Döngə-döngə, küçə-küçə darıxdım... - Mənsur Həsənzadənin şeirləri Vasif Süleymanın təqdimatında

...Niyə darıxdığını da özündən və şeirlərindən başqa kimsə bilməzdi... Amma şeirləri sayəsində oxuyanlar da bildi, darıxdıran da...

Əslində mən də arada uzunmüddətli fasilə olanda onun şeirləri üçün darıxıram, tam səmimiyyətimlə deyirəm. Azsaylı müəlliflər var ki, az çap olunsalar da, mən onları çox oxuyuram. Şərt deyil ki, onlar tez-tez  çap olunsunlar. Əsas odur ki, onların çap olunan azsaylı şeirləri dönə-dönə oxumağa yetəcək qədər dəyərlidir. Fikir verin:

 

İncə bellim, ahu gözlüm, ay üzlüm,

Gündüz ötdü, düşdü gecə, darıxdım.

Nə uzunmuş ürəyinə gedən yol,

Döngə-döngə, küçə-küçə darıxdım.

 

Bu şeirə nə zaman, nə məkan... Şeir oxumaq istəyəndə, darıxmaq istəyəndə, belə darıxdırmaq istəyəndə oxu, ürəyindən ruhən dincəlmək keçəndə  oxu... Mənə elə gəlir ki, mən onu hər gün oxuyuram, özü də təkrar-təkrar oxuduqlarımı, sanki ilk dəfə oxuyurmuş kimi...

Unutdum ha, kimin haqqında danışdığımı deməyi... Azərbaycan Yazıçılar Birliyinin üzvü, gözəl şair Mənsur Həsənzadəni deyirəm, paylaşdıqları şeirlərə görə sosial şəbəkənin ən çox sevilənlərindən biri olan Mənsuru...

"Azərbaycan" və "Ulduz" jurnallarında silsilə şeirləri ilə çap olunsa da, hər şənbə sevə-sevə oxuduğumuz "Ədəbiyyat qəzeti"ndə imzasına rast gəlməmişəm (ya bəlkə mən görməmişəm). Bu missiyanı da mən üzərimə götürdüm. İnanıram ki, o, qəzetimizin də ən çox oxunanlarından, imzası arananlarından biri olacaq.

...Niyə də olmasın? Onun şeirlərinin ləzzətindən doymaq olur ki:

 

Eşqinə qul oldum, eşqi şah etdim,

Gündüz nalə çəkdim, gecə ah etdim.

Üç sevgi yaşadım, üç günah etdim,

Sən ən gözəlisən üç günahımdan.

 

Bütün əbədi mövzularda yazır Mənsur, başda yaradan, yaşadan və öldürən SEVGİ olmaqla... Elə o biri mövzulara da içinin sevgisini qatıb yazır:

Şeytanlar dayanıb duadan öndə,

Döndər, duaların səmtini döndər.

Bir eşqə ac olan Göyərçin göndər,

Gəlsin saçımdakı dənə, İlahi!

 

Bütün ədəbi orqanlarda çap olunmaq Mənsur Həsənzadənin halal haqqıdır. Özü tənbəllik eləyirsə, biz eləməyək, nolar ki... Nə yaxşı ki, sevgili "Ədəbiyyat qəzeti" çap olunmağa haqqı olan istedadlıların haqqını özünə qaytarıb, meydanı verib haqqı olanlara... Elə bizə də, Mənsur Həsənzadəyə çap olunmaq, mənə də təqdim eləmək haqqı... Əslində Mənsur Həsənzadənin kiminsə təqdimatına ehtiyacı yoxdur, özü kimisə təqdim edəcək qədər oturuşmuş şairdi. Mənim bu təqdimatımdan isə  qətiyyən xəbəri yoxdur, "Ədəbiyyat qəzeti" çap olunan gün biləcək...

Vasif  SÜLEYMAN

 

 

Mənsur HƏSƏNZADƏ

 

Günahımdan

 

Susmağın mənimçün cavab kimidir,

Gözünü çəkmirsən heç günahımdan.

Gülüm, günahlarım savab kimidir,

Hansını istəsən seç günahımdan!

 

Eşqinə qul oldum, eşqi şah etdim,

Gündüz nalə çəkdim, gecə ah etdim,

Üç sevgi yaşadım, üç günah etdim,

Sən ən gözəlisən üç günahımdan.

 

Hər qarış - günahdır, addım - günahdır,

Günahdır, həyatın dadı, günahdır,

Mənim ürəyimin adı günahdır,

Nə qədər gec deyil, köç günahımdan.

 

Mən nalə koruyam, mən ah karıyam,

Və bütün eşqlərin tamahkarıyam,

Dünyanın ən yekə günahkarıyam,

Buyur, bacarırsan, keç günahımdan!

 

Darıxdım

 

İncə bellim, ahu gözlüm, ay üzlüm,

Gündüz ötdü, düşdü gecə, darıxdım.

Nə uzunmuş ürəyinə gedən yol,

Döngə-döngə, küçə-küçə darıxdım.

 

Həsrət qaldım ay üzünün bədrinə,

Gün yandırdı, qovuşmadım ətrinə,

Ay Ürəyim, ürəyinin xətrinə,

Ürəyimi qoyub küncə, darıxdım.

 

Fəryadımı eşitmədi, of, Xudam,

Gərək özüm öz könlümü ovudam.

Gülüm, çox da sənə qarşı kobudam...

Xəfif-xəfif, incə-incə darıxdım.

 

Ürəyimdə lap yuxarı başdasan,

Dözəsiyəm, dönüb-dönüb daşlasan.

Sən nə zaman darıxmağa başlasan

Unutma ki, səndən öncə darıxdım!

 

Təcnis

 

Ayıq dayanıbsan söz keşiyində,

Qələmin süngüdü, əl əsgər indi.

Şairin işidi sözü ucaltmaq,

Bayrağı ucaldan əl əsgərindi.

 

Arxalı bağ saldı, arxa dağ aldı,

Adamlar arx çəkdi, arx ada qaldı,

Alovlu vaxtların arxada qaldı,

Sinəni dərdlərə, ələs, gər indi.

 

(Ruhun ərköyündü, ələsdi, nədi?...

Yaş ötür, bir üzün, ələs, dinədi,

Bel büküldü nədi, əl əsdi nədi?

Sinəni dərdlərə ələs, gər indi).

 

Ağ dan, qırmızı dan, hərdən sarı dan...

Çələng tut yaşıldan, aldan, sarıdan,

Bəlkə də, bəlkə də tək sən sarıdan

Gorda bəxtəvərdi Ələsgər indi.

 

Sev otu, ağacı, sev gülü, Mənsur,

Sev daşı, sev qumu, sev gili, Mənsur,

Sinənə çox döymə Sevgili Mənsur,

Yazdığın nə varsa, Ələsgərindi!

 

İlahi

 

Məni kim yığacaq bu yer üzündən? -

Tökülüb-itirəm yenə, İlahi!

Bütün duaları saf-çürük elə,

Özün ver sinəni önə, İlahi!

 

Şeytanlar dayanıb duadan öndə,

Döndər, duaların səmtini döndər.

Bir eşqə ac olan Göyərçin göndər,

Gəlsin saçımdakı dənə, İlahi!

 

Dönərmi, o sənə önərdiyim qız?

Dönərmi, üzümü döndərdiyim qız?

Eşqin səmasına göndərdiyim qız

Qıyma yer üzünə enə, İlahi.

 

Bax... Ay işığında şeir yazıram

Onu görəcəyim günə, İlahi!

Bizim eşqimizi ilahiləşdir,

Səni and verirəm dinə, İlahi!

 

Bu sevgi

 

Pöhrə-pöhrə, çiçək-çiçək bağ oldu,

Əvvəl-əvvəl bayram oldu bu sevgi.

Sonra dönüb saçlarımda ağ oldu,

Taleyimdə qaram oldu bu sevgi.

 

Sən gedəli ruhum düşkün hal aldı,

Hisslərim də ta şikəstdi, ta laldı,

Hə! Oyunu yaxşı qurdun, halaldı!

Axır mənə haram oldu bu sevgi.

 

Üzün, məkrin hər rənginə çevrilib,

O xoş səsin şər zənginə çevrilib.

Məhəbbətin xərçənginə çevrilib,

Sağalmayan yaram oldu bu sevgi.

 

Maraqlı yalan

 

Gəlin bir maraqlı yalan danışım,

Məzmunu başqadı, forması başqa.

Mənim yalanımın ipi fərqlidi,

Mənim yalanımın torbası başqa.

 

"Yalan ayaq tutar, yeriməz" dedi,

Ən doğru yalanı babam danışdı.

O gündən bu günə babamqarışıq

Bütün yalançılar mənə tanışdı.

 

Daha mələklərin qəmlidi könlü,

Daha şeytanların çarxı yağlıdı.

Kim deyir, qırx gündü yalanın ömrü?

İndiki yalanlar qırxayaqlıdı.

 

İndi bir sualın cavabı mindi,

Həqiqət yalanın özündən keçir.

Dunyanın ən yekə yalanı indi

Ən xırda iynənin gözündən keçir.

 

Mən də yalançıyam, şeirim baş qatır,

Hələ demədiyim neçə yalan var.

Mənim danışdığım yalan başqadır,

Yanında yalandır bütün yalanlar!

 

Yozun yalanımı, min yerə yozun,

Mənim yalanlarım yanan çıraqdı.

Şeirlər ən gözəl fikir tablosu -

Şairlər ən gözəl yalançılardı.

 

Dərdim...

 

Dolu dərdlərimi ta boşaldıram,

Ya boş buraxıram, ya boşaldıram,

İçimi çöllərə ha boşaldıram,

Azalmır ağıda, qarğışda dərdim!

 

Bu köpük dərdləri yığmaz bu kəfkir!..

Güc yox ürəyimdə, göstərə təpki.

Yazda allergiya, payızda səpgi,

İsti-yayda dərdim, qar-qışda dərdim.

 

Kim tutub burnuma bu hiss iyini?

Kim atıb ortaya sözün çiyini?

Seçsəm dərdlərimin ən kiçiyini,

Yüz filə yük olar qarışqa dərdim.

 

Hər gün qırmağını durmadan atır,

Sancılır kürəyə, sinəmdən batır.

Gözümün yaşında yuyunub yatır,

Gör, necə xoşbəxtdi balışda, dərdim.

 

Nə ömür xoş gedir, nə gəlir əcəl,

Əcəb divan tutur mənə şər, əcəb.

Ha cəhd elədimsə, səni zərrəcə

Azalda bilmədim, bağışla, dərdim!

 

Gəl

 

Sən gedəli bağım-bağçam saralıb,

Xoş ətirli çiçəyim, gəl, gülüm, gəl!

Ay eşqimin zülmkarı, lütf elə,

Bəs deyilmi bu çəkdiyim zülüm? - Gəl!

 

Gözüm - güzgü, tellərini, bax, ayır,

Könlün - saray, ikimizə taxt ayır,

Vaxtın olsa, mən baxtsıza vaxt ayır,

Olan-qalan sevgimi də bölüm, gəl!

 

Dua etdim, arzu tutdum N qədər,

Doğma nə var - o səs qədər, ün qədər?

Heç Kərəm də yanmamışdı mən qədər,

Yandı içim, külə döndü çölüm, gəl!

 

Tələlərdə, tuzaqlarda ölürəm!

Çox soyuqsan, sazaqlarda ölürəm!

Hər gün səndən uzaqlarda ölürəm!

Gəl, gözünün qabağında ölüm - gəl!

 

Elman Tovuzlunun ruhuna ehtiramla

 

Bu gün qara bağladılar adamlar,

Büdrədilər, laxladılar adamlar,

Ağı deyib ağladılar adamlar,

Bir xəzinə basdırdılar Tovuzda.

 

Bircə yol var yüzümüzün önündə,

Söz dayanmaz sözümüzün önündə,

Gündüz vaxtı, gözümüzün önündə

Bir xəzinə basdırdılar Tovuzda.

 

Axtarsalar, tapardılar Bakıda,

Ağzından söz qapardılar, Bakıda,

Bir xəzinə apardılar Bakıdan,

Bir xəzinə basdırdılar Tovuzda.

 

Ay yazıqlar, - ay şairlər, yazarlar,

Sıra-sıra qəbrimizi qazarlar...

Şıxheybətdə sevincliydi məzarlar, -

Bir xəzinə basdırdılar Tovuzda.

 

Ağladılar, ağladılar, doydular,

Sonra sözü soğan kimi soydular,

Bir dünyanı bir tabuta qoydular,

Bir xəzinə basdırdılar Tovuzda.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!