Altımış yaşını təbrik edirəm,
Nə tez yola saldın illəri, heyhat!
Sinəndə Qarabağ, əlində qələm,
Şuşa dastanını
Başa vur, Rəşad!
Qaynar ürəyində söz yığın yığın,
Sənə ki, bəllidir mənim də yaşım.
Altımış yaşında,
Bu cavanlığın,
Nədir həyəcanı bunca, qardaşım?!
Bir səmtə əsməyir hər əsən külək,
Süfrə var nə bəzək, nə zər istəyir.
Əlbəttə, hər sözü yerində demək,
Yerində susmaq da,
hünər istəyir.
44 gün, Şəhidlər, əbədi Zəfər!
Ötən tariximiz bir gələcəkdi.
Şair dediyini ürək eşidər, -
Şairin bir adı -
Elə ürəkdi!
Mən də ürəyimi bağışlamışam,
Keçmişəm o Zəfər yoluyla mən də.
Cənab Prezidenti alqışlamışam,
- Salam, Şuşa!..
deyib əl eləyəndə.
Altımış yaşını alqışlayıram,
Nə tez yola saldın illəri, heyhat!
Sinəndə Qarabağ, əlində qələm,
Şuşa dastanını
başa vur, Rəşad!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!