Zamanında Borçalıda ağır kişilər ustadnamələrə də, gəraylılara da, təcnislərə də, qıfılbəndlərə də söz deyərdi, a sözü Borçalımızın söz xəritəsi olan söz ömürlü dostum, ruh qardaşım. Səninlə sözünün işığında kəlmələşirəm...
Salam, a Nizami,
Sabahın xeyir,
Sabahların xeyir, a gözəl kişi!
Bir çiskin görünür baxışlarında,
O çiskin nə deyir, a gözəl kişi?!
Baxış - dağlarına düşməmiş düyün
Hər sözün bir cəllad kötüyü idi
o çiskin üçün...
Nə deyir əlimdən yapışan külək,
Çatıb nə deyəcək gələn atlılar,
Yolların tozunu nal darağıyla
silən atlılar?!
Sənsizlik məni
Səninlə gör harda görüşdürübdü,
Gözümdən üzümə
sənsizliyinə
bənzər qafiyələr sürüşdürübdü...
Sənin şeirlərin nələr deyirdi
Türkün şeirini - türk şeirini
Ruhuna "Ruhani" havası bilən,
Tarixi günahın ayrılığını -
Borçalı adında bir məmləkətin
dünənə ruh olan sabahlarına
düşən kiriş ilə davası bilən,
Sənin söz davana üzərrik deyən,
Türkün türklüyünə ərənlik deyən
cavan türklərə,
Söz da silah idi söz anlayana;
Qazavat səsiydi davan türklərə,
a gözəl kişi...
Ruhu rəvanların niyyəti ilə
Sovuşar boran da, keçər bürkü də.
Şeirin,
ruhumuzda yaşayan şeirin
açan çiçəklərin,
gülən güllərin,
axar bulaqların,
əsən yellərin,
daşlara doy gələn
daşan sellərin...
söz ömrü olub
Yaşadar Nizami Mutlutürkü də!..
Saraclı, 6 avqust, 2024
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!