Şeir
***
Bütün divarları da qovacam otaqdan
və atacam sobaya ayaqyalın qaranlıqları...
Qoy göy üzünə əlim çatsın,
Qoy görünsün tənhalığın fahişə bədəni,
utansın bakirə tanrılar.
...Yoruldum külqabıda küçələri yandırmaqdan,
və yoruldum qucağımdakı gecələrə boylanmaqdan...
Hər kişi vurulduğu qadına qədər diriymiş,
sonrası isə Vətən kimi yaşamaq...
Çətir tut ovuclarının üstünə
İslanır şam işığı,
ürpənir tabutdakı saatın kəfgiri...
Hələ də əlim çatmır alnımı söykədiyim pəncərəyə...
Axı ayrılıqdan gözlərimiz yox, ayaqlarımız kor oldu.
…Hələ də üşüyürəm əllərinin doğum günündə
Axı qapı açan da olmaz qapını döyən yağışa.
Saçlarını dara məktubların üstünə, bir az da ayrılaq,
bir az da...
Bilirsənmi...
İntiharların qarımadığı fəsildə
bütün ağaclar -müharibə,
bütün adamlar Tanrı şəklidi.
Quşları qanadları qoymaz intihar etməyə,
kişiləri isə özünü yandırdığı gün...
Əlvida!
Qaçıram qollarıma tərəf
Bəlkə sənlə görüşəm, qadın adam!..
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!