***
Sarışın qız sevirdim,
Qıvrım saçlı - Gülxanım...
Bütün ruhumla yalnız
Ona bağlıydı canım.
Bakıya ilk gələndə,
Abituriyent olanda...
Gənclik ləpirlərimiz
Bulvara iz salanda...
On yeddi yaşımızda,
Burnumuz başımızda...
Durmadan oynayırdı
Gözümüz-qaşımız da...
Hər gün, xoşbəxtlər kimi,
Eşq ilə görüşəndə...
Mən onu ötürəndə,
O, duraqda düşəndə...
Başım havalanırdı
Mən ondan ayrılanda.
Sabahı zor açırdım
Ondan ayrı qalanda.
Allaha yalvarırdım
Gecə heç vaxt gəlməsin.
Gözüm tək onu görsün,
Ayrı heç nə görməsin...
Çünki mənim Günəşim
Sarışın Gülxanımdı.
Qızılı saçlarıyla
O qız mənim canımdı...
İndi, ahıl çağımda
Mən onu axtarıram.
Gəncliyimdəki kimi,
Onsuzluqdan yanıram!..
Kaş zaman qayıdaydı,
Yenə yağış yağaydı...
Sonra yenə yenidən,
Qızıl Günəş doğaydı.
Salxım söyüd həsrətlə
Hey bizi gözləyəydi...
"Yarpaqlar" öpüşdükcə,
Söyüd boynun əyəydi...
Biz qısılıb qalaydıq
Söyüdün kölgəsində...
Bir də havalanaydıq
Həmən eşqin səsində.
Huşumuz qeyb olaydı
Gənclik ehtirasıyla...
Sən məni öldürəydin
O qızın qisasıyla...
Mənə sual verməyin,
Suallardan qorxuram...
Cavabsız suallara
Mən, kəmfürsət baxıram...
Məndən soruşmayın ki,
Hanı sənin gəncliyin?
Hara getdi o günlər,
Harda qaldı dincliyin?
Kimə qurban göndərdin
Qızıllı qəhrəmanı?
Onu harda öldürdün,
O gözəl günlər hanı?
Gözlərimin önündən
Gülər üzün heç getmir.
Könlümü kiritməyə
Vallah, bu da heç yetmir.
Buludlar arasından
Yenə şaxı, Gülxanım...
Qızılı tellərinlə
Doğ sabahı, Gülxanım!..
Eşqin gözü kor deyil,
Kor - eşqi görməyəndi.
Ömrü eşqlə yaşayıb,
Eşq ilə ölməyəndi.
***
Allah, məni öldürmə,
Öldürsən də, üz, öldür...
Gecə yuxum gələcək,
Öldürsən, gündüz öldür...
Bu həlləhüş dünyada
Əsir etmə canımı.
İlk dəfə yalvarıram,
İmzala fərmanımı...
İntizarda buraxma,
Mən də sənin bəndənəm...
Sənə ən çox inanan,
Pənah gətirən, mənəm.
Çıx dünyanın heyfini,
Mən hər dərdə dözənəm.
Özgəsinin yerinə
Öz-özümü üzənəm.
Neçə vaxtdır yığıram,
Qılammıram qəzamı.
Mənə insaf eləmə,
Göndər, gəlsin cəzamı.
Yolum haqqın yoludu,
Haqqın yolu darısqal...
Yolumu şaşırmamış,
Azmamış, canımı al.
Çox da humanist olma,
İnsaf etmə bəndənə.
Heç təxirə salmadan,
Ölüm göndər Sən, mənə..
Ruhu sağlam olanlar
Mərdanədir, mətindir...
Haqsızlar arasında
Ömür sürmək çətindir...
Allah, məni öldürmə,
Öldürsən də, üz, öldür...
Gecə yuxum gələcək,
Öldürsən, gündüz öldür...
***
Səni sahil yaratdı
Allahım,
Dəniz yaratdı məni.
Sən dənizi sevdin,
Sahilim,
Mənsə, səni...
Səni yelkən yaratdı
Allahım,
Külək yaratdı, məni.
Sən küləyi sevdin,
Yelkənim,
Mənsə, səni...
Səni Günəş yaratdı
Allahım,
Bulud yaratdı məni.
Sən yağışı sevdin,
Günəşim,
Mənsə, səni...
Səni Həvva yaratdı
Allahım,
Adəm yaratdı məni.
Sən Adəmi sevdin,
Ey Həvvam,
Mənsə, səni...
Səni sevgi yaratdı
Allahım,
Eşq yaratdı məni.
Sən eşqini duymadın,
Sevgilim,
Mənsə, səni...
Atamın ruhu ilə söhbət
Ata, məni böyüdəndə,
Oğul, hər vaxt mərd ol, - dedin.
Sənə namərd olanlara
Sən həmişə sərt ol, - dedin.
Ömrün boyu, heç kimsəyə
Heç vaxt tələ qurma, - dedin.
Düşmən olsa, düşməni də
Arxasından vurma, - dedin.
Allahdan başqa kimsəyə
Heç vaxt boyun əymə, - dedin.
Zalımlara zülüm elə,
Sən fağıra dəymə, - dedin.
Haqsız yerə, heç kimsənin
Heç qəsdinə durma, - dedin.
Öz yolunu, nahaqq olan
Heç kimsədən sorma, - dedin.
Əqidənin uğrunda sən
Ölümdən də qorxma, - dedin.
Səbirli ol, hər boş küyə
Sən yerindən qalxma, - dedin.
Onun-bunun kölgəsində
Çaqqal kimi yatma, - dedin.
Şərəfini, mənliyini
Heç bir zaman satma, - dedin.
Namərd olan alçaqlara
Zərbə vursan, sinədən vur.
Döyüş vaxtı səngərində
Möhtəşəm ol, möhtəşəm dur.
Tərbiyəndən çıxar olsam,
Haqqın mənə haram olsun.
Ömrüm boyu zəlil olum,
Gözlərimə güllə dolsun.
Hey savaşdım, dost uğrunda,
Dost yolunda mən can verdim.
Ömrüm boyu mən özümü
Dost uğrunda qurban verdim.
Şərəfsizin şanı olmaz! -
Demədinmi, mənim atam?!.
Şərəfsiz "şanlıyam" deyir...
Mən nə edim, canım, atam?!.
Mərdi namərd eləməyə
Çalışırlar, canım, atam.
Mənsə, haqqın peşindəyəm,
Çalışıram, haqqa çatam.
Mərdi qovan namərdlərin
Cəzasını verməyimmi?
Namərdin son nəfəsini
Gözlərimlə görməyimmi?
Yolumda min cür tələ var,
Necə çıxım, hardan gedim?
Tələlərdən çıxmaq üçün
Savaşmayım, mən nə edim?
Ədalətli ol! - söylədin,
Ədalətlə çıxdım yola.
Addımbaşı zərbə gördüm
Ədalətli ola-ola.
Mən ədalət axtardım, hey,
Ədalət min dona girdi.
Ədalət libası geymiş
İblis buldum, bu nə sirdi?
Ruhun məni bağışlamaz,
Mən namərdi bağışlasam.
Yarı yoldan geri dönsəm,
Sona qədər boğuşmasam.
Kimsə məndən inciməsin,
Haqq uğrunda ölməliyəm! -
Ədalətsiz hər iblisin
Cəzasını verməliyəm!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!