mənzilə köçüm,
Quru budaq kimi budanır içim...
Əlacım kəsilib bir görüş üçün,
Mən qara torpağı dilə tutmuşam.
03.01.2024
Ünvanın yetişməyən şeirlərim
Sevincim axsaya-axsaya qalıb,
Əlacı çəliyə, əsaya qalıb...
Ümidim alnımda yazıya qalıb,
Təbim xoş sözlərlə ötüşə bilmir.
Buludum ələnib ağ gün görmədi,
Səbrimi quraqlıq alıb, göynədir.
Ömrümün quzeyi elə gündədir,
Nə yaz, nə də ki yay səmt düşə bilmir...
Vərdişi eynidir hər səhərimin,
Ağzını çarxlayır qəm-qəhərimin.
Qədəmi qırılıb şeirlərimin,
Sənin ünvanına yetişə bilmir.
Qalmışam
Sənsizlikdən gözlərimi tor tutub,
Aramıza çəpər çəkib gor, tutub...
Güneyimi gəlib möhkəm qar tutub,
Ərimir ha, elə-belə qalmışam.
Tənhalıqmış yolların ən uzunu,
(Ölçüb-biçir alnımdakı yazını!..)
Nə müddətdir yaddaşımın tozunu
axşam-səhər silə-silə qalmışam.
Düyün düşüb daha ömrün çəmi də,
Səmt gəzirəm bir yelkənsiz gəmidə...
Sinəmdəki kədəri də, qəmi də
Mən özümlə bölə-bölə qalmışam.
Şeirimin ağzından
qan iyi gəlir
Bir mesaja cavab (İxtisarla)
Kötük diyirlədir tez-tez qarşıma,
Başım dəymir yenə əlhəd daşına.
Dönüb budaq olur könül quşuma,
Şerimin ağzından qan iyi gəlir.
Yazdan əli çıxan qar-qışdır, yoxsa,
Hər addımda mənə qaxıncdır, yoxsa,
Öz boynuma qalxan qılıncdır, yoxsa,
Şerimin ağzından qan iyi gəlir.
Yuxumda qanırır qolumu mənim,
Yoxuşa dirəyir yolumu mənim.
Hey ütür sağımı-solumu mənim,
Şerimin ağzından qan iyi gəlir.
Bəzən əli çatmır kürsülərə də,
Baş qaldırmır umu-küsülərə də...
Baxmır asılara, kəsilərə də,
Şerimin ağzından qan iyi gəlir.
Dövranın əsəni-coşanı çoxdur,
Gül-çiçəyindən də yovşanı çoxdur.
Eyninə almır ki, dovşanı çoxdur,
Şerimin ağzından qan iyi gəlir.
Bir baxmır it-pişik sürüsünə o,
Sinmir sözlərinin gerisinə o...
Bürünür Nəsimi dərisinə o,
Şerimin ağzından qan iyi gəlir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!