Hörmətli Azər müəllim! Mənim atam Məhərrəm Böyükkişi oğlu Babayev (1924-2007) uzun illər Gədəbəy rayonunun Dəyəqarabulaq kənd səkkizillik məktəbində müəllim işləmişdir. O həm də el şairi kimi tanınırdı. Vaxtaşırı xalq şeiri janrlarında "Emir Məhərrəm" imzası ilə şeirlər yazardı. Bu günlərdə onun arxivini nəzərdən keçirərkən, görkəmli şairimiz Bəxtiyar Vahabzadəyə həsr etdiyi bir şeiri əlimə geçdi. "Şair o şairdi..." sərlövhəli həmin şeir 14 may 1973-cü ildə qələmə alınmışdır. Həmin şeiri sizə göndərirəm. Məsləhət bilsəniz, qəzetinizdə dərc etməyi rica edirəm.
Hörmətlə,
Yaqub Babayev
Filologiya elmləri doktoru,
professor, Əməkdar müəllim
Şair o şairdi...
Şair o şairdir şerə yol açsın,
Qartal zirvələrə yol açan kimi.
Misrası zərbəni dalbadal açsın,
Koroğlu meydanda qol açan kimi.
Şair o şairdir bir yolçu olsun,
Könüllər oxşayan nəğməkar kimi.
Anadan yollara bələd doğulsun,
Yolçular önündə bələdkar kimi.
Şair o şairdir bircə baxımda
Neçə ürəklərin sirrini açsın.
Dağlar seli kimi bircə axımda
Qəlbində bir dünya götürüb qaçsın.
Şair o şairdir od arasında
Özünə yol açsın bir aslan kimi.
Onun hər sözündə, ixtirasında
Bir cahan doğulsun bu cahan kimi.
Şair o şairdir həqiqətləri
Bir anlıq şöhrətə, şana satmasın.
Tapdanan görəndə ədalətləri
Ürəyi od tutsun, rahat yatmasın.
Şair o şairdir riyakarlığa
Zərbələr endirsin bir düşmən kimi.
Çıxsın çətinlikdən, düşsə darlığa,
Günəş buludlardan görünən kimi.
Şair o şairdir onun sinəsi
Dürrülər gizlənən dəryalar olsun!
Şair o şairdir onun nəfəsi
Qışı yaz eləyən bir bahar olsun!
Şair o şairdir öz əqidəsi,
Məsləki, istəyi, öz yolu olsun!
Göstəriş verməsin ona özgəsi,
Onun nur zəkası, düz yolu olsun!
Şair o şairdir hər amalında
Xalqına yarasın bir məlhəm kimi.
Vətənin, millətin eşqi yolunda
Ömrünü əritsin yanar şam kimi.
Şair o şairdir gizli sirlərə
Dili iti olan bir açar olsun!
Tarixdə bəxtiyar düşsün dillərə,
Adı da, özü də Bəxtiyar olsun!
14.05.1973
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!