Dədə Ələsgərin heykəli önündə düşüncələr - Yusif NƏĞMƏKAR

Poemadan parça

Qalxıb oyan, Oğuz babam,

Min illərin yuxusundan.

Gör ki, sancılıb el-obam,

Yurdun zəfər yaxasından.

 

Saz niyazdı, söz murazdı,

Heykəlləşib daş üstündə?!

Elə bil qorlanan közdü,

Alovlanır yaş üstündə.

 

Göyçədən Bakıya gəlib,

Aləm görkünə yığışıb.

Dünyaya sığmayan talib,

Sözün ərkinə sığışıb.

 

Sazı qaldırıb səmaya -

Sənət ünvanı göylərdi.

Hər şeydən uca Mövlaya,

Ələsgər üz tutan pirdi.

 

Heykəl ucalıb, artıbdır,

Sanki minib söz atına.

Pyedestalı kök atıbdır,

Torpağın həsrət qatına.

 

Həm dərvişlik, həm sufilik,

Həm irfanlıq nişanıdır.

Həm təsəvvüf-yahulilik -

Ümman təbin daşanıdır.

 

İntizarın gücü hanı,

Vəsl hökmündə xışmalanıb?!

O yaşıl bağın hər yanı,

Təcnislənib, qoşmalanıb.

 

"Misri"yə bax-girib cəngə,

Dədə gözündə qəm sönüb.

Hüzuruna dönən döngə,

O dildönməzindən dönüb.

 

Kədər buludunu yaran,

Pərdələrdə mələk səsi.

Simlərə təzənə vuran,

O sol əl-ürək şaxəsi.

 

Nəyə gərək bu qan-qada?!

Ucalsın Haqqın sarayı!

Tut çanaqdan qalxan nida,

Nuhun, Adəmin harayı.

 

Şimşək çaxır baxışında,

Yenə çağlar söz çeşməsi.

Bir talenin yoxuşunda,

Baharlanıb yüz çeşməsi.

 

Od qəlbi çırağım kimi,

Mərd duruşu-əzəm qəti.

Üçrəngli bayrağım kimi,

Dalğalanır əzəməti.

 

Vətəni seyr etmək üçün,

Anır Yurd şəhidlərini...

Havacat öyrətmək üçün,

Səsləyir şəyirdlərini.

 

Saz qopuzu dinəndə də,

Köksünü gərib ahlara;

Tunc heykələ dönəndə də,

Baş əyib ölməz ruhlara!..

 

Qəlbində gözəllər odu,

Qadalar canına düşər.

Yenə "sınıb qol-qanadı",

Aşiqin yanına düşər.

 

Türkün ozan, sənət kanı,

Taxt üstündə nurdu burda.

İki dünyanın sakini,

İki vətən birdi burda.

 

Odur Tanrıdan butalı,

Ruh övliyalar arbası.

Yağıya divan tutalı,

Ələsgər hərbə-zorbası.

 

Baş üstündə saz - baş fikir,

Xəbərdir ulduza, Aya...

Sükutuyla haray çəkir,

Mesaj göndərir dünyaya...

 

Borçalı-bir telin bəndi -

Ötən havaçat uğuru...

O "Təbrizi", o "Dərbəndi",

Köhnə "İrəvan çuxuru"...

 

Şah Xətai söz sarvanı,

Tüm sultanlı, xanlı burda.

Xəstə Qasımla Qurbani,

Abbas Tufarqanlı burda.

 

Bir dön, xatırla ötəni,

Yum gözünü, xəyala dal.

Burda ozan Heydər tənü,

Sufi Şeyxi Miskin Abdal.

 

Gəlsin ozanlar bu vədə,

Törəni-amadə görsün.

Ulu ozan Qorqud dədə,

Xələfini dədə görsün!

 

O, sirrimiz, ofsunumuz,

Avazında süslər bizi.

Saf kökümüz, ulusumuz,

Ulu yurda səslər bizi.

 

30 sentyabr 2024-cü il

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!