Sevgisi gözündən daşan adamam... - Əsəd Təhləlinin şeirləri

Az daşdanmamışam ha...

 

Kələ-kötür bu yolda

Az daşdanmamışam ha.

Üstümdən keçib getmə,

Az xışdanmamışam ha.

 

Eh, heç isindirmədi,

Üşütdü neçə baxış.

Külək döydü-budadı,

İslatdı yağan yağış.

 

İşığını bəri sal,

Gecələtmə aranı.

Gəl, gəl, sən ağ günlərim,

Dincə qoyum qaranı.

 

Bilmədim yaz, yay nədi

 

Mən ömrü qış yaşadım,

Bilmədim yaz, yay nədi.

Çox dəyişdi vaxt-vədə,

Seçmədim gün, ay nədi.

 

Yuxulatdı nağıllar,

Uçdu başdan ağıllar.

Ara qatan çuğullar,

Bu səs, bu haray nədi?!

 

Ay adam, de, nə sirdi,

Üzlər yüz dona girdi?!

Kimin baxtı gətirdi,

Kimin dərd, "bay"... nədi?!

 

Alov-alov sönmək üçün gəlmişəm

 

Yerli-yersiz çox düşmüşəm oyuna,

Suyum axmaz hər könülün noyuna.

Geniş açıb qollarımı boyuna,

Pərvanənə dönmək üçün gəlmişəm.

 

Keçən ömrü dolu ömür sanmadım,

Nə umdumsa, gizlətmədim, danmadım.

Alov-alov köynək geydim, yanmadım,

Alov-alov sönmək üçün gəlmişəm.

 

Aysan, Günsən, gəl, nuruna sarılım,

Bu zülmətdə bağrı niyə yarılım?!

Bir din, danış, qoy sükutu qırılım,

Sükut dili dinmək üçün gəlmişəm.

 

Yaman darıxmışam

 

Gecəm ulduzsuzdu, gündüzüm günsüz,

Söylə, kar olmazmı qulaqlar ünsüz?!

Həsrətin oynadır toysuz-düyünsüz,

Yaman darıxmışam mən səndən ötrü.

 

Gözümün qapağı yuxuya enmir,

Dili düyünlənib, könül ta dinmir.

Yediyim, içdiyim canıma sinmir,

Yaman darıxmışam mən səndən ötrü.

 

Yolu ayağının altına yıx, gəl,

Neçə xatirəni bağrına sıx, gəl.

Günləri bu qədər uzatma, çıx gəl,

Yaman darıxmışam mən səndən ötrü.

 

Gülmək olmur, ağrın alım

 

İçi-dərd qəm qaynadırsa,

Gülmək olmur, ağrın alım.

Üzə çırpılan qapıya

Gəlmək olmur, ağrın alım.

 

Yıxdıq ömrün dirəyini,

Yerə vurduq kürəyini.

Heç kimsənin ürəyini

Bilmək olmur, ağrın alım.

 

Tora düşdük addımbaşı,

Məmur oldu nadan, naşı.

Hər gözdən süzülən yaşı

Silmək olmur, ağrın alım.

 

Sevgisi gözündən

daşan adamam

 

Kim necə istəyir, o cürə yozsun,

Sevgisi gözündən daşan adamam.

Sevinci ayaqdan dizə qalxmayan,

Kədəri boyunu aşan adamam.

 

Gülə tay tutmayan otu, samanı,

Seçən bir baxışdan yaxşı, yamanı,

Könül adamını görən zamanı,

Dünyası özündə çaşan adamam.

 

Naşıya oxunmaz qələm əkdiyi,

Bitməz hər torpaqda əlin səpdiyi.

Haqqı yeyənlərin dara çəkdiyi,

Ürəyi, hövgəsi şan-şan adamam.

 

Uzaqlaşmısan

 

Elə düşünmə ki, özündəsən sən,

Nə vaxtdı özündən uzaqlaşmısan.

Könlünün istisi, od-ocağıydım,

Odundan, közündən uzaqlaşmısan.

 

Çıxmaq olmur ömrün duman-çənindən,

Saçım naxış tutdu həsrət dənindən.

Əlini əlimdən çəkən günündən

Qaşından, gözündən uzaqlaşmısan.

 

Hara gedilər ki, hara, bu heylə?

Yağışını saxla, dolunu əylə.

Yolunu sözünə yaxından eylə,

Söz anddı, sözündən uzaqlaşmısan.

 

İnandım

 

Eh, nə deyim bu aldadan zəndimə,

Neçəsinin hər sözünə inandım.

Səmimiyyət görmədim ha, çoxunun

Gülümsəyən hər gözünə inandım.

 

Gecə-gündüz od qalıxdı canımdan,

Zəli kimi çox içdilər qanımdan.

Ağrı-acı əskilmədi yanımdan,

Dərdin, qəmin hər üzünə inandım.

 

Könül deşən oxları var sitəmin,

Yollarını yağış döydü binəmin.

Zirvəsini duman alan sinəmin

Hər dağına, hər düzünə inandım.

 

Daha itiribdi

tamını çox şey

 

Demirəm ha, kimsə qucaq açıbdı,

Gözümə, könlümə işıq saçıbdı,

Daha çox şeylərin dadı qaçıbdı,

Daha itiribdi tamını çox şey.

 

Əkilən hər ağac verməyir ki, bar,

Olmaz bu deyimi eyləyən inkar.

Sinəsi dağlardan ağır dərdli var,

Söndürür alışan şamını çox şey.

 

Lap yüz yol yalvar da, lap min yol söy də,

Göyə çıxan ahlar qalan döy göydə.

Dünya dediyimiz yiyəsiz öydə

Aldadıb, aldadır hamını çox şey.

 

Neynim, özgə cürə

ola bilmirəm

 

Görünən hər şeyə gözüm, könlüm tox,

Dünya sərvətinə heç tamahım yox.

Mən eşqli adamam, "qorxuluyam" çox,

Neynim, özgə cürə ola bilmirəm?!

 

O qədər boğub ki, iztirab, qəhər,

Gecəm ötüşübdü yuxusuz təhər.

Ağzım yalvarışla açılıb səhər,

Neynim, özgə cürə ola bilmirəm?!

 

Yellikdə dən deyil, gün sovurmuşam,

Qəmdən maya tutub, dərd yoğurmuşam.

Həsrətdə, hicranda can qovurmuşam,

Neynim, özgə cürə ola bilmirəm?!

 

Düşünmə ki, bu boş gileydi, gapdı,

Ürəyim göynək də, ağrı da tapdı.

Baxışım durudu, tamahım safdı,

Neynim, özgə cürə ola bilmirəm?!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!