Ürəyimdən keçən adam, Başına yol qəhətdirmi?!. - İlham Qəhrəmanın şeirləri

Yazı masam

 

Yazı masam təndir misalı,

həmişə odda saxladım.

Nə şit gördü, nə təlx gördü,

bir şirin dadda saxladım.

 

Təndirə çırpı yığan uşaq kimi,

6 il qapı-qapı gəzdim, -

Qələmə şəlləyib gətirdim,

üstündə "Laçın folkloru" yazdım.

 

14 ilə o tay-bu tay Vətəndə

topladım Sarı Aşığı,

İndi adı ölkəylə birdi, -

aləmi tutub işığı!

 

Masada dizimi yerə verdim,

qoymadım it-bat ola Aşıq Alı.

Sözləri səmtinə qoydum,

üzə çıxdı təcnisin gül camalı.

 

Bir gözümdə gülüş, o birində yaş,

Laçının "Lətifə"sini yazdım,

Şad günündə sevinə-sevinə

"Söz xəritəsi"ni cızdım.

 

Yazı masamda nə yazdımsa,

məndən irəli düşdü ürək.

Ayrı masamız olmadı -

mən üstünə söz daşıdım,

qadınım çay-çörək.

 

Yazı masamda yazıldı

essem, şeirim, bayatım...

Yazı masamdan başladı

yoxluğa bağlı məhkumluq həyatım.

 

***

Hər günümə şərik çıxdı,

Ömrü sözlə tən elədim.

Necə ki nar dənələnər,

Qələmdən söz dənələdim.

 

Yolların ağına çıxdım,

Qəmin ocağına çıxdm,

Sözün qabağına çıxdım,

Qapımı da gen elədim.

 

Payız gəlir yaydan sonra,

Uçurumdu qıydan sonra...

Xeyli götür-qoydan sonra

Sözü məndə mən elədim.

 

Mənim dərdim ayrı dərddir

 

Daşdan uzaq, gülə yaxın,

Mənim dərdim ayrı dərddir.

Dişdən uzaq, dilə yaxın,

Mənim dərdim ayrı dərddir.

 

Yara yol gedən ərinməz,

Hər ağac gülə bürünməz.

Çıraq tutalar, görünməz,

Mənim dərdim ayrı dərddir.

 

Tikan olmadım, kəsələr,

Acı demədim, küsələr.

Deyil eşq dərdi, - desələr,

Mənim dərdim ayrı dərddir.

 

Məna xovdu, söz ilmədi,

Çox sirr qaldı çözülmədi...

Yıxılmadım, əzilmədim,

Mənim dərdim ayrı dərddir.

 

İlham, telə gül taxdı yar,

Gül məmnundu, yar bəxtiyar.

Ariflər gözdən oxuyar,

Mənim dərdim ayrı dərddir.

 

Eşq sənə çəkdirər, aşıq

 

Aşıq Nəbiyə

 

Vurulsan bir salatına,

Eşq sənə çəkdirər, aşıq!

Tablamarsan təlatümə,

Eşq sənə çəkdirər, aşıq!

 

Başını sadağa qoyar,

Dilini qadağa qoyar.

Yanağı isdağa qoyar,

Eşq sənə çəkdirər, aşıq!

 

Baxmaz adın urvatına,

Qəm toxuyar bayatına.

Üzüm ayağın altına -

Eşq sənə çəkdirər, aşıq.

 

Dərd dərdi yedək eyləyər,

Od vurar, ətək eyləyər.

Dilini gödək eyləyər,

Eşq sənə çəkdirər, aşıq!

 

Evdi - girəcək görünməz,

Yoldu - duracaq görünməz,

Belə görəcək görünməz,

Eşq sənə çəkdirər, aşıq!

 

Aşıq belə zalım olmaz

 

Aşıq Afil Bəxtiyara

 

Allah sənə insaf versin,

Aşıq belə zalım olmaz!

Barmaq simə hesab versin,

Aşıq belə zalım olmaz!

 

Ta görməzlər təzə bizi,

Sən də belə bəzə bizi.

Almadınmı gözə bizi?!

Aşıq belə zalım olmaz!

 

Körpü atmışam keçə yol,

Gedər, bölünər üçə yol...

Ölüb dirildim neçə yol,

Aşıq belə zalım olmaz!

 

Yar dolanan o dağ olam,

Yelləndiyi budaq olam.

Ha istədim toxdaq olam...

Aşıq belə zalım olmaz!

 

Ölü haqqı, diri haqqı,

Od-ocağın qoru haqqı,

Dədəmizin goru haqqı,

Aşıq belə zalım olmaz!

 

Hal-əhval

 

Ürəyimdən keçən adam,

Ürəyimi necə gördün?!

Yəqin qədim evlər kimi

Dərd-qəmi iç-içə gördün?!

 

Dağların qarı tükənər,

Heç tükənməz məlal məndən,

Yaxam qalıb öz əlimdə,

Sən bu məni gəl, al məndən.

 

Ürəyimdən keçən adam,

Başına yol qəhətdirmi?!

Utanıram soruşmağa -

Barı, yolun rahatdırmı?!

 

Hələ gedir tağa dərdim

 

Yar üzdən telin qatlasa,

Deyərdin, Göy ayazıdı.

Məni qoyub gedən gündən

Rəngi-rufum avazıdı.

 

Günümüz onda gün idi,

Həm işıqlı, həm şen idi,

Aramızda yol gen idi,

İndi durna boğazıdı.

 

Bu bəy dərdim, ağa dərdim,

Hələ gedir tağa dərdim,

Qalxıbdı qurşağa dərdim,

Vaxt varıdı, dayazıdı.

 

***

Yaz göyərən qamış kimi,

Bir şivərək oğlan idim.

Qələm bellə, kağız bağla

Söz bağında bağban idim.

 

Cütüm nəydi, təkim nəydi,

Bu bəxt gələn hökm nəydi?!.

Dərman nəydi, həkim nəydi,

Top kimiydim, sağlam idim.

 

Ya yerdə qaçan öləcəm,

Ya göydə uçan öləcəm...

O sirdi, haçan öləcəm, -

Yazağzı doğulan idim.

 

Nədi

 

Bir gözəl görmüşəm, əhli-hal bilər -

Sinəmin çəkdiyi bu ahı nədi?!

Onu görən gündən keçən günlərin

Bilmirəm axşamı, sabahı nədi.

 

Deyib-gülən idim, bir zaman şuxdum,

Qalamın bürcünə ağ bayraq taxdım...

Kəsdirə bilmədim nə qədər baxdım -

Cəlladdı, mələkdi, ya, Ya Hu, nədi?!

 

Bilək balıq qarnı, ayaqlar mildi,

Boyu yasəməndi, dodaqlar güldü...

Demir İlham birdən yıxılıb öldü, -

Deməz bu yazığın günahı nədi.

 

Düşə

 

Könül istər qara qultək,

Gözəl, sənə kölə düşə.

Gözəlliyindən umsunur, -

Bir azca da gülə düşə!

 

Qollar dolana boynuna,

Əllər sallana qoynuna,

Sənin xatalı oynuna

Düşən canım belə düşə.

 

Yasımda qara geyələr,

Saç yolalar, diz döyələr,

Gözəl öldürdü - deyələr,

İlham belə dilə düşə.

 

Mənəm

 

İndi əcəb bir halım var -

Yarı sənəm, yarı mənəm.

Hər günümün yoldaşıdı,

Kədərin simsarı mənəm.

 

Gül neyləsin solan yerdə,

Göz neyləsin dolan yerdə?!

"Zəminxarə" çalan yerdə

Tarzənlərin tarı mənəm.

 

İlham, yol var yol içində,

Bənövşə var kol içində.

Öz yığdığı bal içində

Batıb ölən arı mənəm.

 

Adam

 

İlim-zalım qəm gözündən -

Tərəzisi əyən adam.

Qara damın bacasıtək

Köksünü dərd oyan adam.

 

Göz sıxırsan kəlməbaşı,

Şeytan əl çalıb qımışır!

Yanağında köhnə yaşı

Təzə yaşla yuyan adam.

 

Mərhəmət kişiyə tacdı,

Çörəyi bişirən sacdı...

Gözün toxdu, qarnın acdı,

Bu dünyadan doyan adam.

 

Yaxşı ilə Sarı Aşıq

 

Göz ilə göz yaşı kimi,

Yaxşı ilə Sarı Aşıq.

İsa-Musa quşu kimi,

Yaxşı ilə Sarı Aşıq.

 

Həkəridə bağ meynədən,

Dastanı ürək göynədən.

Nakam getdilər, dünyadan

Yaxşı ilə Sarı Aşıq.

 

Aynadı sular sevgiyə,

Ağladı qular sevgiyə.

Heykəl qoydular sevgiyə,

Yaxşı ilə Sarı Aşıq.

 

Bu dünyadan o dünyaya

 

Səfər bəlli, zaman sirdi,

Bu dünyadan o dünyaya.

Hamı üçün təhər birdi

Bu dünyadan o dünyaya.

 

Çatanda vədən, saatın,

Çevirərlər salavatın...

Beş arşın bez mükafatın

Bu dünyadan o dünyaya.

 

Say üstündən çıxılmaqdı,

Yan-yörədən yığılmaqdı.

Ölüm bir də doğulmaqdı

Bu dünyadan o dünyaya.

 

***

Könlümdə pünhan guşəsi,

Dəm-dəm eynimə düşəsi...

Bədbəxt təlxəyin peşəsi

Şahı güldürməkdən yana.

 

Yar sevənə naz görünər,

Naz çəkənə az görünər.

O lal hoqqabaz görünər,

Eşqi bildirməkdən yana.

 

Şehli çiçəklər üşünür,

İçimdə dərdim eşinir...

İlhamı Allah düşünür,

O da öldürməkdən yana.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!