Bəxtdən gələn bir yazıyla çıxdım ömür səfərinə... - Firuzə Məmmədlinin şeirləri

Səfər

 

Bəxtdən gələn bir yazıyla

çıxdım ömür səfərinə:

Qarşıdaydı Şuşa taxtım, -

yolları gözümə taxdım.

Qartal kimi dağlar qalxdım,

çaylar kimi dərə axdım.

Endim, qalxdım,

qalxdım, endim...

Allah! Allah!

Yer üzünə göydən baxdım.

Qarabağın yollarını

qoluna dolayıb getdim.

Deyən elə uça-uça

gözlərimi yuma-aça

zirvələrə uçuş etdim,

bu dağların, bu düzlərin

oba-oba, mənzil-mənzil

yarasına öpüş etdim.

Gəldim sənə, bacım Şuşa

taxtım Şuşa, tacım Şuşa.

 

Yaddaşım

 

Yaddaşım məni aldadır,

Daş deyib yadlara atır.

Gah heç nədən ara qatır,

Gah yaddan çıxır yaddaşım.

 

Bilmir nədir uzaq-yaxın,

Ta andı-fəndi - bu yaxam.

Mən belə yaddaşla yoxam,

Canımı sıxır yaddaşım.

 

Nəyi hara qoydum, bilmir,

Hənək bilmir, oyun bilmir.

Elin yasın, toyun bilmir,

Dəyəmi yıxır yaddaşım.

 

Taqət deyil ayağıma,

Çiyin vermir dayağıma.

Görmədiyim oyağıma,

Gördüyüm yuxu yaddaşım.

 

Deyirdi

 

Yəni doğrudanmı vardı o günlər, -

Hər anı, saatı şeir deyirdi?!

Eh çalıb-çağıran tardı o günlər,

Elə gələcəkdən deyir... Deyirdi.

 

Şerə vurğundu, elmə vurğun,

Nə zəif düşərdi, nə də ki yorğun.

Əlləri cavabdı, fikri sorğu,

Şərə rəml atsaydı, xeyir deyirdi.

 

Canında naz yoxdu, dilində zəhər,

Ölüb-dirilirdi içində qəhər.

Yuxusuz gecədən çıxıb birtəhər,

"Səhər qıpımızı döyür", deyirdi.

 

Yəni doğrudanmı olub o günlər? -

Min arzu, min ümid dolu o günlər.

Eh, ağıl, dərrakə yolu o günlər,

"Durma, yaz, gözünü doyur" deyirdi.

 

Mirvari - hər sözü, inci - hər sözü -

Deyən, daşdan çıxır indi hər sözü.

Könlünün bucağı, küncü hər sözü

"Vaxt məndə özünü öyür," deyirdi.

 

Yalan yaşımsan

 

Gözümdən işığı, dilimdən sözü,

Ömrümdən illəri alan yaşımsan.

Neynim ki, canımı, heyimi üzüb,

Fikrimdə, zikrimdə talan yaşımsan.

 

Səndə nələr gördüm, özün bilirsən,

Çəkdiyim nə varsa, dözüm bilirsən.

Dünyanın hər sirrin, sözün bilirsən,

Deyən, anam yaşım, balam yaşımsan.

 

Qaldım saya-saya daş ümidləri,

Sərsəm ümidləri, çaş ümidləri.

Əvvəldən biləydim, kaş, ümidlərin

Elə sonucuna qalan yaşımsan.

 

Ölüb-dirilsək də biz bu yolboyu,

Neçə il yaşadıq sənlə qolboyun.

Çox da qürurlanma - Tanrı bol qoyub,

Sən də dünya kimi yalan yaşımsan.

 

Ürəyim

 

Ürəyim pis-pis döyünür,

İçində min hiss döyünür.

Gah kədər, gah hirs döyünür,

Elə diltəng edir məni.

 

Aça bilmirəm sirrini,

Unudub, tapmır yerini.

Hərdən sarsağın birini,

Yada salıb didir məni.

 

Bir də gördün, saxta vurur, -

Solda durub, sağda vurur.

Deyirsən bəs, taxta vurur...

Sökür sətir-sətir məni.

 

Bitəmmir gözləməyi də,

Tükənmir "döz" deməyi də.

Bir ömürlük əməyi də

Deyir, haqqa yetir məni.

 

Sənək deyil, suda sına,

Mən sınamsa, o da sına.

Günə həsrət odasına

Niyə edib çətir məni?!

 

Nə günü, nə güzarı var,

İçində qəm bazarı var.

Bilmirəm, nə azarı var,

Deyir, öldür, itir məni.

 

Gətir

 

Ailəsindən uzaq

düşənlərə

 

İnadın dağa dirənib,

Gözündən həsrət ələnir.

Aşır yolundan bərəni,

Sənsizə özünü yetir.

 

Qayıt gəl ev-eşiyinə,

Qayıt körpə beşiyinə.

Sənsiz qəlbi üşüyənə,

Bir isti sözünü gətir.

 

Vardı yoxun, vardı varın,

Üz tut qismətinə sarı.

Bu yolun, bu da - qatarın,

Gəlişin tezini yetir.

 

***

Yenə günün qarasını

Sürtüb təmizləyəmmirəm.

Buza qoyum, duza qoyum,

Pörtüb təmizləyəmmirəm.

 

Tanrı aça haqq qapısın,

Bir uğurlu vaxt qapısın.

Mən bu qara baxt qapısın,

Örtüb təmizləyəmmirəm.

 

Elə şəri xeyir eləyir,

Dərd əridib şeir eləyir.

Gendə durub seyr eləyir,

Yetib təmizləyəmmirəm.

 

İlahi

 

Neynirdin, neynirdin pis adamları,

Xəbis adamları, hirs adamları?

Qırıb çatırdınsa biz adamları,

Niyə yaradırdın, niyə, İlahi?!

 

Bilirik, şeytana uyanların var,

Haqqın günahını yuyanların var.

Əlinin üstə əl qoyanların var,

Durmusan onlara yiyə, İlahi.

 

Sənin bu halına nə ad qoyaq, nə?

Çaşbaşıq, bilmirik, baş nə, ayaq nə.

Bu ömür deyilsə, bəs nə sayaq, nə?

Nəyə inam olaq, nəyə, İlahi?!

 

Bizi görürmüsən? Biləmmirik ta,

Bəxt üçün əl açıb dilənirik ta.

"Yer" adda möhvərdən iyrənirik ta,

Çək apar bizləri göyə, İlahi.

 

Yalvarıb-yaxarmaq xislətim də yox,

Malından-mülkündən qismətimdə yox.

Sırtıqlıq abrımda, ismətimdə yox,

Qalmışam başıma döyə, İlahi.

 

***

Bəli, küy deyiləm, kələk deyiləm,

Ərkim özümdədir, fələk deyiləm.

Lap kin-küdurətəm, mələk deyiləm,

Kimsədən söz çəkmir, söz gəzdirmirəm.

 

Axarım-baxarım hələ ki, kordu,

Ta yol gözləmək də gözümü yordu.

Xan ol, ya sultan ol... Axırı gordu,

Odur ki, sirlərə göz gəzdirmirəm.

 

Şöhrət dilənmirəm, şan dilənmirəm,

Can verib, yerimə can dilənmirəm.

Halalca haqqımdı, mən dilənmirəm,

Yük deyil... Çiynimdə naz gəzdirmirəm.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!