Sevdalanmaq
bir başqa şəhərə
Heç keçdimi qəlbindən
sevdalanmaq
bir başqa şəhərə,
bir başqa dənizə?
Xəzərdən başqa bir sevgilinin
ləpələrində uyumaq istədinmi?
Dalğalanmaq istədinmi
bir başqa tərəfin küləklərində?
Qarışdımı fikirlərin
İçərişəhərin dolanbac küçələri kimi?
Dayanan vaxtı oldumu ağlının
yollarındakı tıxaclar kimi?
Qaxaclar kimi...
quru və boş qaldımı əllərin
bu neft səltənətində
tindəki qocanın əlləri kimi?
O qədər rəvayət, hekayət danışdılar ki,
başından keçən...
Bəs sən?
başından keçdiklərini
xatırlaya bilirsənmi, Bakı?!
Yox, yox, bunlar ağır söhbətlərdir...
Danışma...
sənə sevdalananları mən tanıyıram...
sevdalandığın oldusa, ondan danış...
Heç keçdimi qəlbindən
sevdalanmaq
bir başqa şəhərə,
bir başqa dənizə?
Məsələn, İrəvana, Dərbəndə, Təbrizə?..
Durub hara gedəsən...
Həyat elə bil susub,
nə "de" var, nə "danış" var,
Durub hara gedəsən?!
Dost deməklə alınmır,
indi dost yox, tanış var,
Durub hara gedəsən?!
Yuvasından perikmiş quş kimi qəribsəyir,
qapalı qəfəsində budaq-budaq sınırsan.
Yarımçıqlar özünü bütövdən üstün sayır,
əlin Allaha çatmır, - içinə sığınırsan...
Durub hara gedəsən?!
Yaxınında olanlar doğma olsa da yaddır,
Dünən tanıdıqların bu gün ötüb, - boyatdır.
Həsəd aparılası müqəddəs heç nə yoxdur,
Biri qazanc düşünür, birinin dərdi addır...
Durub hara gedəsən?!
Hansı yana baxıram, hamı kükrəyir, əsir,
Biri o birisinin bərəkətini kəsir...
Alınıb əllərindən elə bil ki, hissləri...
Bitmir, bitmir niyə bəs
ölümlü insanların ölümsüz ümidləri?!..
Məgər bəlli deyilmi,
hər ürək döyüntüsü əcəlin ayaq səsi...
bilən də, bilməyən də ölümünə tələsir...
Durub hara gedəsən?!
Axşam yeli
Yenə də qəmli əsirsən,
Dərdin nədir, axşam yeli?!
Zalımca ümid kəsirsən,
Fərqin nədir, axşam yeli?!
Ruhumla verib səs-səsə,
Çılğınlaşdın əsə, əsə,
Körpülər namərdlərdəsə,
Mərdin nədir, axşam yeli?!
Hər şey təzad, təzad sirsə...
Qəlbən iblis üzdə pirsə...
Oyunu zər həll edirsə,
Nərdin nədir, axşam yeli?!
Sözdür Haqdan gələn buta,
Dartır əldən tuta-tuta...
O hay-küydə bu sükuta
Qərqin nədir, axşam yeli?!
Adilə, dur yığış, adla,
İslan, quru yağış altda.
Bu qədər yad baxış altda
Ərkin nədir, axşam yeli?!
Külək
Gətirdin günəşli günləri bizə,
Vidalaşdıq axır bu qışla, külək.
Bütün dərd-qəmimiz yuyuldu-getdi
O sağnaq, o leysan yağışla, külək.
İndi ruhumuz da çiçək ətirli,
Bəndimiz, misramız ətir sətirli,
Yaranır yasəmən, süsən xətirli -
Məhəbbət bir isti baxışla, külək.
Hərdənbir əs yenə, yenə də gurla,
Gələn hər günümü özün uğurla,
Tələs, yanağımdan öpüş oğurla,
Apar sevdiyimə bağışla, külək.
***
Yenə bu şəhərin qarmaşasından
Ayrılıb gedirəm fikrə dalmağa.
Ən şirin sözləri sənin səsindən,
Dinləyib sevgidən ilham almağa.
Xəyallar bəxtiyar, xəyallar məsud,
Açılıb göy üzü, boşalıb bulud.
Sarayım yoxsa da, verdiyin ümid
Bəs edər bir ömür tənha qalmağa.
Məhəbbət çarx deyil çəkəm əvvələ,
"Get" desəm, qayıda, "gəl" desəm, gələ.
Mənim bir baharım qalıbdır hələ,
Qismətsə səninlə xoşbəxt olmağa.
Həyat niyə belədir?
Həyat niyə belədir?
Bir günü sevincdirsə,
beş günü kədər, qəmdir.
Dərdlər vardır çarəsiz,
ahlar vardır naləsiz,
Sirlər vardır açılmaz,
yollar vardır aşılmaz...
Baxırsan... kim kimədir?
Həyat niyə belədir?
Ağılla duyğu düşmən,
Ruh duymur yansa bağrın,
Yazıq qəlbə qalansa
ağrı üstünə ağrı...
Vaxt keçir, vaxt tələsir,
Ömür dediyin yuxu
ağacda son yarpaqtək
qopdu-qopacaq... əsir,
gözündən düşüb sınır...
sınıqlar əli kəsir...
Nə şənlik var, nə büsat,
yana düşür qol-qanad...
ağlasan, gülür həyat...
Deyirsən, yaşamağa
dəyməzdi yaşananlar.
sonrası beləydisə,
olmayaydı olanlar...
qədəhdəki şərabtək
ya ağ, ya qıpqırmızı
üzünə durur yalanlar...
durub baxırsan mat-mat...
Niyə belədir həyat?
Gəlib-getsin
Ona de, yaz gəlib, güllənib çöllər,
Yarını yadına sal, gəlib-getsin.
Hər yerdə bülbüllər gül seyrindədir,
Başına at ipək şal, gəlib-getsin.
Yaman gec açılır gecəmin danı,
Haqq deyən qulunun qul haqqı hanı?
Dön bir bax könlümə, sevəni tanı,
Sovuşsun başımdan qal, gəlib-getsin.
Mənəm bu sevdanın altıaylığı,
Saxlaya bilmirəm həsrət yaylığın,
Vallah, belə getməz, gəl, ortalığı
Boyaya bilərəm al, gəlib-getsin.
Əgər kəsibdisə tam əlaqəni,
Salıbsa özgə bir qəlbə məskəni,
Qapısı ağzına dəfn edin məni,
Yar salsın üstümdən yol, gəlib-getsin.
***
Gecə yatıb səhər dursan,
Şükr edərsən ki, son deyil.
Deyərsən, varam, yaşayım,
Görərsən ki, asan deyil.
Adam var, istər qış olsun,
Düz yolun da yoxuş olsun,
İstəməz günün xoş olsun,
Anla ki, hamı sən deyil.
Bilirsənmi... dostu ələ
"Dostu" verər, gülə-gülə.
Qəbul eylə, ay Adilə,
Hər adam da insan deyil.
Söz mülkünə
Bir şeir başlaram Səni çağırıb,
Adınla ucallam mən söz mülkünə.
Elə alışaram hər dan üzünə,
Əriyər bulud da o köz mülkünə.
Hüzura qovuşub ədalətində,
Mənayla görüşüb gül cənnətində,
Yaşaram haqq adlı səltənətində, -
Pis gözdən sığınıb bir göz mülkünə.
Həyat boş, rüzigar əzəldən acı,
Eşq - nəfəs mənbəyi, su ehtiyacı...
Hər gün yaşıllaşar bir dar ağacı,
Verərəm pay Birə can yüz mülkünə.
Gah tale gen gəzər,
gah mən qaçaram,
Ömrün payız ətrin alıb saçaram.
Keçsə də ömrümün yazı, açaram
Bahar pəncərəsi bu güz mülkünə.
Can atmam özümü sevdirim deyə,
Layiqli yaşamaq bəs - sevilməyə.
Tövbə eyləmişəm özgə sevgiyə,
Sevdiyim, di en gəl, keç öz mülkünə.
Könlüm
Nədir bu, səndən çəkdiyim,
Hər közə yaxılan könlüm?
Hər an göz yaşı tökdüyüm,
Hər sözə sıxılan könlüm.
Haqq səsi, həqiqət ünü,
Fikirlər yedi ömrünü..
Didilib-tökülən günü
Bölünən-çıxılan könlüm.
Hər nalənə, fəğanına,
Bəxtdən küskün zamanına,
Yanğınına, dumanına
El-aləm yığılan könlüm.
...Qarışıb sevincə qəmin,
Olmadı sadiq həmdəmin.
Ay eşqi də özü kimi,
Daşlara çaxılan könlüm.
Dağılmısan dağım-dağım,
Necə qurum, necə yığım...
Əlli ildə topladığım
Bir anda dağılan könlüm.
Unutdum
Nə zaman eynimə, nə də ki, məkan,
Boş verdim imanı, dini unutdum.
Bu bədən də sənin, bu can da sənin,
Səni tanıyandan məni unutdum.
Nəfəsin dolaşır daim qanımda,
Olmasan da varsan mənim yanımda,
Təsbeh dənəsi tək hər bir anımda,
Həsrətin çəkəndə qəmi unutdum.
Eşq saçır həyata sirli naxışı,
Çılğın sevinci var, dəli axışı..
Sənin gözlərində görüb yağışı
Özümün gözümdə nəmi unutdum.
Qapandı qapılar artıq özümə,
Sevən kəs qarşılıq ummaz sözünə,
Olmaz gileyim də çoxu-azına,
Boşluğu doldurdun, kəmi unutdum.
Baxdığım yer sənin, aldığım nəfəs,
Çəkdiyim hər qoxu, duyduğum hər səs,
Qəfəsdən çıxmağa olan bu həvəs,
Unut, - dedi, Adiləni unutdum.
Ay qaragilə
Bəyaz səhifə idim həyat adında,
Yazım İlahinin ixtiyarında,
Nələr yazıldısa, həsrət dadında,
Ayrılıq, üzüntü, ay qaragilə.
Məna bu məqamda, məna bu dəmdə -
Sevgi silahına tuş olur bəndə,
Gün gəldi, vuruldum hamı tək mən də,
Qoruna bilmədim, ay qaragilə.
Hər yeni gün məni salamlayırdı,
Sevinci daş duyur, gül anlayırdı,
Könlümdən-gözümdən bal damlayırdı,
Nə gözəl hiss idi, ay qaragilə.
Heyif ki, tez bitdi o məsum sevgi,
O talesiz sevgi, o məşum sevgi,
Ayrılığa əvvəl-son məhkum sevgi,
Bilə-bilə sevdim, ay qaragilə.
Duyğular çılpaqdır, örtüyü yoxdur,
Ocağı kül örtüb, körüyü yoxdur,
Göz yaşı çay olub, köpüyü yoxdur,
Qovuşmaz sevənlər, ay qaragilə.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!