Mən payız qadınıyam - Cəvahir Tanrıverdinin şeirləri

Mən payız qadınıyam

 

Mən payız qadınıyam,

Məhəbbətim saralmış yarpaqların

Gizlətdiyi rənglərində qorunur.

Mən payız qadınıyam,

Göz yaşımı gölməçələr qoruyur.

Xəzəlin xışıltısıdır

Ürək döyüntülərim.

Nəfəsimə nəfəs verən

Mehin hənirtiləri.

 

Mən payız qadınıyam,

Həsrətimdə payız kimi

            leysanlar yağdıraram.

Bir tufan qopararam,

Qorxudaram ayrılığın gözünü.

Mən payız qadınıyam,

Yarpaq-yarpaq tökülüb

Söykəyərəm buz torpağa üzümü.

 

Yox... axı bizim yerlərdə

Payızda torpaq isti,

Canından can,

Qanından qan veribdir

            Bu torpağa igidlər

                        Nəfəsi isti-isti.

Payızın soyuğunda

Torpağı isidiblər,

Ümidli ürəklərdə

Arzular bitiriblər.

 

Qismətin -

Ağacların yarpaqsız bar qisməti,

Bitirmisən neçə illik həsrəti.

Ah, payız, sən

Ruhuma vətənmisən?!

Yoxsa yarpaqlı fəsillər

            bəxtinə küsənmisən?

Yox, küsənmə,

Hər fəslə qismət olmur

Bir bu qədər naz-nemət,

Hər fəslə qismət olmur

Səndəki bu qətiyyət.

 

Üşütmürsən məni sən,

Üşüdürsən

            Ürək döyüntüsünü

                        heç vaxt duymayanları,

Sərt kəlməsi

            Vicdanını

                        didib ovmayanları.

 

Üşütmürsən məni sən,

Axı mən,

Mən elə sənəm.

Sızlayanda vicdanım

Göz yaşımla

            çayları daşdıraram.

Elə daşdıraram ki,

Buludu çaşdıraram.

Özü də anlaya bilməz

            gur yağış səbəbini.

Axı mən,

Mən payız qadınıyam -

Öpərəm bu payızın

            sulu, selli gözündən.

Dolanaram ürəyinin başına,

Hisslərini

            anlayaram üzündən.

 

Dəyişən və dəyişməyən

 

Boylandım geriyə,

            Arxamda qoyduğum illərə baxdım.

Atıldım xəyalların qoynuna,

Ömrümün iz saldığı yollara baxdım.

Dəyişmişdi çox şey

            Dünənimdən bu günümə.

Bəzisi zamanla dəyişmişdi -

Yığıb səhvləri

Yeni təcrübə toxumuşdu, sanki zaman.

Bəzisi məkanla dəyişmişdi-

Başqa yerdə başqa insanlar

Başqa havalara kökləmişdi düşüncələrimi.

Bəzisini özüm dəyişdirmişdim -

"Salam"ımdan "sağ ol"uma qədər

 Kimə, niyə, nə zaman

Verməyi də öyrənmişdim.

Dəyişmişdi çox şey,

Bəzisi zamanla,

Bəzisi məkanla,

Bəzisi öz iradəmlə.

Lakin

            Nə zamanın,

                        Nə məkanın,

                                    Nə də iradəmin

Gücü yetmədi dəyişdirməyə

Bir kədərin,

            Bir həsrətin,

                        Bir də sevginin rəngini.

 

Xəbərin varmı?

 

Mən ki sönmüş bir ocağam,

Közümdən xəbərin varmı?

Boğazımda düyümlənən

Sözümdən xəbərin varmı?

 

Həsrətinlə baş-başayam,

Sənsiz necə gün yaşayam?!

Səbrimlə bir tamaşayam,

Dözümdən xəbərin varmı?

 

Sən ki məni görməz oldun,

Gözüm doldu, gülməz oldum.

Göz yaşımı silməz oldun,

Özündən xəbərin varmı?

 

Bir gün

 

Göyün alt qatında yaşanan ömür

Yerin alt qatında bitəcək bir gün.

Vicdandan süzülən göz yaşlarımız

Haqqın imdadına yetəcək bir gün.

 

Bir gün səs salacaq boğulan səslər,

Sevgi tanrısının üzü güləcək.

Xeyrin Şər üstündə qələbəsinə

Yetimin köksündə qəlb sevinəcək.

 

Yaşanıb bitəcək bütün ömürlər,

Kaş bunu düşünə günah eyləyən.

Cisminə pay olan ruhunla adın

Səni bu dünyada hey, var eyləyər.

 

Neçə qərinələr, illər keçsə də,

Hamı əkdiyini biçəcək elə.

"Az verib çox alım" - düşünən beyin

Özünü aldadıb gedəcək elə.

 

Xeyir elə xeyir, Şər elə şərdir,

Nizamidən bəri heç dəyişməyib.

Bircə halımızı yüngülləşdirən

Xeyrin Şər üstündə qələbəsidir.

 

Göyün alt qatında yaşanan ömür

Yerin alt qatında bitəcək bir gün...

 

Payızda

 

Xəzəldə hər addım yeni bir cığır,

Saralmış yarpaqlar izimə düşür.

Göz yaşım havada asılı qalıb,

Payızın kədəri üzümə düşür.

 

Payızın qoxusu - ruhumun ətri,

Rəngbərəng yarpaqlar çiçəyə dönür.

O həzin mehdə bir eşq hərarəti,

Bir damla yağışda həyat görünür.

 

Xəzəlin, küləyin, yağışın səsi -

Ən sakit halın da pıçıltısı var.

Onun da könlündə sevgi naləsi,

Onun da könlündə hicran səsi var.

 

Ağac

 

Sən mənim yollarıma

Nə para səp, nə pul səp,

Nə daş-qaşdan məhəccər,

Nə qızıldan körpü çək.

Sən mənim yollarıma

Şux budaqlı ağac ək,

Yayımda kölgəm olsun,

Qışımda söykənəcək.

Baharımda gül açsın,

Ətir saçsın könlümə.

Payızda yarpaqları

Çevrilsin xəzəlimə.

Hər o yoldan ötəndə

Şeir yazım hüsnünə.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!