Su səpir arxanca gözlərim
Anamın əziz xatirəsinə
Sıcaq-sıcaq xatirələr oyanır,
ruhun qonaq gəlir bizə qəfilcən.
Canım, tənim sənli-sənsiz hey yanır -
dodağın alnımda hərarətölçən.
“Sənə anan qurban” nəvazişlərin
qopur dodağından bir dua kimi.
göylərdən içimə dolub səslənir
cənnətdən ucalan bir səda kimi.
Azarım, dərdlərim yox olur bir an,
gözümə nur gəlir, dizimə taqət,
üzülür ayağım yerdən nagahan,
ruhummu bu yüngül qanadlı xilqət.
Bu addım səsləri mənə bəllidi,
işdənmi qayıdıb gəlirdin yenə?
Doğma bir həsrətlə qulaq kəsildim
qapıya saldığın açar səsinə.
Qoyduğun nə varsa qalıbdı bizdə,
səliqə-sahmanın, qabın-qacağın.
Plovun dəmdədir ocağın ustə,
sən özün süfrə aç bu axşam çağı.
Evin hər küncündə bir mələk bitir,
gəlib əyləşirlər süfrə başında,
açdığın süfrənin bərəkətidi -
göylər bu məclisin tamaşasında.
Şənlik sona yetir məclisimizdə,
hər ruh öz səmtilə uçub qeyb olur.
Bura sənin evin, qalsana bizdə -
tutmuşam əlindən, gözlərim dolur.
Çıxırsan qapıdan, əlim yellənir -
Allah amanında, yaxşı yol sənə!
Enirsən ehmalca pilləkənləri,
su səpir arxanca gözlərim yenə.
Mən dəlicik
Nə deyirsən, sevdiciyim,
oynayaqmı göy qübbəsində ikimiz
evcik-evcik?
Qapıcıqlar, tavancıqlar,
divarcıqlar, damcıqlar
ulduz-ulduz.
Quraq sökək evcikləri,
bir də quraq, bir də sökək, bir də quraq,
oynayaq yorulunca yatınca,
sən balaca, mən balaca...
Nə deyirsən, sevdiciyim,
oynayaqmı göy üzündə ikimiz
buludtopu?
Düzəldəkmi bulud-adam,
sonra hey qaçışaqmı,
yıxılaqmı, duraqmı,
bulud bizə, biz buluda qarışaq,
sən uşaq, mən uşaq...
Nə deyirsən, sevdiciyim,
oynayaqmı ayaldıqaç?
Mən səndən alıb qaçırım,
sən məndən al qaçır Ayı,
mələklər də oynağan,
alsınlar ayı bizdən.
Zülmət küncə çəkilək,
sən qız, mən oğlan...
Hanı ulduzlar,
hanı buludlar,
hanı mələklər,
sən özün hardasan, sevdiciyim?
Öz-özümlə oynayacam deyəsən
mən dəlicik.
Sən...
Gözümdən içimə axdın qəfildən
baxdım ki, qəlbimdə qələmimdə
Sən.
Uçan xalçatəki bir ağ vərəqin
qonursan üstünə səmalar
Sənin.
İşıqlar zülmətlər dalır seyrinə
nə gözəl yaraşır bu uçuş
Sənə.
Aşırsan göylərin uca səddini
dövrəyə alırlar mələklər
Səni.
Açılır düyünlər gözüm önündə
bütün caduların açarı
Səndə.
Bir yol da en yerə, tut qələmimdən
sındır bu tilsimi, qurtulum
Səndən.
Eh, əzrayıl, əzrayıl...
Çəkdim sənsizliyi ağlaya-gülə,
eh, ötən günlər.
Sarmışdı içimi şirin duyğular,
eh, uyğular, uyğular.
Coşdu dalğaların, batdı gəmilər,
eh, ümidlər, ümidlər.
Aldım səni qafiyəli yazıya,
eh, poeziya, poeziya.
Hanı o bəsləyib dərdiyim güllər,
eh, sevgilər, sevgilər.
Öldü cəmi üşşaq məndən savayı
eh, əzrayıl, əzrayıl...
Yosun ətirli sevgilər
Doldun, doldun, doldun mənə
damla-damla, gilə-gilə.
Möhkəm dur, gəlir üstünə
dalğalı dəli sevgilər.
Dəniz çəkilər, qabarar,
səni endirər, qaldırar,
Min yol dadsam, yenə qalar
bakirə gəlin sevgilər.
Açar sübhü günəş çöhrən,
baxar-baxar məhrəm-məhrəm.
Məni yenə salar sehrə
yosun ətirli sevgilər.
Yaxalandıq
Yerimizdə-yurdumuzda
yüyənsiz yellər yüyürürdü,
yarğan-yarğan yarılırdı yurdumuz.
Yerimizi-yurdumuzu
yolub-yolmaclayırdı yellər,
yaralanırdı yurdumuz.
Yaralardan yıpranmadıq.
Yumurtadan yun yolmadıq,
yetimləri-yesirləri yedirtməkdən
yayınmadıq.
Yal yalayan yalaqların, yaltaqların
yuvasına yollanmadıq.
Yaraqlılara yarınmadıq.
Yad yerlərin yellərinə
yalmanmadıq...
Yollandıq yoxuşlara,
yoxuşlarda yıxılmadıq.
Yoxuşlar yaxındı yuxarılara,
yaxınlaşdıq yuxalmadıq.
Yalançı yağışlar yağırdı yoxuşlara,
yaşlanıb yumşalmadıq.
...Yollandıq yolların yaxşısına.
Yeriyirdik arxayın-arxayın,
yeriyirdik yayğın-yayğın.
Yarı yolda
yorğun-arğın yıxdıq yükümüzü
yolların yaxasına.
Yayxandıq.
Yuxuladıq.
Yaxalandıq.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!