Akademik Nizami Cəfərovun 65 illiyinə
Onda görüşdürdü bizi bu dünya,
indi də bilmirəm bu qismət nədir?!
Onda -
Zəlimxandan Vağzal Poyluya
çimməyə gəlirdin Kürdə, arabir.
O il də - illərin isti yayıydı,
çöldə od düşmüşdü, yanırdı qoruq.
Təbəssüm - üzündə Tanrı payıydı,
mənə də pay düşdü,
biz tay-tuş olduq.
Ayrıldıq o vaxt ki, dəyişdi həyat,
qoynuna səslədi bu dəfə Bakı.
Ali məktəb idi, Universitet,
bizim görüş yeri -
Kürdən sonrakı!
Şairi məniydim, alimi də sən,
özümüz səmimi, fikrimiz oyaq.
Yenə üzündəydi o təbəssümün,
suallar verirdin,
bu dəfə ancaq.
Sonra, "Ədəbiyyat və İncəsənət", -
qəzet buraxırdıq, sən gəldin bizə.
Zehninə vuruldum,
bilirdin, əlbət,
bu da yazılıbmış taleyimizə.
Mən dahi demişdim bir dəfə sənə,
nəydi, haqqdan gələn bu töhfə sənə?!
Dediyin o sözlər yadımda qaldı, -
"Beləsə",
doğruldum gərək bu adı".
Nizami, yaş ötdü, dəyişdik, amma
arabir mənim də yol çəkir gözüm.
Dediyin sözləri salır yadıma, -
üzündə gördüyüm
Tanış Təbəssüm.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!