Görən, xoşbəxt olaram Yerə qoysam qələmi?.. - Aysel Nəsirzadənin şeirləri

***

Daşçatladan ayazdı

Dilindəki əlvida.

Elə unut ki məni,

Düşməyim bir də yada.

 

Qıfıl vur, xatirələr

Birdən yolundan edər.

Bütün vaxtsız gedənlər

Solundan çıxıb gedər.

 

Kaş heç vaxt olmayaydı

Eşqin vida tərəfi.

"Sən məndən yaxşısına

layiqsən" sözü olur

Gedənlərin "tərifi."

 

Tərifini söylədin,

Gərək yox təsəlliyə.

Bəhanəylə gedənlər

Dönməz bir də geriyə.

 

***

Bir çatdaquş tamıdı uşaqlığım,

Bir xınadaşı qoxusu,

Bir "hökumətağacı" qorxusu.

Çardaqdan ulduzlara boylanan

            qayğısız baxışlar,

Məktəbli çantasında işlənməmiş,

            bəzəkli say çubuqlar,

Müəllimdən gizlədilmiş qırmızı qələm,

Bir də

Biləyimdə zamanı donduran "diş saatım",

Bununla bitir uşaqlıq əhvalatım.

Sonra

Boz dumanlı havada qaçaqaç,

Boğulmaqdan qurtulduğumuz Araz,

Arazın bu tayı dərd-ələm.

Və...

Uşaqlığını yaşamadan böyüməyə

            məhkum edilmiş mən.

Yoxdur başqa bir xatirəm.

 

***

Qanadın açmasın deyə,

Qəlbin sinə qəfəsi var.

Sevmək yetmir tək insana,

Sevilməyə həvəsi var.

 

Yarım qalan yara həmdəm,

Tapan tapar ruha vətən.

Yer üzünün sərinlədən

Günəşin Ay kölgəsi var.

 

Eşqə ümidlənib gələr,

Sevgini müqəddəs bilər.

Sevdimi, ömürlük sevər -

Hər ürəyin öz kəsi var.

 

Özü yıxılan kəsin

 

Özü yıxılan kəsin

Gözündə yaşı olmaz.

Darıxmağın vədəsi,

"Bəlkə"si, "kaş"ı olmaz.

 

Xoşbəxtlik ilıq mehtək

Toxunar, qəlbə keçər.

Tale ölçü götürər,

Həsrəti ömrə biçər.

 

Keçər ömür qatarı,

Arzuları aparar.

Xatirələr qoynunda,

Xəyallardan qoparar.

 

Gündüzün fikirləri,

Gecənin dərd, ələmi.

Görən, xoşbəxt olaram

Yerə qoysam qələmi?

 

Həsrət yolu

 

Sənsiz bu şəhərə

Nə gecənin qaranlığını yaran

Ay mavisi boylanır,

Nə gündüzünü aydınladan şəfəq sarısı.

Alatoranlıqdı xəyallar,

Ümidsizdi arzular.

Hər şey kəm-kəsir

Ürəyim qəfəsdə susqun, əsir.

Darıxmaq var, darıxmaq,

Ağlamaq var - gözü dolu.

Saxsıdakı çiçəkləri

Göz yaşıyla sulayaraq

Pəncərə önündən başlayır həsrət yolu.

 

Vardır betərin betəri

 

Baş söykəyib ağ vərəqə

Şeir-şeir ağlayıram.

Misralardan köz götürüb

Ürəyimi dağlayıram.

 

Bəm görünən dərdlər zildir,

Gizli-gizli qəlbi didir.

Gecənin biri bir ildir,

Zülm ilə sabahlayıram.

 

Sənsiz ömrüm, günüm talan,

Nə düşündü ayrı salan?!

Darağının üstə qalan

Bir telini qoxlayıram.

 

Dünya beşgünlük, ötəri,

Hər döngədə bir xətəri.

"Vardı betərin betəri", -

Deyib bir az toxtayıram.

 

Nöqtə hünəri çatmır

 

Nöqtəsi qoyulmayıb sənə yazılan şeirlərin,

Ara-sıra boy göstərir misraların arasından

Boynubükük suallar.

Nəticələr səbəb tapmır.

"Bəlkə"li, "kaş"lı bəndlərin önünə

Bir "ehh"li sətir keçir, nidası özündən böyük,

"Son olsun!" deməyə

Nöqtə hünəri çatmır.

 

***

Qərənfil qoxusuna bürünər

Xatirəsi qızılgüllü xəyallar.

Arzular ümidinə gecikər,

Xəzəllərə sarılar payız ayrılıqları,

Qürbət ürəkdən həsrət yol çəkər.

Eşqlə doğmalaşar insan insana,

Ürək döyüntüsün sevgidən alar.

Eşq olmadan ürəklər də yadlaşar,

Yadelliyə dönər vətən olanlar.

 

Ovutmaz ruhumu

heç bir təsəlli

 

Yatar ürəyinə söhbətim-sözüm,

Çətin bildiklərin görünər asan.

Möhürlə yolunu səssizliyimə,

Mənim sükutuma qapılmayasan.

 

Dolanbac ömrümün yolu tikanlı,

Qara kölgələr var hər ağlığında.

Ən yaxşı məsafə durduğun yerdi,

Mən daha yaxşıyam uzaqlığında.

 

Dalma ürəyimin dərinliyinə,

Səni kədər boğar, qəm qaçaq salar.

Məndən duyduqların şeirə sığar,

Dastanlara sığmaz ağrılarım var.

 

Ovutmaz ruhumu heç bir təsəlli,

Dilə tutulası dərd deyil dərdim.

Həyat əzəlindən sınaq meydanı,

Mən də sınaqlardan keçməyə gəldim.

 

Ruh bədəndə

yerin danır...

 

Bilsən, necə qəm çəkirəm,

Divar nəmi çəkən kimi.

Göz yaşlarım selə dönür

Gün gecəyə keçən kimi.

 

Düyünlənib acı qəhər,

Boğur məni yenə gecə.

Ürəyimə verir kədər,

Həsrət olub bir bilməcə.

 

Bilmirəm ki, bu nə sirdir?..

Bilməm, niyə narahatam...

Yadıma gəlmir, bir ildir

Başım atıb rahat yatam.

Vücudumun təpəri yox,

Ruh bədəndə yerin danır.

Nə göylərə təslim olur,

Nə yerdəki yerin anır.

 

Yazan özü belə yazıb,

Taleyi mən seçməmişəm.

Ölüdən betərəm, onsuz,

Bir dünyadan köçməmişəm.

 

Elə intəhasız

darıxıram ki...

 

Elə intəhasız darıxıram ki,

Dilimdə ən şirin sözüm darıxır.

Nəmli kirpiyimin sığal çəkdiyi

Çuxuru göllənmiş gözüm darıxır.

 

Elə intəhasız darıxıram ki,

Bu şəhərin mənəm qərib sakini.

Qayğılardan yosun tutmuş ürəyim,

Qarışdırmış nifrət ilə sevgini.

 

Elə intəhasız darıxıram ki,

Uzaq düşər sevinc, kədər boylanar.

Pəncərəmi xısın-xısın döyəclər

Qaranquşu yola salan son bahar.

 

Elə intəhasız darıxıram ki,

Üzərimdə nakam arzu kölgəsi.

Bu dünyaya ruhum sığmır əzəldən,

Yəqin, odur darıxmağın "bəlkə"si.

 

Yenə də mən qalibəm

 

Daha nağıllardakı

            xoxanlardan qorxmuram, ana!

Həyat çox bəzəkli-düzəklisin

            çıxardı qarşıma.

Daha mən də

Nə Cırtdanam, nə şahzadə,

Nə də ki, yatmış gözəl.

Dönüb oldum yeddibaşlı əjdaha -

Öldürdülər, dirildim,

Ağlatdılar, kiridim.

Uzaqlaşdım hər kəsdən,

Yazdım öz hekayəmi, özüm başına keçdim.

Onları "böyütmədim" gözümdə,

Dedim, cılız qalsınlar, daha betər olsunlar,

Həyatı rəqib seçdim.

Davam da onunladır,

            müharibəm də, mübarizəm də...

Dərdlə bükdükcə belimi,

            tutub ürəyimdən ayaqlandım,

Ona qarşı duruşumla canlandım.

Qorxma, ana, indi mənə

            ən doğma duyğudur ölüm.

Həyat ölümdən qorxanlara əzizdir.

Ölüm qorxusuyla insanlar

            həyata tutunub, biləsən,

Ölüm olmasa, həyat da kimsəsizdir...

Yenə də mən qalibəm...

 

***

Sən şənbə gününün rahatlığıyla

Sevdin -

Bazar ertəsinə hələ bazar var kimi.

Halbuki anlamadın,

Yaşamaq üçün bəhanəydi bu eşq.

Kaş ki, sevə biləydin,

Yarına yar,

Şirin bir yuxunu bəxtinə yozar kimi.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!