Bizim Elçin - Şeir. Əli ƏLƏMİ

Dünya şöhrətli professor, ictimai xadim,

şair Elçin İsgəndərzadənin 60 illik yubileyinə

 

Görmüş nə qədər iş bu Vətənçün, bizim elçün,

Heç vaxt, "yoruldum", deməyibdir bizim Elçin.

 

Tezdir, o, yorulmaz bu yolun tən yarısında,

Daim beləcə göstərəcəkdir dözüm, Elçin.

 

Altmış nədi ki, qatlayacaqdır o, çox illər,

Sakitcə gülüb, söylədi, "gəlsin yüzüm", Elçin.

 

Daim gülərüz, xoşdu təbəssüm, yaraşır da,

Rahatca deyir hər kəsə "canım-gözüm" Elçin.

 

Doktor, professor, akademik adı onda,

Alimdi, düşünmüş, qalacaqdır izim, Elçin.

 

Kosmosdan alıb məlumatı gizləmə, nolar,

Tədqiq eləyək birgə, səninlə gəzim, Elçin.

 

Ağdam və Şuşa, fəxr eləyirsən, Vətənindir,

Göz yaşını gördüm, bunu duydum özüm, Elçin.

 

Azad Qarabağ oğlusan, artıq, gözün aydın,

Səntək yox idi, bil ki, gecəm, gündüzüm, Elçin.

 

Xar ilə o bülbül səni gözlər Qarabağda,

Dər, de, Şuşanın saçlarına gül düzüm, Elçin.

 

Tərif eləsəm hər nə qədər də, az olur, az,

Yoxdur, nə desəm də, sənə layiq sözüm, Elçin.

 

Qaldır şərəfə badəni, sağlıq de şərəflə,

Vur-vur, nə qədər istəsə könlün, süzüm, Elçin.

 

Təbrik eləyir, bax, Ələmi bil ki, ürəkdən,

Daim deyəsən, vardır ürəkdə közüm, Elçin!

 

Sentyabr, 2024

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!