Bir sönməz ilhamla yazıb-yaratdın,
Sözün meydanında ixtiyar oldun.
Ömrünü əritdin millət yolunda
Sən özün taleyə, bəxtə yar oldun.
Sözə maya tutdun doğrudan-düzdən,
İşlədi dərinə, olmadı üzdən,
Dikəldin çinartək soykökümüzdən,
Ruhun var olduqca özün var oldun.
"Birdir Azərbaycan - birdir can" yazdın,
Yurdumun şəninə çox dastan yazdın,
Ən qorxunc zamanda "Gülüstan" yazdın,
Ən cavan çağında saçı qar oldun.
Vətən ana oldu, sən ona bəndə,
Ucaldın vətənlə göylərə sən də.
Şəhid oğullara ağı deyəndə,
Sızlayan, inləyən kaman, tar oldun.
Haqqın, ədalətin səndin hakimi,
Sağaltdın, hər dərdin oldun həkimi.
Ad yazdın tarixə bir ustad kimi,
Həmişə dillərə belə car oldun.
Ürəyin bir vurdu obayla, ellə,
Zirvəyə ucaldın pillə və pillə,
Bu xalqa yadlardan dəyəndə güllə,
Dözmədin, talandın, tarimar oldun.
Bir bayraq, bir Vətən, bu idi andın,
Vicdanı həmişə Allahın sandın,
"Şam əgər yanmırsa" dedin də, yandın,
Yanıb qətrə-qətrə Bəxtiyar oldun.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!