Yaz gəlir
Ovcumu tuturam yaz yağışına,
Dönür damcılar da quş baxışına.
Əyilib qoyuram üz yoxuşuna,
Duman çətirini üstümə tutur.
O beşik dərələr könül ovudur.
Deyəsən, yaz gəlir,
Yer xumarlanır.
Gül-çiçək tökülür yala, yamaca,
Yüz sınıq ürəyi bir gül ovudur.
Dağılır dumanı, çəkilir tültək,
Açılır üfüqdə günəş bir gültək.
Torpaq hənirlənir,
Bahar tələsir,
Suvanır torpağa yaz bu könültək.
Üzü çiçək-çiçək açılır torpaq,
Hər yana gül səpir yaz qucaq-qucaq.
Torpaq hənirlənir,
Bahar tələsir,
Dağlardan ətəyə yaz yeli əsir.
Baxıb göy üzünə güzgülənir yer,
Torpağın könlündən süzülür şeir.
Yaz gəlir, durulur torpağın rəngi,
Durulur çiçəyin, yarpağın rəngi.
Torpaq hənirlənir,
Əriyir yamacda qar da, yaz gəlir.
Bilirəm, orada - qışdı könlündə,
Orda ayrı bir qış, burda yaz gəlir.
Yuva
Budaqdan sallanırdı
Köhnə bir quş havası.
Adamın içindən bir səs qopdu,
Düşdü qonşu həyətə
Gurultuya bir qadın çıxdı.
O, səsi ovcuna götürüb
Bükdü könlündəki şəfqətə,
Sonra evə apardı.
İsindi evin havası.
Qadın üstünü soyundu,
O səsi aldı qoynuna.
Adam evinə döndü,
Soyumuşdu evin havası.
Pəncərədən çölə baxdı,
Uçmuşdu ağacdakı quş yuvası.
Sevdim
Bağışla, mən səni ürəkdən sevdim,
Öyrəndim sevməyi mələkdən, sevdim,
Göstərə bilmədim sənə sevgimi,
Geydiyim yalınqat köynəkdən sevdim.
Kaşanə vermədin, bir koma verdin,
Verdiyin koma da tüstümə uçdu.
Dünyanın dərdini üstümə sərdin,
Arı şirə bilib üstümə uçdu.
Dağını, dərəni, düzünü sevdim,
Ömrümə od vurdun, közünü sevdim.
Kimi çörəyini, kimi duzunu,
Mən sənin,
Mən sənin özünü sevdim.
Necə gəlim?
Bir ümid kəndiri uzatdın,
O kəndirdən asılı qalmışam.
Baxa bilmirəm kimsənin üzünə,
Özümə qısılıb qalmışam.
Şəhid olsa idin, şeir yazardım,
İndi
Əlim qoynumda qalmışam.
Cümə axşamında, yeddində,
Lap qırxında gələrdim.
İlin çıxanda gələrdim.
İndi hansı ümid küçəsində yaşayırsan?
Neçə ev,
Neçə döngə,
Neçə küçə gəlim?
Verdiyin ümiddən
Asılı qalmışam,
İndi necə gəlim?
Azərbaycan bayrağı
Zirvələri qayalaşan, sərtləşən,
Buludlarla söhbətləşən, dərdləşən
Bir məmləkət.
Nəğmələri mavi Xəzər dilində,
Ləpələnər hər səs incə telində.
Havası bar-bərəkət,
Günəş odu-ocağı,
Şəfəqləri Azərbaycan bayrağı.
Yazı çiçək, payızında gül açan,
Küləklənib Əlincədə dil açan
Bir məmləkət.
Şərur, Kəngər, Ordubad bir qoludur,
Şahbuz, Culfa, Təbrizəcən yoludur.
Ləhcəsi bal-şəkərdir,
Haçadağ dil-dodağı,
Savalandı Azərbaycan bayrağı.
Yaxasında od götürən, qorlanan
Qüzey qarı Şahdağında xarlanan
Bir məmləkət.
Şabran, Nabran söz cığırı, söz yolu,
Könlü sərhəd qırağı,
Qoca Dərbənd Azərbaycan bayrağı.
Tərtər, Bərdə, Ağdam, Şuşa, Xankəndi,
Axşamüstü göydə günəş, yer çəndi,
Məmləkətim Qarabağ -
Bu muğamat ocağı,
Dalğalanır səhər, axşam
Qarabağda Azərbaycan bayrağı.
Səhər çıxıb, axşamüstü dönəndə,
Ana yurdum, günəş doğur sinəndə.
Sən ağüzlü məmləkət,
Sən Günəşin ortağı,
Yerdi, göydü Azərbaycan bayrağı.
Qurumuş budaqlar
Qurumuş budaqlar bir də göyərməz,
Yaşı, yaşılı var, haqq nəzərində.
Göyərsə, göyərər, yerdə göyərməz,
Göyərsə, gün görməz yer üzərində.
Qurumuş adamlar qol-budaq atmaz,
Doğum günlərində bir daşdan baxar.
Quyruğu qırılmış kərtənkələtək,
Bir daha göyərməz, göyərib artmaz,
Yazı sel gətirər, qar-qışdan baxar.
Doğar qaranlıqdan çıxan kölgələr,
Kölgələr göyərər adam yerinə.
Hər kölgə alışar bir şam yerinə,
Qurumuş ağaclar adama dönər,
Köksündən ay doğar axşam yerinə
Yaşıl minarədən göy qübbəsinə
Toxunub qayıdan səsdi bir anlıq.
Bu saat, bu an
Yer də qaranlıqdı, göy də qaranlıq,
Bir də qaranlıqlar göyərməz bəlkə,
Çıxar qaranlıqdan gör, neçə kölgə.
Bu aylı gecədə, yay axşamında,
Qurumuş budaqlar bəlkə göyərdi.
Bu yağı qurtarmış köhnə şamın da,
Əgər öləziyən titrək nurunda
Bir budaq göyərsəydi,
Bir budaq yüz sönmüş şama dəyərdi.
Qurumuş ağaclar bir də göyərməz,
Göyərsə, yerdə göyərməz.
Akif Səməd göyərəcək
Qazaxda bir başdaşı var,
O daşa su versən,
Daşdan həsrət göyərəcək.
O daşdakı qafiyəni
Sevgi ilə suvarsan,
Şeirdən səmimiyyət göyərəcək.
Bu səmimiyyət
Dolaşıb adamlara, qalxacaq,
Ah, bu günəş işığı
Ömründə bir gün görəcək.
Daşın yaxasında
Şəkləbənzər ömür sürəcək.
Bir şair daşdan baxacaq.
Şairə "azadsan" demə,
Hecalardan cəsarət göyərəcək.
Qazaxın bu ucunda
Şeir toxumu əksən,
O biri ucundan
Akif Səməd göyərəcək.
Bu, başqa payız
Nə yarpaqlar saraldı,
Nə çiçəklər qurudu.
Günlər günəşli keçir,
Göy üzü dupdurudu.
Arxların qırağında
Üzümə gülür yarpız.
Heç payıza oxşamır,
Bu payız başqa payız.
Dərə sakit, təpə lal,
Cığırlar yalda itir.
Bir qaya kölgəsində
Təzədən çiçək bitir.
Ətəkdə çən-duman yox,
Zirvənin başı qarsız.
Göy üzü bir başqadı,
Bu payız başqa payız.
Ömürdən, gündən yazım,
Güllər bir yana dursun.
Sinəmdəki sevdalar
Gəlib yan-yana dursun.
Kimsə sevmir, sevməsin,
Qoy, baxsın arsız-arsız.
Mənim ömrüm, günümdə
Bu payız başqa payız.
Günlərin rənginə bax,
Gələn təzə-tər gəlir.
Gecə yola düşməmiş,
Təzə bir səhər gəlir.
Bu işıqlı günlərin
Sahibi bizik, yalnız.
Hər anı bir uğurdu,
Bu payız başqa payız.
Pəncərəmi döyən quş
"Pəncərəmə qonan quş"
şeirinin müəllifi, qələm dostum
Fəxrəddin Teyyuba
Hələ açılmamış səhərin gözü
Qonub pəncərəmə şüşəni döyür.
Bu quş öz bəxtinə düşəni döyür,
Dəyişik salıbdır gecə-gündüzü.
Saçıma çən düşüb, çənə gəlibdir,
Niyə, anlamıram, mənə gəlibdir.
Bəlkə dən istəyir, dənə gəlibdir?!
Bunu mən bilmirəm,
Bilir bir özü.
Bəlkə səhv salıbdır gecə-gündüzü,
Ağaran dan yeri
Bir şehli bulud,
Sübhün toranından boylanan çiçək.
Bir şair köksündə çırpınan ürək
Bu quşun könlündə ola bir umud.
Könlü pəncərədə, gözü yollarda,
Bu payız havası üşüdür onu.
Uzaq Ukraynada, yaxın Qəzzədə
Atılan mərmilər üşüdür onu.
Bir gül budağını əyən güllələr,
Körpə gülüşünə dəyən güllələr
Üşüdür onu.
Hərdən cikgildəyir daşlaşan qəlblər,
Kar olan qulaqlar eşıtmir onu.
Susmur, cikgildəyir,
Yaşıl talada
Saralan nərgizlər eşıdir onu,
Qurd-quşlar, ilbizlər eşidir onu.
Döyür pəncərəni, cikgildəyir quş,
A şair qardaşım, göydə quşlara,
Yerdə insanlara yoxmu qurtuluş?
Bu suya, havaya, gün işığına,
Yoxmu heç qurtuluş?
Baxıb susuram,
Çırpıb qanadını uçub gedir quş,
Görən, varmı qurtuluş?
Sən Şuşaya qayıdırsan
Anam, bacım, qardaşım,
Sən Şuşaya qayıdırsan.
Otuz illik nisgili
Yaşaya-yaşaya qayıdırsan.
Dünən göz yaşı içində
Tərk edib getdiyin şəhər
Bu səhər
Sənə qoynunu açır.
Bu sevinc hissi
Səni qürurlandırır,
Eynini açır.
Otuz il öncə
Qəddar ermənilər
Şuşanın ciyərini dağladı.
Bu şəhərin halına
Yer ağladı, göy ağladı.
Dünən bu şəhərdən qaçanda
Uşaq idin.
İndi övladlarınla qayıdırsan,
Dağ öz havasına qayıdan kimi.
Balıq suya,
Quş öz yuvasına qayıdan kimi,
Xoş günə, xoş aya qayıdırsan.
Unutma bu günü,
Sən Şuşaya qayıdırsan!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!