"Bir şeir atdım sulara..." - Esmira Məhiqızı

Şeirlər

***

Səni gün ağlada, bulud ağlada,

sonra da bir islaq umud ağlada,

səni etmədiyin sübut ağlada-

deyə bilməyəsən, mən etməmişəm.

 

Barmağın altında tətik olasan,

qəfil açılmağa ütük olasan,

hamının gözündə itik olasan-

deyə bilməyəsən, mən itməmişəm.

 

Uzaqdan keçəsən, gendən gedəsən,

qona bilmədiyin gündən gedəsən,

gedəndə biləsən, kimdən gedəsən-

sonra deməyəsən, mən getməmişəm.

***

Mən belə gedirəm, belə yüyürür,

mən belə gəlirəm, gələ yüyürür,

elə ayaq açıb, elə yüyürür-

məni ötüb gedir dərdlərim belə.

 

Sözü də çürüdür, çürüdür söz-bez,

dərdin dumanında yolu sez ki, sez,

əvvəl dalaşardım, küsərdim tez-tez-

indi barışmışam dərdlərim ilə.

 

Bir yola düşürəm, yol dərdə çıxır,

ol dərddən başlayır, öl dərdə çıxır,

üz tutub hayana getsəm də, axır-

mən gedib çıxıram dərdlərimgilə...

***

Görmürsənmi, dostum,

sevdalar qara düşdü...

uşaqsız evlər kimi

qopdu nəm çəkmiş insanların üzü.

O qopuqlar quş olub uçdular.

indi mən o quşlara dən səpirəm

guya ki, sevda adında...

 

Sevda adında dən tanıyırsan?

sevda adına nə varsa

dənlənir əllərimdə...

 

Hələ kiminsə uşaq baxışları

dən axtarır gözlərimdə,

yağışlar çətir istəyir umudlarımdan,

mənsə çox umudsuzam.

və pəncərəmin çatından qış sallanır...

O üzdə gedişlərin buraxdığı izləri çayır basır.

kimsə çayırı sulayır, kimsə...

o sənsənmi?..

çayır da sulanarmı?

 

Görmürsənmi, dostum,

sevgilər yaşanmamış ölür...

mən də ölü sərçələrin

nəğməsini oxuyuram uçulan yuvalara.

***

Bir şeir atdım sulara...

suların üzü oynadı-

üzlərini şeirlə yudu

kəndimizin adamları,

indi dəli Cəfər də şeirdi,

suçu İsa da,

itoynadan Böbülü də

və mən suları üzünnən oxuyuram.

***

Nəsə çatmır elə...

xəyal qırıq, ürək qırıq, könül qırıq,

biz o qırıqları itirmişik elə,

tapıb yapışdıra bilmirik yerlərinə.

 

Quş lələkləri qalıb əlimdə...

hansı xəyala taxım, bilmirəm.

hansı səhifəsini oxuyum ömrün-

içindəki uşaqlığa getmək

mümkün ola.

 

heç nə çatmır elə...

və özümü qatlayıb

bir kitabın arasına qoyuram.

qoyuram ki,

sonra o kitabı açanda

məni xatırlayın...

ağlınıza bir şeir gələndə,

o şeirdə bir şeir çatmayanda.

***

Solğun havalarda

qəbirlər qədər avazıyıram,

nəfəsimi ayaz aparır,

baxışlarımı şaxta vurur,

gözlərimdə qırov bağlayır

baxdığım şeir də...

 

Və ruhumu anlada bilmirəm

avtobus şüşəsində

başımı başına dirədiyim qadına...

beləcə baş-başa gedirik xeyli...

bir xeyli mən ona baxıram,

o mənə...

 

birdən ayılıram ki,

ruhum yerində yoxdu.

o qadın

məndən qabaq düşüb şüşədən.

 ***

Ən qırğın yerindən keçdim həyatın...

küçələrin çılpaqlığından tökülən yalanları,

süpürə bilməyən süpürgəçi kimi

süpürgəni çiynimə qoyub ağladım.

 

Bəlkə də... ən sonuncu adam idim

ölümdən yaxşılıq uman,

bəlkə də... ən birinci adam idim

ölümə umudla baxan.

 

Ən qırğın yerində qırıldım həyatın...

ayaqlarımın soyuğuna qondu

budaq axtaran quşlar...

 

hardansa... baharların qoxusu gəlirdi,

amma ayaqlarım gedə bilmirdi,

və həyatın ən qırğın yerində

ayaqlarımda yaralı quşlar açır.

Bu da bir xatirə...

 

Kələsərliyə- üzüm oğurluğuna gedəndə,

hər dəfə çolaq Əsədulla arxamızca dəhrə atardı,

bir söz deyərdi:

-Sizin...

və sözünün dalını gətirməzdi.

Biz də bu "Sizin"i hərəmiz bir cürə yozardıq.

O sözün ardına qoşmamış

nəsil-nəcabət qoymazdıq.

 

Ayaqları dizdən aşağı yoxuydu deyə,

taxta, təkərli araba sürərdi çolaq Əsədulla.

Bizi də görəndə həsədlə süzərdi: -Sizin...

 

Neçə illər sonra kəndə getmişdim,

yolda Əsədulla dayıyla görüşdüm.

Hamımızın çox, çox marağında olduğu

o sözü soruşdum ki, arxası nədir?

 

O zaman Əsədulla dayı ağladı.

Dedi ki, həmişə yüyürmək istəmişəm,

ayaqlarım olmadığından yüyürə bilməmişəm.

Ona görə də uşaqları yüyürən görəndə

çığırırdım ki, Sizin....

belə sizin yerinizə olaydım.

***

Bir ara, hər gecə kəndimizdə

o yanıqlı mahnını oxuyardı kimsə:

-Sil gözün yaşın, Qaragilə!

 

Biz də xırdaca uşaqlarıydıq.

Kəndin aralıqlarında ayaqlarımızı yerə döyüb,

qollarımızı göyə qaldırıb-

bu ağlamalı havaya qarnımızı tutub

gülə-gülə oynayardıq.

 

Sonra babam dedi ki,

oxuyan demokrat Cəbrayıldı.

Xəbər gəlib ki, anası ölüb.

O da o taya gedə bilmir deyə,

yanıqlı oxuyur belə...

-Təbrizin küçələri...

 

Yenə də unudub Cəbrayılın dərdini,

bu yanıqlı havaya oyanaya-oynaya böyüdük!

Böyüyəndən sonra gördüm ki,

hamımız yanmışıq o yanıqlı havada.

Bəzilərimiz necə yanmışdısa

bu günə gəlib çıxa bilmədilər.

Gəlib çıxanlar da yanıq-yanıq idi.

 

-Ay səni, demokrat Cəbrayıl,

bizi niyə yandırdn?

***

Payız ağacına bir qız çıxardı,

gah heyva yığmağa, gah qoz çırpmağa.

Ürəyi uçardı, həvəsiyərdi...

islaq budaqlardan payız çırpmağa.

 

Qopmaca düşərdi budaqlara da,

ürkək yarpaqlardan yaş süzülərdi.

Bir durna köçünün qanadlarından

payız gözlərinə qış süzülərdi.

 

Bir qız da eləcə öz işindəydi,

bilmirdi ayrılıq gətirir payız.

Yarpağı torpağa, gülü sazağa,

quşları uzağa ötürür payız.

 

O qızın gözündə payız da elə,

çiçəyi çırtlayan bahar kimiydi.

Belinə mindiyi islaq ağaclar

yağışın altında avar kimiydi.

 

O qız ağacları sürürdü hər gün,

nağıla sürürdü nağıl içində.

Bir ömür payızı yaşamaq üçün,

əvvələ gedirdi axır içində.

 

Getdi uzaqlara, getdi, gəlmədi,

daha ağacları sürən olmadı.

Mən onu axtarıb, hamını gördüm,

amma ki, o qızı görən olmadı.

 

Hardasa bir yaxın uzaqlığında,

bizim kəndimizə payız düşərdi.

Payızın saralan yanaqlarından,

sallana-sallana bir qız düşərdi.

 

Payız ağacları kəsildi daha,

nə heyva gətirmir, nə qoz gətirmir.

Qaralan kötüklər dərd gətirir ta-

dərdlər də payıza bir qız gətirmir.

***

Səmayə, sən söylə Qəmər xalaya...          

söylə ki, ermənilər əsirlərimizi qaytarmadı.

Və mən də rəhmət oxudum gözlərimə-

amma ən çətin iş imiş,

ağlayasan, gözündən yaş gəlməyə...

 

Səmayə,

gəlib-gəlib bir ayrılıqda dayanmışam,

bütün dərdlərlə baş-başa

Qəmər xalanın saçlarının gəncliyini

xatırlayıram...

bilirsən necə uzun saçları vardı,

həmişə madar balası

saçlarını oynadardı.

 

Səmayə, mən deyə bilmirəm,

Qəmər xalaya dedinmi Şuşa qayıtmadı,

Ağdamı bu il də almadıq

və onun madar balasını

gördüm deyən olmadı.

 

Səmayə, niyə susursan?

-Qəmər xalanı da yola saldıq!

-Hara?

-Gözlərini yumanda

dedi ki,  Şuşaya gedirəm!

***

Ağlıma gəldi ki, mən mən deyiləm,

mən orda qalmışam, oralar məndə.

Ömür də bölünüb ağa, qaraya,

ağlar uzaqlarda, qaralar məndə.

 

Heç mənlik deyilmiş bu yol, bu yöntəm,

hər karvan dalınca ulayan itəm,

bir az da qürbətəm, bir az da vətən,

haralar varıymış... haralar məndə.

 

Dərdə diz basmaqdan, dizlərim yara,

izimə düşürəm, izlərim yara,

ayağım, ürəyim, gözlərim yara,

yeriyir, yüyürür yaralar məndə.

 

Çöl haqqında...

Mən onda saçımı sünbül hörürdüm,

mən onda donumu güllü geyirdim.

O qədər gün altda rəngim dönürdü-

uşaqlar adıma çilli deyirdi.

 

Səhərdən axşama çöl mənim idi,

gah elə qaçırdım,

belə qaçırdım.

Birindən küsəndə, inciyəndə də,

başımı götürüb çölə qaçırdım.

 

Elə xoşbəxt idim... çölçü olanda,

çöldən ayağımı evə yığmırdım.

Bir çöl uşağıydım elə onda da-

bir ev uşağı tək evə sığmırdım.

 

Eyyyy......yyyy

mənim ən gözəl günüm- Çöl günü-

kollarda, koslarda, daşlarda qaldı.

qaçışım nallara hopdu od kimi-

uçuşum göydəki quşlarda qaldı.

 

Atlı qarışqalar atlandı getdi,

arılar güllərin südünü sağdı.

Heyy... çölün düzündən karvanlar ötdü,

heyy... çobanaldadan yağışlar yağdı.

 

Kimi çəpər çəkdi, kimi ev tikdi,

daha o çöllərdə çöllük qalmadı.

Kimi bağça saldı, kimi yer əkdi-

mənim oynamağa yerim olmadı.

 

Mən onda bir çölçü qızcığaz idim,

ömrün çöllərində təpik döyürdüm.

Bu çölün düzündə hələ yaz idi-

mən onda saçımı sünbül hörürdüm.

***

Yarpaqların arasında ayrılıq...

yarpaqların arasında ayrılıq,

buludların arasında nəm olur.

Heç bilirsən buludluqda yarpaq tək,

indi mənim ürəyimdə kim olur?..

Kim olursa gecə-gündüz yağmaqda,

kim olursa... gözəl olur, ay necə.

Barmaqlarım bir sıxılmış buluddu,

vərəqlərdə gedib-gəlir hər gecə.

Divarlarda cizgilənir əllərim,

əllərimdən divarlara iz düşür.

Saçlarımın yuxusundan sirr kimi,

dığırlanıb bir balaca qız düşür.

Pəncərədə xatirələr nəmlənir,

külək gəlib şüşələrə üz qoyur.

Ocaq yanır istisi yox, odu yox,

bəs nədəndi, ürəyimə köz qoyur?

Ocaq yanır tullanıram üstündən,

ay necə də sevinirəm, gülürəm.

Ayılıram, baxıram ki...ocaq nəm,

pəncərənin gözlərini silirəm.

Niyə axı, deyirəm ki, pəncərəm,

hər nə varsa belə qəmli göstərir.

O ocağı, o sevinci, o qızı,

gözlərimə belə nəmli göstərir.

Yarpaqların arasında ayrılıq...

ayrılıqda bilirəm ki, qəm olur.

Buludların arasında ən islaq,

bir balaca, bir balaca mən olur.

Bax beləcə, ürəyimdə hər gecə,

kim olursa... şeir olur, ay necə.

***

Vaxtlardan uşaqlığıydı...

Zəminəyə deyirdim ki,

gözlərini yumanda nə görürsən?

Deyirdi:

-Qaranlıq.

Deyirdim:

-Açanda nə görürsən?

Deyirdi:

-Qaranlıq.

Bilmirdim kor nə deməkdir,

böyüdükcə anladım.

Sonra qorxdum ki,

bu sualı mənə də verələr:

-Nə görürsən?

-Zəminənin gördüklərini...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!