Hər şey ulduz kimi ölür, ulduzlar şeir kimi... - Elçin İsgəndərzadənin şeirləri

Vətən

 

Nəğmə də bitir,

şeir də,

yol da...

Hələ arzular da -

bircə sən,

bircə sən

bitmirsən,

Vətən!

 

Şuşam!

 

O bizim ağaclarıydı,

o bizim küləkləriydi,

o bizim yağışlarıydı...

Duruşundan tanıyırdım,

qoxusundan tanıyırdım,

yağmasından tanıyırdım.

 

Ağac da boynubüküydü

külək də qırıq-qırığıydı

bulud da cilik-ciliyiydi...

Ağacına qurban olum, dedim

buluduna qurban olum, dedim,

daş yoluna qurban olum dedim...

O qədər qurban oldum ki, -

gördüm anam da qurbandı,

gördüm balam da qurbandı...

 

Qurbanlarını qəbul elə, Şuşam!

 

Atam üçün rekviyem

 

Əkdiyin qələmlər

çinar oldu, söyüd oldu...

Nəvələrin çoxaldı,

böyüdü,

umud oldu...

Səndən sonra bu ömür də bulud oldu, Ata...

Evimizin damında quruldaşan qumrular

ovcun üçün darıxıblar,

ovcundakı dənlər üçün,

yemlər üçün darıxıblar.

Darıxıb sənin üçün

sabahlar da,

gecələr də...

Səninlə çəkdirdiyim şəkillər də!..

...mən təzə şəkillər çəkdirmirəm,

köhnə şəkillərlə ovunuram.

Səninlə çəkdirdiyim şəkillər

indi məndən xoşbəxtdilər.

Şəkillərdə nə gözəl varsan,

gözlərin gülür,

üzün gülür,

şəkillər gülür... mən ağlayıram.

Təsəllim şəkillərindi, Ata!

Amma,

şəkillərinə deməmişəm öldüyünü.

 

Cıdır düzündə etüd

 

Cıdır Düzünə düşən axşamların

aydınlığında qeyb oluram...

Qollarımı yana açıb ən gözəl uçuşunu

yaşamaq istəyirəm

geriyə qalan ömrün.

 

Bu uçuş bitsin, istəmirəm,

bu aydınlıq qaralsın, istəmirəm.

 

Bütün tərk edilmiş evlərin sevincini

yaşamaq istəyi var ruhumda, canımda.

Bütün qaranlıq yolları

            işıqla doldurmaq həvəsim var,

bütün qırıq yolları

            bir-birinə bağlamağım gəlir,

yenidən, yenidən qollarımı yana açıram,

uçuram, uçuram, -

unutmamaq üçün,

xatırlamaq üçün,

yaşamaq üçün.

 

Cıdır düzündə

Rəsul Rzanı xatırlarkən

 

Yaşılından sarısına düşürük ömrün,

ağından qarasına,

mavisindən qırmızısına.

 

Hər günü bir rəngə batır vaxtımız,

bir rəng boyayır bizi,

ya da biz bir rəngi boyayırıq

ovqatımızla,

halımızla..

 

sonra rəngləri qurtarır ömrün, -

bir göy qurşağı asılır göydən.

 

Xoşbəxtlik

 

Xoşbəxtlik gələndə

qırıq-qırıq gəlirsə...

Bir gün əllərin sevinirsə,

bir gün gözlərin gülürsə,

bir gün də səsin

xoşbəxt olursa...

Sonra qırıq xoşbəxtliklər

qırıq xəyallar kimi

gözlərinin suyunda

zədələnirsə...

Sən xoşbəxt                              

olmadığını anlayırsan.

Anlayırsan ki,

xoşbəxtlik gələndə

bütöv gəlməli,

tam gəlməli.

...Üzünün ikisi də  xoşbəxt olmalı,

gözünün ikisi də gülməli -

biri güləndə,

biri ağlamamalı.

 

Bir ovuc

 

Dodaqlarımda iki-üç şeirlik pıçıltı,

barmaqlarımın arasından süzülən sözlər.

 

Hərfləri tütün kimi sarıyıram vərəqə...

Xəbərim var ki,

            ayağımın altında yer yarpaqlayır,

yarpaqların üstündə kölgəm gedir.

 

Udqunduğum günlər dolaşır boğazımda...

qəhərdi, bilirəm.

Hər şeir qəhərdi,

hər qəhər bir nəmli baxış.

 

Üzümü dəyişdirmək istəyirəm

bir ovuc suda...

Bir ovuc suda axır ulduzlar.

 

Hər şey ulduz kimi ölür,

ulduzlar şeir kimi.

 

Ölü şeirlər yazıram bir ovuc suda...

bir ovuc adamlar qalıb oxumağa.

 

Ovcumu yumuram bərk-bərk,

adamları qoymuram getməyə.

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!