Tale yüküm
Gözlərim savaş açır
Bu taleyin oynuna.
Kədərdən hazırlanmış
Medal taxır boynuna...
Ötən xatirələrdir,
Döyəcləyir beynimi.
Ağdan qaraya verir
Gün görməyən əynimi.
Bir dalan o tərəfə
Uzaq olsa, cəhənnəm.
Günəş doğmur könlümdə
Yuyub dərdimi sərəm.
Solumdakı mələklər
Sağımdakın dinləmir.
Tutub, əl-ələ verib,
Möhnətimi dənləmir.
Bir ah çəksəm, kim olar,
Saqqalını tərpədən?
Bircə öləndə olar,
Tüklərini ürpədən.
"Bir qatar dərd" deyimin,
Yaxşı anlayıram mən.
Vaqon-vaqon kaş düşüb
İxtiyarsız gözümdən.
İtirdiyim gülüşüm
Yadlaşıb dönür mənə.
Bu özgəlik fonunda,
Həyat dönmür gülşənə.
Qurumsaq qədərimin,
Üzü dönükmüş, yaman.
Həmişə çətinliklə
Edir məni imtahan.
Gözümün qapağından
Sallanır tale yüküm.
Dərdlərimdən yüngüldür
Lənətə gəlmiş çəkim.
Sən məni nə axtar,
nə də soraqla
Gəl, sənə sözümün düzünü deyim,
Sən məni nə axtar, nə də soraqla.
Göylərə sovrulan arzum, diləyim,
Sən məni nə axtar, nə də soraqla.
Hər ömrün qisməti qədərdən keçir,
Kimi sevinc dərir, kimi qəm biçir.
Nakam məhəbbətim qəlbimdən köçür,
Sən məni nə axtar, nə də soraqla.
Ney şivən qoparsın, sızlasın kaman,
Ömrümün baharın eylədin talan.
Gerçəyim yalandır, ümidim güman,
Sən məni nə axtar, nə də soraqla.
Əlimi həyatdan sən qoparanda,
Canımdan ayrılıb can aparanda,
Köçən durnaların son qatarında
Sən məni nə axtar, nə də soraqla.
Hər bitən ağacda bar ola bilməz,
Simlər dillənməsə, tar ola bilməz
Daha məndən sənə yar ola bilməz,
Sən məni nə axtar, nə də soraqla.
Çiynində
Arzum budur, son mənzilə görüm ki,
Mərd adamı mərd aparır çiynində.
Görməyim ki, düz ilqarlı adamı
Bir nanəcib fərd aparır çiynində.
Zalım fələk, küsülüyəm səninlə,
Əzəl gündən əzdin məni kininlə.
Bu dünyadan kim bərabər mənimlə
Qalaq-qalaq dərd aparır çiynində?
Tanrım, sənin dərgahına gəlim ki,
Dua edim, günahımı silim ki,
Bu dünyadan köç edəndə bilim ki,
Məni bütün yurd aparır çiynində…
Yeridir
Ağ atın belində çapan taleyim,
Bu yerlər sevgimin bitən yeridir.
Coşqun dənizlərin ənginliyi də,
Dəli sevdamızın itən yeridir.
O vaxtdan yazmışam eşqimə ağı,
Ürəkdə yurd saldı hicranın dağı,
Anladım, qismətin ən gözəl çağı
Tanrı dərgahına yetən yeridir.
Kinoya çəksələr məhəbbətləri,
Tapşırın, qırsınlar bizim lentləri.
Bu filmin ən gözəl fraqmentləri
Gözümün önündən ötən yeridir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!