***
Qış gecəsində
torpağın üstünə yağan qar kimi
tərtəmiz,
quş dimdiyində torpağa çəkilən dən kimi
canından yüngülcə çıxar gedər
çəkdiyin son nəfəs.
Qar kimi qarışıb torpağa itər adam.
Adına ölüm deyərlər
qar kimi ağappaq ayrılığın.
Səni də əkdim torpağa
ağac kimi, çiçək kimi,
ağaclar göyərdi,
çiçəklər göyərdi
sən necoldun, adam?!
Gedənlər qayıtdı,
ümidi yubatdım,
arzular göyərtdim
Sən göyərmədin, adam.
Sən göyərmədin, adam.
***
Səni sevmək
Şopeni dinləmək qədər dadlı
və
bir çiçəyi anlamaq qədər hüznlü.
Səni sevmək
odla oynamaq qədər qorxulu.
Səni sevmək
ölümü sevmək
demək.
Mən daha
səni sevəcək qədər
Gözüm
günahlara,
Dilim
yalanlara,
Könlüm
sevdalara alışdı.
Öldürdüm...
bir günahsız kəpənəyin günahına batdım,
bir qarışqa qarğışına tuş gəldim.
Mən daha səni sevəcək qədər
məsum deyiləm, zavallım.
Mən səni belə tanıdım, həyat
Sən atamın dərdi qədər kübar,
anamın göz yaşı qədər zalım.
Bir uşaq oyuncağı qədər aldadıcı
bir sevda qədər məsum.
Bir ölüm qədər amansız
Daşlara adlar yazacaq qədər
vəfasız.
Mənim gəncliyim
Xarabalıqda bitən çiçək kimiydi
mənim gəncliyim.
Ləçəkləri qəlpələrdən didik-didik
yoluq-yoluqdu.
Mənim gəncliyim yalın ayaqlarla
acqarına
azadlığı üçün yürüdü meydanlara.
Sənin tay-tuşların ata olur,
ana olur
gəlin olur,
gənc dost!
Mənim tay-tuşlarım
əsir düşdü,
Şəhid oldu.
biz hər səhər mərmi səsinə oyanıb,
hər gecə səngərlərdə mürgülədik.
Sənin tay-tuşların
nəğmə qoşur,
şeir yazır.
Biz cəsədlərlə torpağa yazdıq
ən gözəl şeirimizi.
Aynalara baxıb saçlarımıza sığal çəkmədik,
Aynalar utanar deyə
örtdük aynaların üzünü
ağ mələfələrlə.
Sabaha kim sağ çıxacaq ümidilə
hər axşam geridə qalanları tapşırdıq
bir-birimizə...
Və hər gün gözlərimiz danışdı
kirpiklərimizin titrəyişiylə,
Və hər gün ağı dedik
səngərlərdə ölən gəncliyimizə.
Sən indi gəncsən,
güclüsən,
gözəlsən,
Qoy olsun!
Amma mən gəncliyimi
yaşamadım desəm, gülmə,
Biz ağaclara,
divarlara,
torpaqlara yazdıq
ismimizi qanımızla
İtkin düşməsin deyə.
Nə nimdaş paltarımızdan,
nə də yalın ayaqlarımızdan
utandıq.
Yalnız düşmənə
əsir düşən bayraqlarımızdan,
Bir də şəhid olan dostlarımızdan
utandıq, gənc dost!
***
Kitab haqqı,
mən cənnətlik ola bilmədim, Tanrım.
Öncə Sənə,
sonra ağaca,
adama,
daşa,
torpağa
asi oldum.
Gözümü-könlümü tox saxladım,
Halından hali olmayanların
halına ağladım.
Kitab haqqı,
mən cənnətlik ola bilmədim, Tanrım.
Ruhumu qarışqalar,
Ağlımı quşlar apardı.
Əvvəlindən bir buğda dənəsinə satıldım
Dünya dediyin cəhənnəmə atıldım.
Mən cənnətlik ola bilmədim, Tanrım.
Gücüm kəpənəyə çatdı,
sözüm sənə çatmadı,
ya da qəsdən
özün eşitmədin məni.
Buğda boyda günahdan
qoruya bilməmişdim deyə
nə səni,
nə özümü.
Hansı tərəfdəsən,
yerini göstər
bir işarətlə,
O tərəfə dönüb,
Ordan çağırım səni.
mən cənnətlik ola bilmədim, Tanrım,
cəhənnəm də mənlik deyil.
De,
hansı günahı işlədim yenidən?
Yer üzündən də
başqa cəhənnəmə
qov məni!
***
Hərdən yuxularımda görürəm səni,
qıvırcaq saçlarını hörürəm sənin.
Əvvəl nağıl deyərdim
səni aldatmaq üçün
indi yalan deyirəm
özümü inadırmaqçün.
***
Sən bilməzsən, quşcuğaz,
bilməzsən
necə dönür evinə
evinə əliboş qayıdan kişi?!
Əlləri daşdan ağır olur,
Necə yazığ olur,
Fağır olur.
Ürəyinə daş bağlayır,
kirpiyini yaş saxlayır.
Sən bilməzsən, quşcuğaz,
bilməzsən
necə baxır körpəsinin,
qadınının üzünə,
sonra,
sonra barmağının ucuna,
ən ağır günah işləmiş kimi.
Kim deyir ki kişilər ağlamır, quşcuğaz,
kişilər də ağlayır,
ağlayır, amma
kişilərin göz yaşını
yağış yuyur yanağından,
külək aparır.
Kişilərin göz yaşını
kimsə görmür
qaranlıqdan,
qadınından savayı.
Sən bilməzsən, quşcuğaz,
bilməzsən,
neçə yazığ olur,
fağır olur
evinə əliboş qayıdan kişi.
Sənin nə vecinə,
səninki bir ovuc dəndi,
uzağı bir tikə çörək
hardan oldu alıb dimdiyinə
çəkiləcəksən yuvana.
Sən bilməzsən, quşcuğaz,
bilməzsən,
bu dünyada
hər gün
nə qədər kişi çörək ağacından asılır,
neçəsi çörəyə basılır,
neçəsi dözməyib satılır.
Gecələr kədərli üzlər girər yuxusuna,
Bir də ac qurdlar.
Hər gün evinin kandarında
neçə yol ölüb dirilər,
evinə əliboş qayıdan kişilər.
***
Burnumdadı
kürən otların saman qoxusu.
O illər necə də sadəlövhcəsinə sevərdim
göy üzünü,
quşların nəğməsini,
bir də anamın çörək ətri verən əllərini.
ovuclarımda uşaqlığımın kədərli üzü
seyr edərdim pəncərə arxasından
dağların dalında günəşin batışını.
Məhəllə qarısı kimi tanıyardım
amma bu cürə gənc
və amansız bilməzdim ölümü.
kimsəsiz ev kimi
xatırlayıram o illərin payızını.
Bir də heç vaxt ağlımdan silinməyən
ayrılığına ağladığım adamların qəmli üzünü.
nə Baxda
nə Bethovendə
nə də Dvorjakda dinləmədim
payızda arıların çaldığı
ayrılıq simfoniyasını.
Divardakı əsgər şəkillərindən anlamışdım
müharibələrin yaxşı bir şey olmadığını.
kinolarda gördüyüm
zənci qadınlarının kədərli üzlərindən
və bir də
vəllərə qoşulmuş kolxoz kəllərin
ümidsiz gözlərində
tanıdım köləliyi.
Və azadlığı daha çox sevdim
xırman atlarının belindəki
qırmanc izlərini xatırladıqca...
***
Sarı çiçək, nə baxırsan üzümə,
Ağlamağın yeridimi, ağlayım?
əyri gözdən, bəd nəzərdən, pis üzdən
səni harda daldalayım, saxlayım?
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!