"Uzaq pəncərədə tənha bir qadın..." - Adilə NƏZƏR

 

SƏNİN PƏNCƏRƏNDƏ MƏNİM ÜMİDİM

Nə köks ötürürəm, nə ah çəkirəm,

Sönür adımıza yandırdığım şam.

Sənin pəncərəndə mənim ümidim

Edam kürsüsünə çıxır hər axşam.

 

Bilmirəm nə işdi, daşdan fərqi yox,

Qaynar gözlərinin qışdan fərqi yox.

Qəlbimin bir bala quşdan fərqi yox,

Əcəl təri tökür hər nəfəsində.

 

Solur üzümdəki o tər baxışlar,

Tanrı surətini verməyib demək.

Görünür payızda yağan yağışlar

Yeddi rəng olmayır yaz yağışı tək.

 

Yarpağı tökülən ağacın dərdi

Payızın eyninə deyildir, paşam.

Eh, sənə nə var ki, mənim ümidim

Edam kürsüsünə çıxır hər axşam.

 

İCAZƏ VER

Sənsiz ovudammıram ürəyimi heç cürə,

Gümüşü saçlarını qoy gəlim qarışdırım.

 

Bir gözəl imza ataq səninlə atəşkəsə,

Küsülü əllərimi saçınla barışdırım.

 

Ruhunu zəbt eləyim, könlünü fəth eləyim,

Bir az şıltaqlıq edim, ağlını qarışdırım.

 

Günün gündüz çağında Ayın, ulduzun olum,

Gecənin sehri kimi hisslərini çaşdırım.

 

Məcnun kimi səhraya, Kərəm kimi oda düş,

Sənə yollar keçdirim, sənə dağlar aşdırım.

 

Sən məni elə sev ki, bircə qüsur qalmasın,

Könlümü çaylar kimi köpük-köpük daşdırım.

 

Adilətək dünyada seviləsi qızmı var,

İcazə ver, mən səni özümə yaraşdırım.

 

ARADA ZƏNG ELƏ

Bu payız küləyi yamanca əsdi,

Ayırdı, sevərək ayırdı bizi.

Arada zəng elə, susaq doyunca,

Beləcə ovudaq bir-birimizi.

 

Xəyal et, ən xoşbəxt vaxtlarımızı,

Bir az rahatlıq tap, zamanı əylə.

Nəfəsin dalğa tək vursun ruhuma

Sən də qoşul mənə, anı il eylə.

 

Birdən içini çək, əlim boşalsın,

Hıçqırım, əfv elə, keç günahımdan.

Bir xoşbəxt gecəni yadına salsın,

Dəli ol, bir anlıq odlu ahımdan.

 

Dalım dərininə, uzağına get,

Söhbətin sehrinə, marağına get.

Vüsal vadisinin qırağına get,

Səslə dönüm gəlim, həsrətə göndər.

 

Sükutu uzadaq, saatlar ötsün,

Dərman hesab edək hənirimizi.

Arada zəng elə susaq doyunca,

Beləcə ovudaq bir-birimizi.

 

UZAQ PƏNCƏRƏDƏ TƏNHA BİR QADIN

Uzaq pəncərədə tənha bir qadın

Nə vaxtsa yuxuna qonaq olacaq.

Durub baxacaqsan xatirələrə,

Səsin titrəyəcək, gözün dolacaq.

 

Bir nəğmə dəyəcək qulaqlarına,

Səssiz küçələrdən keçəndə bir gün.

O anda yaş olub yanaqlarına

Axacaq qəlbinə artıq gördüyün.

 

Baharda gül hüznü alacaq səni,

Gözəl nərgizlərin açdığı yerdə.

Bənövşə gələcək gözün önünə,

Donub qalacaqsan o anda birdən.

 

Keçəcək huşundan qığılcım kimi

Əlində çırpınan qaranquş bir əl.

Başına dönəcək fərari ağlın,

Dəli olacaqsan...- məyus, məəttəl.

 

Dönüb axacaqsan qələm-kağıza,

Yumub tökəcəksən hey varaq-varaq.

Uzaq pəncərədə tənha bir qadın

Sonadək ömrünə mövzu olacaq.

 

ÇƏRŞƏNBƏ YALNIZLIĞI

Yenə bir çərşənbə yalnızlığıdır,

yenə bir ürək qəribliyi...

Ağ buludların arasından düşən gün işığı

ancaq xatirələri canlandırmağa yetir,

səni andırır təbiətdən yayılan ətir.

Əlimi uzatsam tuta bilmərəm,

bilirəm, amma...

and içirəm, müqəddəs nə varsa ona!...

gözlərimi bağlasalar da bilərəm

uzaqdan gələnin sən olduğunu...

təki gələsən...

Həyat deyilən bu məcburi yolçuluq

sənsiz heç çəkilmir,

torpağı daşlaşıb sol tərəfimin,

ora daha heç bir ümid əkilmir...

 

Yenə bir çərşənbə yalnızlığıdır,

yenə bir ürək qəribliyi...

Arada səslər duyuram, -

aşağıda daşlar ağlayır, yuxarıda quşlar...

İndi axı heç kimsənin vaxtı yoxdur

belə incə mətləbləri anlaya,

adət edib hamı sanki sevənləri danlaya...

Asfalt yolda boş atılan addımlar,

torpaq yolda yalınqat adamlar...

özün düşün gerisini...

bu Allahsız yağışlar da kəsmək bilmir,

aparıbdı yanağımın dərisini...

 

Yenə bir çərşənbə yalnızlığıdır,

yenə bir ürək qəribliyi...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!