Söz otağı... - Gülxani PƏNAH

Azərbaycan Yazıçılar Birliyinin

Məsləhətçilər otağını "Söz otağı" adlandırırlar

 

Söz otağı,

            Söz otağıdır bura,

Bir əsrə yaxın ömrü olan söz otağı.

Burda sözlə fərmanlar verilir -

            Ölüm fərmanı,

            Olum fərmanı,

            Mərd fərmanı,

            Dərd fərmanı,

            Qəm fərmanı,

            Qəlb fərmanı...

Söz mülkünün sultanları,

            süleymanları,

balaşları, fikrətləri, abbasları

söz otağından çıxıblar.

Çexovun "Şinel"indən yox, 

Çıxıblar Ozan, Qorqud

            elindən çox...

Bu "Söz otağı"nda sözlə başlar kəsilib.

Ovulub, toz kimi olub,

            sözdən daşlar kəsilib.

 

Burda taleyindən gileylənib balaşlar,

Söhrab tahirlər, Mədinə gülgünlər,

            büllürilər...

Burda azadixahlar yetişib,

Burda talelər qara daşlara ilişib...

Sözlə külüng çalanlar

dərdi - həsrəti xışmalayıb, sinəsinə yığıb

            içinə salıb...

Sözdən heykəl qoyub həsrətinə, qəminə,

Dözüb sözün qüdrətinə -

            "zil"inə, "bəm"inə...

 

Burda - bu "Söz otağı"nda

söz sərrafları fikir ayrılığından

sözünün üstündə söz deyəni ağrıdıb...

Söyüblər bir-birinə, hətta üzlərinə...

İsiniblər, qızınıblar öz odlarına,

            közlərinə!

Şəhriyarın harayına hay veriblər,

Təbriz dərdi püskürəndə

"ah, Vətən" - deyib, hay veriblər.

Döyüşə hazır olublar qələmiylə,

            sözüylə!

Nələr görüb bu otaq...

Haqqı yeyilənləri,

şöhrətinə kəm baxanları,

sənətinə həsəd aparanları.

Hansı birini yada salım,

Qurdaladıqca nələr çıxır

            söz otağından.

Fikrət Sadıq,

Musa Yaqub,

Zəlimxan Yaqub...

Kimlər, kimlər boylanır yatağından.

Əlində qələmi əsən,

Qocalıq qapısın kəsən.

Söz mülkünün sultanları

bu söz otağından çıxıb.

 

Bu otağın min bir qulağı var,

Qatı açılmamış sözlər eşidib.

Sözlər deyirəm...

Qeylü-qal, qeybət yox... söz eşidib.

Söz deyirəm - qılıncdan iti,

xəncərdən kəskin,

bıçaqdan sərt,

mərd sözlər - mərd.

 

Ara-sıra yuxuma girir -

bu söz otağı gecələr.

Mən də bu otaqdayam illərdir.

Həmsöhbət olmuşam

Balaş Azəroğluyla,

Qabillə,

Nərimanla,

Hüseyn Abbasla,

Abbas Abdullayla,

Fikrət Sadıqla...

Zəmanəmizin qorqudları,

Xaqanları,

Nizamiləri,

Xətailəri...

"Söz otağı"nın sakinləri.

Özləri dünyasını dəyişsələr də,

otaq həmən otaqdır.

Hər kəsin mizi yerində,

stulu yerində,

səsi-ünü həkk olunub

hər tərəfə,

            dörd divara...

Bu otağın hər qarışı - hər yanı

            sözdən yoğrulub.

Bu otaq "söz otağı" olandan

            yenidən doğulub.

Çıxıb adı otaq çevrəsindən,

"Söz otağı" olub.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!