Vətən
Ayım mənim, ilim mənim,
Sən imanım, dinim mənim,
Azərbaycan dilim mənim,
Sənsən şirin canım, Vətən!
Mənim adım, sanım, Vətən!
Sən Kürüm, sakit Arazım,
Sən qışım, payızım, yazım,
Tar-kamanım, telli sazım,
Damarımda qanım, Vətən!
Sənsən adım, sanım, Vətən!
Bir ölkəsən - Azər adlı,
İgidlərin yel qanadlı,
Meyvələrin meyxoş, dadlı,
Əziz Vətən, canım, Vətən,
Sənsən adım, sanım, Vətən!
Sadiq dostu darda qoymaz,
Səndən heç vaxt könlüm doymaz.
Qışın, yayın çiçəkli yaz,
Əziz Vətən, canım, Vətən!
Sənsən fəxrim, şanım, Vətən!
Ayım, ilim, ömrüm, yaşım,
Ucalır səninlə başım.
Sən başımın büllur tacı,
Əziz Vətən, canım, Vətən!
Sənsən adım, sanım, Vətən!
Sən ünvanım, sənsən adım,
Sən arxamsan, qol-qanadım,
Səsim, ünüm, istedadım,
Damarımda qanım, Vətən!
Sənsən bəxtim, şanım, Vətən!
Vəfalısan dosta hər an,
İşğalçı yağıya yaman.
Olmayasan yada məkan,
Əziz Vətən, canım, Vətən!
Sən, sən, sən, həyəcanım, Vətən!
Düşmənlərdir sağın, solun,
Günün hadisə ilə dolu.
Hər qarışın qədim, ulu,
Gözəl Vətən, canım, Vətən!
Yaşa adım, sanım, Vətən!
Sənsən mənə sədaqətlim,
Canımdakı hərarətim.
Varlığısan Şərafətin,
Əziz Vətən, canım, Vətən!
Sən şöhrətim, şanım, Vətən!
Bakı, 2009-cu il
Xəzərə
Qucağından yollar gedir
Neçə qardaş ölkəsinə.
Qara qızıl buruqları
Yaraşıqdır sinəsinə.
Qucağında neftçi qardaş
Min zəfərlə sərhəd aşar,
Buruqların meşəsisən,
Qara neftin aşıb-daşar.
Dünya dinir hərarətlə
Yenilməyən qüdrətindən.
Qara qızıl yatağıdır
Ağ gəmili mavi sinən.
Sahilində saçlarını
Tökər qəmli söyüdlərin,
Axşamçağı sahilində
Külək əsər sərin-sərin.
Ağ qayıqlar yelkən vurub
Göy suları tumarlayar,
Sahilində axşam-səhər
Sevgililər xumarlanar.
Gör nə haldadır?!
Yanağın açılan gülə bənzəyir,
Qönçə dodaqların şəkər, bal dadır.
Aydan da gözəldir hüsnün, camalın,
Misilsiz gözəllik qara xaldadır.
Vüqarlı boyunda zərrə eyib yox,
Qaşların kamandır, kirpiklərin ox.
Səni istəyənlər, sevənlər nə çox,
Eşqin xatirəsi ilk vüsaldadır.
Deyirsən, dözsənə, tələsmə canım,
Axır qocalırıq, solur camalım.
Səni gözləməkdən səbrim, qərarım
Tükəndi, Şərafət, gör nə haldadır?!
Bakı, 1960-cı il
Gəl-gəl
Yağışlı, dumanlı bir payız günü
Günəş surətinə vuruldum, gəl-gəl.
Eşqinlə çağlayan dənizə dönüb,
Büllur sular kimi duruldum, gəl-gəl,
Səni gözləməkdən yoruldum, gəl-gəl.
Sən məni sevirdin artıq canından,
Deyirdin, getmərəm heç vaxt yanından.
Sənsə atdın məni, alışıb pünhan,
Kül olub göylərə sovruldum, gəl-gəl,
Səni gözləməkdən yoruldum, gəl-gəl.
Çəkdim həsrətini illərdən bəri,
Ağardı başımın şəvə telləri.
Sənə çox yalvardım, dönmədin geri,
Getdin, gözləməkdən yoruldum, gəl-gəl,
O çinar boyuna vuruldum, gəl-gəl.
Saraltdı etdiyin xəyanət məni,
Bu başıbəlalı məhəbbət məni.
Çəkib həsrətini Şərafət sənin,
Şişdə kabab kimi qovruldu, gəl-gəl,
Səni gözləməkdən yoruldum, gəl-gəl.
Bakı, 1981-ci il
Olmur
Bu təsnif Qarabağın
gözəlliyi haqqında olan şeirdir.
Sözləri: nəğməkar şairə
Şərafət Dağıstanlının;
musiqisi: ağdamlı bəstəkar
Xosrov Fərəcovundur.
Bu mahnını ilk dəfə ölməz
sənətkarımız Xan Şuşinski oxuyub,
tarixə düşmüş təsnifdir
Yayda Qarabağın seyrinə çıxsan,
Sən Şuşada qonaq qalmasan olmur.
Çıxıb axşamüstü Cıdır düzünə -
Vaqifin könlünü almasan olmur.
Göyçədən o yana, Laçından bəri,
Dolaşıb Ağdamı, keçib Bərdəni.
Ürəyi yananda içib Tərtəri -
Qırxqızda xəyala dalmasan olmur.
Uşaqlar Dilicanda moruq yığanda,
Kəpəzdə, Qoşqarda dolu yağanda,
Ceyranlar oylağı - Mildə, Muğanda
Vurğunu yadına salmasan olmur.
Bizim Qarabağın, elin toyunda,
Süzür durna kimi gəlin toyunda.
Şərafət, Şuşanın cənnət qoynunda -
Könlünün sazını çalmasan olmur.
Şuşa 1965, avqust
Bu dünyanın
Aşıq mahnısıdır. Bu mahnı
1965-ci ildə Aşıq Şakirin,
Aşıq Rüstəmin, Aşıq Məmmədağanın, Aşıq Əkbərin, Aşıq İmranın,
Aşıq Əmrahın repertuarında səslənib.
Muğam ustadı Arif Babayev də
muğam üstə oxuyur.
Bəlalıdır hər an başı,
Məhədidir dağı, daşı.
Bilinmir neçədir yaşı,
Bu dünyanın, bu dünyanın!
Milyon adda milləti var,
Günəş boyda hörməti var,
Miskinləri zar-zar ağlar
Bu dünyanın, bu dünyanın!
Qəm-sevincdir sağı-solu,
Gedər, gəlməz karvan yolu.
Arzularla qəlbi dolu
Bu dünyanın, bu dünyanın!
Sərt qışı var, güllü yazı,
Qəmdən dinər telli sazı.
De, kimlər çəkməyib nazı,
Bu dünyanın, bu dünyanın?!
Qucağı boşalıb, dolur,
Nəsli gəlib, gedər olur.
Axırı qəm-kədər olur
Bu dünyanın, bu dünyanın!
Başdan salar qızıl tacı,
Şirin ömrü edər acı.
Fərmanına yox əlacı
Bu dünyanın, bu dünyanın!
Sinəsi döyüş oylağı,
Axar, qurumaz bulağı.
De, kim deyildir qonağı,
Bu dünyanın, bu dünyanı?!
Gör kimləri əldən alır,
İnsanları dərdə salır.
Hökmü ömrə qılınc çalır
Bu dünyanın, bu dünyanın!
Gedər şahı, gədası da,
Dözə-dözə ədasına.
Ah, nə deyim vəfasına
Bu dünyanın, bu dünyanın!
Sevinci az, kədəri çox,
Gələni az, gedəri çox.
Bilməm, niyə insafı yox
Bu dünyanın, bu dünyanın?!
Yalan sözdür var-dövlət də,
Dostluğu yox sədaqətdə.
Qonağıdır Şərafət də
Bu dünyanın, bu dünyanın!
Bakı, 1965-ci il
Gözlərinə baxaydım
Musiqisi Şahid Əbdül Kərimovun.
İfaçı Nəzakət Məmmədova,
Mahrux Muradovadır.
İşıq olub hər axşam,
Mənzilinə axaydım.
Sübhə qədər sevdiyim,
Gözlərinə baxaydım.
Oyadaydım hər səhər
Şirin yuxudan səni.
Ata bilməz sevgilim,
Bu ürək, bu can səni.
Əkdiyim çiçəklərin,
Arasında itəydim.
Hər yay laləyə dönüb,
Qapınızda bitəydim.
Günəş olub, ay olub,
Dolanaydım başına.
Nur saçaydım can alan
Kirpiyinə, qaşına.
Bakı, 1967-ci il
Axtar sən məni
Musiqisi Emin Sabitoğlunundur.
Vaxtı ilə müxtəlif ifaçılar
tərəfindən ifa olunub.
Aşıqlar da ifa edirdi.
Gəl, yazda bulaqlar çağlayan zaman,
Könlüm səndən ötrü ağlayan zaman,
Çəmən güldən dəstə bağlayan zaman
Çiçəkli düzlərdə gəz, axtar məni.
Ömrünə əbədi kömək istəsən,
Sevinmək istəsən, gülmək istəsən.
Məni hansı yerdə görmək istəsən,
Zil qara gözlərdə gəz, axtar məni.
Sənə ömrüm boyu bir dayaq olub,
Duraram arxanda uca dağ olub,
İtsəm, düş izimə, bir mayak olub
Sonsuz dənizlərdə gəz, axtar məni.
Mən səni gəzirəm ellər içində,
Səndən ayrıldığım illər içində,
Milyonlar içində, minlər içində,
Silinməz izlərdə gəz, axtar məni -
O qara gözlərdə gəz, axtar məni.
Bakı, 1972-ci il
Könlüm şeir istəyir
Könlüm şeir istəyir,
Qızıl kimi, dür kimi.
Narahat Araz kimi,
Sakit axan Kür kimi.
Könlüm şeir istəyir,
Ay kimi, Günəş kimi.
Gözlərimdə məhəbbət,
Qəlbimdə atəş kimi.
Könlüm şeir istəyir,
Dağda şəlalə kimi.
Qızların yanağında
Açılan lalə kimi.
Demirəm şeirlərim
Hər tərəfdə baş olsun,
Deyirəm, nəsillərə,
İllərə qardaş olsun.
1957-ci il
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!