Sən mənimləsən...
Nə yaxşı bilmisən xəstə halımı
Həqiqət eylədin xoş xəyalımı.
Sənin nəfəsindir, sənin əllərin
Oxşayır ruhumu, ovur alnımı-
Kövrəltdi əlimi isti yaşların...
Var ol, bu istəyə, təmasa görə,
Mənimçin Allaha yalvarışların,
Nə deyim bu nəzir-niyaza görə?..
Mən indi bildim ki, sən mənimləsən...
Nə şirin nağıldı, necə xoş xəyal,
Sehrli uyğudu, uyğuya uydum.
Diksindi, titrədi, soyudu könlüm.
Sədaqət istədim,
Yel aldı məni,
Leylək yuvasında uyudu könlüm -
Mən onda bildim ki, sən mənimləsən.
Kəklik balaları fərələndilər,
Anaları baxıb fərəhləndilər.
Birdən qanadlanıb həvəsə gəldi,
Balalar həm daşdan-daşa uçanda,
Gördüm yuva tikən bir qaranquşu,
Könlüm bu quşlarla uçdu yanaşı,
Payız durnaları qoşa uçanda,
Mən onda bildim ki, sən mənimləsən...
Bu mehr küləyi yerinə düşdü,
Çəmənlər məhəbbət sehrinə düşdü.
Meh vurdu, çiçəklər gəldi baş-başa,
Nə yaxşı aralar aradan gedir,
Quşqonmaz tikanı sıradan gedir.
Damcılar süzülür üstdən aşağı,
Boynu ağırlaşan bənövşələr də
Özcə yarpağına baş qoyub yatar.
Hərə həmdəmini tapır deyəsən
Daşqapan tayını qapır deyəsən-
Başının altına daş qoyub yatar-..
Mən onda görmüşəm kövrələn daşı...
Onda xatirələr durur yanaşı,
Mən onda bildim ki, sən mənimləsən...
İsaq-Musaq quşu nəsə axtarır,
Düşüb bir doğmaca səsə axtarır
Quş dili bilənlər ruh dili bilir,
Süleyman quş dili bilən vaxtları,
Nifrətin, pisliyin ölən vaxtları,
Güllərin baş-başa gələn vaxtları,
Bax, onda bilirəm sən mənimləsən.
Qəzəblər yox olub savaş bitəndə,
Haqqın ətəyinə əlim yetəndə,
Boynu ağırlaşan o bənövşələr
gəlir yanıma,
Eşqi həmişələr gəlir yanıma
Mən onda bilirəm sən yanımdasan.
İnsafla işləsə elçi daşları,
Mərhəmət könlümə cavab yazanda,
Mələklər çiynimdə savab yazanda,
Yığılar başıma qəm yoldaşlarım,
Ümidlər, işıqlar gələr yanıma,
Bütün yaxşılıqlar gələr yanıma-
Onda bilirəm ki, sən yanımdasan.
Şahdağı yanında Sənəm yaylağı,
Nə Sənəm qocalar, nə də Şahdağı.
Şah qalar əbədi, Sənəm də qalar,
Mən onda qalaram, o məndə qalar.
Yanında ailələr düşərgə salar,
Dağdakı lalələr gələr yanıma,
Eşqi piyalələr gələr yanıma.
Mən onda bilərəm sən mənimləsən.
Sən ey mavi göylər,
Səmavi göylər!
Görəsən göylərin qəfəsi varmı?
Görəsən ruhların nəfəsi varmı?
Üfüqdən-üfüqə uça bilirsə,
Durna qatarında nizam qalacaq.
Bizi o qatara yazan qalacaq.
Qalacaq, məhəbbət təzə qalacaq!
Sədaqət rəmzidir,
Bir yaşam tərzi,
Leylək yuvaları,
Haqq tərəzisi,
Bir gözündə mənəm,
Bir gözündə sən,
Yer üzündə mənəm,
Göy üzündə sən.
Göyün azadlığı saxlayar bizi,
Yerin tarazlığı saxlayar bizi.
Qalarıq yer ilə göy arasında,
Gedərik ələnmiş ələklər ilə,
Gələrik qanadlı mələklər ilə.
Deməli əbədi sən mənimləsən...
31 dekabr, 2017
Bakı-Buynuz
Baxmayaraq ki, "Yazmaq da bir növ ibadətdir" (Kafka). Amma buna rəğmən, poeziya din deyil. Ona görə də burda bütləri sındırmaq asandır. Önəmli olan şairin kahinliyidir. "Şair bütün duyğuları uzun müddət idrakla qarışdıraraq, sistemsizləşdirərək kahinləşir" (Artur Rembo). Tonqalların yerində gülüstan deyil, güllük deyil, küllük yaranacaqsa, bütləri sındırmağın nə mənası? Çağdaş Azərbaycan şeirində sözləri, rəngləri, hətta bir-birinə zidd sözləri və rəngləri, antonimləri çılpaqcasına üryan edib sevişdirən, "eşqi bir-birini tamamlayan iki uyğun rəngi "evləndirərək" (Van Qoq) ifadə edən gənc kahinlər niyə yoxdur? Nə üçün gənclərimizin "dünyanı yaradan və idarə edən xəyal gücü" (Bodler) yoxdur?
Yeni, üst şeir bəkləntimiz gənclərdən ikən, budur, 81 yaşlı Musa Yaqub dekabrın son günündə yazdığı "Sən mənimləsən" adlı şeirini bizə göndərdi. Əsən mehin doğurduğu mistik bir qımıltı Musa Yaquba çağımızın ən gözəl və ən gözlənilən şeirini yazdırıb. Tərəddüdsüz, kimin necə qarşılayacağından asılı olmayaraq deyirəm: sevgi, həsrət, nisgil, hicran duyğularının belə ruhsal şeirləşməsi Azərbaycan poeziyasında Yenidir. Öz xəyal gücünün yaratdığı asimanda qanad gərib uçan Musa Yaqub çağdaş dünya şeirinin səviyyəsindən də üstün ən gözəl sevgi şeirlərindən birini 81 yaşında yazdı. "Kahin olmaq, kahinləşmək gərəkdir" deyən Rembonu düşündüm. "Sən mənimləsən" - Musa Yaqubun kahinliyidir.
Azər Turan
Məhəbbətin davamı
Unudulub çapdan qalmış bir şeirim
Mən sənin könlündə ölən sevgini
Bir qəfil sehr ilə dirildəcəyəm.
Bu eşqə qayıdıb,
Onu ayıldıb
Sızlar ürəyini kiridəcəyəm.
Üstünü qar basmış tənha əkinin
Yaşılı yenə də haçalanacaq.
Bu nakam sevginin, ölən sevginin
Külü sovrulacaq, qoru yanacaq.
Bu eşqə təzədən söz verəcəyik,
Ona baxışmağa göz verəcəyik.
Bir də diksinəcək o toxum, o dən,
Ağacın gül olmaz, güllərin həşəm.
Qul tək ayağına düşüb yenidən
Səni şah taxtına qaldıracağam.
Tapıldı o cığır, bitdi o yoxuş,
Yanar üfüqümüz qızıl dan kimi.
Dünyanı dolaşan bala qaranquş
Köhnə yuvasına qayıdan kimi
Səni bu baharla göyərdəcəyəm.
Sonra şirin-şirin həsrətlər ilə,
Təzə görüşlərə həsədlər ilə
Yenidən sinəni göynədəcəyəm.
Arı beçəsini çöldən qaytarıb
Təzədən pətəyə öyrədən kimi
Səni bu sevgiyə öyrədəcəyəm.
Sonra bu sevgini qırıq saz kimi
Bir sarı sim üstə söylədəcəyəm.
"Xaqaniyə salamlar"
silsiləsindən
Giriş
1
Babadağdan gələn çaylar,
Əl-ayağın soyuqdumu?
Belə aşıb-daşmaqların
Tanrıdan bir buyruqdumu?
Alapaça qaça-qaça
Gəlib səndən keçən vaxtı,
Su payını içən vaxtı
Səs-səmirdən duyuqdumu?
Ayağını daşlar əzən,
Ağzı qara bala cüyür
Suda qoyub başmağını,
Süzgəc edib yaşmağını
Burnuna su dolan vaxtı
Yenə ayıq-sayıqdımı?
Çaydaçapan çapıb gedər,
Öz ovunu tapıb gedər,
Hörgüləri hörgüləyən
Dırnaqları qıyıqdımı?
Sel suları artdı gəldi,
Sahilləri dartdı gəldi.
Nohurlanıb su ləngidən
Selintilər, çiləkənlər
Ağacdımı, qayıqdımı?
2
Babadağdan gələn çaylar
Hər dərmanın suyundadır.
Dərinlərin at belində,
Dayazın quş boyundadır.
Bulaqların bir parası
Qımıldanır ot arısı.
Bir bulağın nur aynası
İlahinin qoynundadır.
Köhnə marxal donub durub,
Daşını sel yonub durub.
Şehotları donub durub,
İncisi gül boynundadır.
Füzulinin nəfəsindən
Köynəkləri dolub durub.
Gölməçələr məclis qurub
Hübabı bərk oyundadır.
Ağ suları gümüşlənir,
Qara suyu dəmir dadır.
3
Babadağdan gələn çaylar,
Peşnu sənin qolundumu?
Gah bir olur, gah ayrılır,
Bu yol sənin yolundumu? -
Sağlandılar-sollandılar,
Başaşağı yollandılar.
Daşlar selə sinə gərir,
Elə bil ki, nər oynadır,
Novda sular cuşa gəlir,
Dəyirmanda pər oynadır.
Dəyirmanlar qoşa-qoşa,
Suyu gəlir daşa-daşa.
***
- Nə deyim, nə yaradım:
Gah özümü qınadım
Gül üstündə qanadım
Bir kəpənək gücündə -
Ah, bu dövran, bu dövran
Keçmək olmur yanından,
Girib dəyirmanından
Çıxdım başqa biçimdə.
Hava duman, yol uzaq,
Gecə uzun, gün yasaq.
Mən bir asi yalquzaq,
Qurd ulayır içimdə.
"Bənzəyir kündə ayağımda
dəyirman daşına,
Qanlı göz yaşımla işlər
bu dəyirmanım mənim".
Dəyirmanlar qoşa-qoşa,
Suyu gəlir daşa-daşa...
Vələsində qara suda
dəyirmanın işlər ikən
Dəyirmanda dən növbəsi
bəlkə də min beşlər ikən
Tişək daşlar
Quru dəni əzib-vurub
dişlər ikən.
Birdən-birə
şindan gəlib dolan vaxtı,
Çiləkənlər
dar boğazda qalan vaxtı
çax-çax haray salan vaxtı
Onda bildim ey Xaqani,
bu dəyirman səninkidi.
İşləyir söz dəyirmanı,
çərxi-dövran səninkidi.
"Mədhiyyə"də xaqan üçün
De, işlət bu dəyirmanı,
"Həbsiyyə"də dövran üçün
De, işlət bu dəyirmanı.
Könlün haqqın sorağında
Kündələrin ayağında.
Yaltaqlar kef-damağında,
Sən işlət bu dəyirmanı.
Ömür keçdi, yaş qalmadı,
Bir tişəkli daş qalmadı.
Gözlərində yaş qalmadı,
Sən işlət bu dəyirmanı.
Sərt illərin yaxasından,
Əsrlərin arxasından
Durub gəlib
heç dəyirman işlətməyin vaxtı deyil.
Bu Süleyman taxtı deyil,
Deməzlərmi şairimiz
təzə bir imana gedir?
İnsan kosmosdan qayıdır,
şair dəyirmana gedir.
Bəs sənin söz dəyirmanın -
O hansı ümmana gedir?
Çay sellənib bənddən çıxıb,
İlan cızdan, xətdən çıxıb
İnsan itaətdən çıxıb
Hərəsi bir yana gedir.
Kəsilibdir gəl-getləri,
Yox vəzifə biletləri,
Yanında qəssab itləri
Yalmana-yalmana gedir.
Var kef yeri, xərac yeri,
Şum birinin əlac yeri.
Min əkənin qazanc yeri
Yığılıb xırmana gedir.
Gedişləri saxla görüm,
Günümüzə ağla görüm... -
Saxla, saxla dəyirmanı, sən Allah!
Sıxır məni dağ dumanı, sən Allah
Sənsən yenə söz sarvanı, sən Allah
Nə olsun ki, müdriklər var, Quran var,
Eh, hələ də qırdıran var, qıran var...
Yer üzünün Süleymanı neyləsin,
Xaqaninin dəyirmanı neyləsin?..
Bir saatlıq şeir
Dünya, məndən nə istərsən?
Hesabla bir borcum hanı?
Yerdə yerim, göydə havam,
Ulduz içrə bürcüm hanı?
Çox incilər itirmişəm,
Ömrü başa yetirmişəm.
Şələ verdin, götürmüşəm,
Aparmağa gücüm hanı?
Mən dünyanı eşq bilmişəm,
Yaşamağı məşq bilmişəm.
Bir oxuyub beş bilmişəm,
Sınaq üçün üçüm hanı?
Tanrım, uzat ətəyini,
Bir az azalt kötəyini.
Daha bundan betərini
Götürməyə ölçüm hanı?
Dayan soltan! Dayan başqan!
Yol görmürəm gözüm yaş-qan,
İçim başqa, çölüm başqa,
Sözdə ölçü-biçim hanı?
Ocaq yerim körük yerim,
Otlanıbdı örük yerim.
Bütün meşə kötük yerim,
Köç edirəm köçüm hanı?
Torpağı çox aldatmışam,
Sünbül yoxsa biçin hanı?
Həm üzülüm, həm süzülüm,
Titrəyirəm zülüm-zülüm.
Arxamcadır, gəlir ölüm,
Bundan başqa seçim hanı?
14 dekabr 2017
Mərdəkan
Bu mənim ömrümdür
Bir yorğun torpağam dincə qoyulmuş,
Daha əkilməyim, biçilməyim yox.
Köhnə qarağacam içi oyulmuş,
Bir də körpülənib keçilməyim yox.
Bütün körpüləri keçmişəm daha
Səbir kasamı da içmişəm daha.
Quzey ağacıyam,
yanım duman, çən -
Bircə yarpağıma gün düşənəcən
Nələr çəkdiyimi özüm bilmışəm,
O gülən yarpağı üzüm bilmişəm.
Hanı o yamacda gün dəyən tərəf?..
Yolda taleyimin yaşıl işığı,
Kolda sarmaşığım dolaşan kələf.
Mən o kələfləri aça bilmədim,
Bir namərd əlindən qaça bilmədim.
***
Hanı bu dünyanın dağ tərəfləri,
Qızıldöş qayanın tağ tərəfləri?
Ayağım dəyməmiş bir daş qalmadı,
Heyif, gücdən düşən o ayaqlara!
Çayına çiyindaş, daşına yoldaş
Heyif, ömrümdəki o ortaqlara,
Özüm ola-ola mənim olmayan,
Heyif yaylaqlara, ulu dağlara.
Havaxan doğrudan havada xandı,
Heyif o xanlara, o sələflərə,
Daha üz çevirməz biz tərəflərə...
***
Pətək də saxlamır işsiz arını...
Bu külək payızdan gələn havadı.
Quşlar da uçurdu balalarını
Mənim də ürəyim yetim yuvadı.
Uçub məndən gedən söz qanadlarım -
Görən harda qalır o övladlarım?
Hansı budaqlarda böyüyür görən,
Hansı ürəklərdə döyünür görən?
Görsəm çoxlarını tanımaram heç.
Daha o uyğular, şirin duyğular,
Sevgidən sorğular mənimki deyil.
Hanı bu dünyanın sevgi tərəfi?
İnsanın insana ərki tərəfi?
***
Dayan, oturduğum yeri dəyişim -
Hə, bu daş yaxşıdı, mamırlı, yumşaq -
Dünyanın işiylə daha nə işim,
O fincan çayımı gətir, balacan!
Daha mən xatirə çözələmirəm,
Köhnə dərdlərimi təzələmirəm.
Bir də izim qalmaz çaylaq daşında,
Sel coşar üstündən, daş atar məni.
O köhnə dərdlərim bağrım başında
Sızlaya-sızlaya yaşadar məni.
Əlim ki, o ələ yetişməyəcək,
O sınıq güzgü ki, bitişməyəcək,
Olmuşda daha nə təsəlli gəzim?
Xatirə yazmağa, yuxu yozmağa
Heç qulaq asmağa yoxdu həvəsim.
Hanı cəmiyyətin cəm tərəfləri,
Yaşayış tapmağa çəm tərəfləri?
***
Günahım gözündə oxunur, tubu,
Yenə o gözlərdə baxışlanıram.
Mən payız durnası, axşam qürubu,
Pənbə buludlarda naxışlanıram.
Uçuram gecənin durna səfində,
Üzü görünməyən ay tərəfində.
Hanı dan üzünün ağ tərəfləri,
Dövrünün qızılı cağ tərəfləri?
***
Bir az saymazyana, bir az biganə
Hələ ki, canımda can saxlayıram -
Ruhum uçmaq üçün dəli-divanə -
Nə bir əlləşirəm, nə can çəkirəm,
Gümüş türbə, nə də qızıl cam üçün
Mən cığır çəkirəm, ağac əkirəm,
Mən çiçək dərirəm o dünyam üçün.
Buraxdım ömrümü üstdən aşağı
Tanrıdan gələcək sərəncam üçün -
Hanı bu dünyanın ruh tərəfləri?
Gəmi tərəfləri, Nuh tərəfləri?
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!