Uzaqda yalançı həyat - Səhər Əhmədin şeiri

Yenə çəkildim qırağa,

Yenə susdum qəflətən.

Yenə unutdum rolumu,

Yenə çıxdım səhnədən...

 

Uzaqlaşdım o gəmidən,

Balaca bir qayıqla.

Necə ki bulaq gizlənir,

Cuppulu bir oyuqda.

 

Sulara bir qarmaq atdım

Və oturub gözlədim.

Heç zaman tərpənməyəcək

O tilovu izlədim.

 

Uzaqdakı o məclisdən

Yenə səslər yüksəlir.

Gurultular, parıltılar,

Ehtiraslar yüksəlir.

 

Hərdən alqış sədaları,

Hərdən dava-dalaşlar.

Bax öldürür adamları

İddialar, təlaşlar.

 

Tuturam qulaqlarımı,

Yumuram gözlərimi.

Böyükləri anlamayıb,

Qorxan bir uşaq kimi.

 

Axı həyat orda deyil,

Burda - mənim yanımda!

Zamanın ən güvənilən,

Ən hüzurlu anında.

 

Burda - bu qaya dibində

Həqiqətlər gizlənib.

Uzaqdan yalançı həyat

Film kimi izlənir...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!