***
Açılan əllərimdə
Ümidlərim çiçək açır.
Bar verir, meyvəsi var,
Təravəti ürək açır.
Sanma ki, bağbanı yox
Dərdiyim tər meyvələrin.
Bağçası, bağı mənəm
Verdiyim hər meyvələrin.
Sorduğun ağacların
Səcdə adlı torpağı var.
Allaha yetmək üçün,
Qiblə xətti, yardağı var.
Pillələr keçirəm ki,
Asta gedim, toxunmayım.
Nişan verən imamətə
Yad kimi, oxunmayım.
***
Dünyanı vəsf edərəm
Axirətə yetmək üçün.
Savaba yol verərəm
Məlakütü ötmək üçün.
Kim gəlsə, utanmaram,
Saxlayaram qamətimi.
Bu səbəbdən də, mənə
Allah verər nemətini.
Cənnətin hər yerini
Ruhuma səyyar eləyər.
Kim ki, nadanla olar,
O ruhu əğyar eləyər.
Yazıram əhdimi mən,
Əş-şüara qeyd eləsin.
Allaha ərz olunan,
Beytinə bir beyt eləsin.
***
Bir qələm yazmadığı
Naməni yazdın, ey gözüm.
Düldülün gözündəki
Fəryad edən, qəmə dözüm.
Kim dözər, naləsinə,
Dərk eləyər, eşqə çatar.
Arifin göz yaşı da
İlahi eşqində yatar.
Necə çəkdinsə, gözüm,
Qəlbimi yardı, göz yaşı.
İçimi sızladacaq
Qəsrilərdə bəla daşı.
***
Damarımdakı qanın
Tərkibində şeir var.
Yazmadığı şeirin
Tərk içində xeyir var.
Şeytanın səsi tanış,
Aldada bilmir məni.
Neçə misram həkk olub,
Ruhuma gəlmir qəmi.
İlahidən gələn səs
Doğma, əzizdir mənə.
Ey məni anlayan kəs,
Çatmazsan heç bir kəmə.
Ondan yaxın varlığın,
Sevgisi olmaz, duyun.
Yaradanın lütfünə,
Eşq adına söz yayın.
Eşqə məktub
Qələm yazmayanda göz yaşım yazır
Qəlblərin şəhidə məhəbbətindən.
Necə anlayım ki, duymayanları?!
Enirlər Allahın səadətindən.
Görünən dağdı bu, pakdı, zirvədir,
Zirvəyə yetişməz kinli qəlblilər.
Şəhidin haqqına girənlərə de,
Məhv olar, əzilər kəmli qəlblilər.
Ən üstün, ən ali məqamdır şəhid,
Zəkası zəiflər anlamaz, bilməz.
Cənnətin ən üstün sakinləridir,
Xəyanət edənlər cəzasız ölməz.
***
Bu nə hicrandı ki, ya Rəbb,
Bəşəri heyrətə salmış.
Zamanla nihan eyləmiş,
Əqli pak, xəyala dalmış.
Elə bir zirvədə durmuş,
Saxlamış adını hər dəm.
Kim onu yada salarsa,
Axmaz ürəyinə bir qəm.
Həsrətə qərq olar yadlar,
Tanıtmaz İlahi eşqi.
Seçilər bəndə sınaqla,
Unutmaz İlahi eşqi.
Özünü anlamaz çoxu,
Oyanmaq istəməz, qəflət.
Dərinə baş vuran anda,
Yağdırar şeytana lənət.
***
Cürəti varsa o kəsin,
Versin nizam, əməlinə.
Nameyi-əmalı üçün
Töksün, mizan təməlinə.
Asılmasın günahlardan,
Ruh qurtarsın çün, ahlardan.
Açılmayan sabahlardan
Çəksin azan səm dilinə.
Məkan etsin məzlum evin,
Alqış deyin, həm də sevin.
Pak olanı ruha geyin.
Çöksün hər an çəm əlinə.
Boşluqlara vurmayın baş,
Peşman olar, deyər, dil, kaş.
Çatdır əhdə, etmə çaşbaş.
Əksin xəzan şum belinə.
***
Ovcumda sıxdığım məktub sənədi,
Ürək sözlərimi yazmışam, ey dil.
Pıçıltı səslərim qarışıb aha,
Kövrək sözlərimi yazmışam, ey dil.
Haqqa susduğunu eşitməmişəm,
Sözün tərkibində, hikkə vurmusan.
Almısan yanına fəqir, məzlumu,
Qəlbində elə bil, Məkkə qurmusan.
Naxələf, nankorun yanından keçib,
Haqqı dostun sanıb, onla qalmısan.
Nə qədər keçsə də, üstündən zaman,
Halı dəyişməyən, donla qalmısan.
Gah nala, gah mıxa vurmamısan heç,
Belə tanıyıblar, əzəldən səni.
Tanrı bəxş etdiyi ruhun səsisən,
İçiblər andını, kəsiblər qəmi.
***
Məni məndən qoparan -
Duyğulara məhkumam.
Səcdədən eşqə çatan -
Baxın, həmin məktubam.
Səmadadır bu ruhum -
Duam qunut əldədir.
Möminlər anlayarlar -
Qunut hansı dildədir.
Oxumağa, yazmağa
Nə çox mövzularım var.
Quran vurub təsdiqin,
Möhür avazlarım var.
Bəlkə də, anlamazsan
Orda olan ayəni.
Əş-şüara qeyd edir
Yazdığım hər qayəni.
***
Əllərində əlimin saldığı eşqin izi var,
Elə bir iz ki o, zülmətdən uzaq, gündüzü var.
O dəniz gözlərinin vahiməsi üzdü məni,
Dərin üzmək dilədim, olmadı, çün, bir üzü var.
Sözlərində sözümün vergülə bənzər nəfəsi,
Söz də var təkcə nida ilə bitir, bir sözü var.
O gözü gözdə görən dəhridə aləm üşüyür,
Göz də var bircə fəda ilə ötür, bir gözü var.
O kəniz dizlərinin göynəməsi közdü mənə,
Köz də var məncə, əda ilə yetir, bir közü var.
Sönməz eşqi könlümün, atəşi hicrandı mənə,
Qəlbi çək öncə səda ilə gətir, bir düzü var.
***
Bitməz ömür boyu bu sevgim sənə -
Yar oldun, qəlbimi fəth etdin, Adam.
Xeyir-dualarla imzanı atıb -
Ruhunla ruhumu şərh etdin, Adam.
Səni izah etmək qürur sayılır,
Yolunda sözlərin ətri yayılır.
Şeirlər, romanlar sözdə yuyulur.
Toxudun sözünlə, şərf etdin, Adam.
Yaşayır adınla, ucalır sözlər,
Böyüyür, boy atır izində izlər.
Axır səadətə yol gedir gözlər,
Uzatdın söz ömrün, sərf etdin, Adam.
Ərz etdim Allaha, pənah apardım.
Ummadım kimsədən, O, etsin yardım.
Hissimlə bu şeri ruhdan qopardım,
Anladım, bacardın, ərk etdin, Adam.
***
Məclisi təqvaya yetib
Allaha mən ərz elədim.
Büsbütün aləmdən ötrü
O varlıqdan əfv dilədim.
Yetişdi dadıma duam -
Ucaldı göylərə əlim.
Nə yaxşı ki, adamlardan
Asılmadı saçım, telim.
Böyüdü eşqim yenə də -
Qırılmadı ümidlərim.
Üstün gəldi ruhum, dünya,
Yıxılmadı təhdidlərim.
Səmaya qalxan şairdə -
Burulğanın açarı var.
Düşməz burulğan eşqinə,
Yar bildiyi hasarı var.
***
Səbəbsizdir,
darıxdığım bu anlar -
Kimdən ötrü darıxıram,
bilmirəm.
Xəyalların arxasınca qaçanda
Yıxılıram,
Dizlərimi silmirəm.
İstəyirəm,
səbəb olsun dəyməyim -
Büdrəməsin,
dik dayansın qamətim.
Bölünməzdi
iki kürəyə sözlərim.
Çağırırlar sülh yoluna,
Gəlmirəm.
***
Vətən dediyin bu ad
Tarix yazan can olur.
Ruhu müqəddəs edən
Torpaq udan qan olur.
Hər ruha qismət olmur
Çatsın dərin qatlara.
Sevgi, hünər istəyir -
Qatsın qanın qatlara.
Sevgilər cürbəcürdür,
Bunun adı başqadır.
Vətənə can verməyin
Eşqi, dadı başqadır.
Zirvələri fəth edən
Şah olar, padşah olar.
Eşq yolunda gedənin
Yardımı Allah olar.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!