Gözəl Allahım
Əlimdən tutursan yıxılanda mən,
Qoymursan heç yerdə heç vaxt əyiləm.
Mənim ümid yerim, mənim ərk yerim,
Ey böyük, ey uca gözəl Allahım!
Hər yerdə köməyim olmusan mənim,
Mənim ürək dostum, könül həmdəmim.
Səndən istəyirəm nə istəsəm mən,
Hörməti, sevgini səndən görmüşəm.
Mən necə deməyim "çox şükür" Sənə
Baxıb sevinərkən səadətimə?!
Səni dərk etməyən bəşər yerinə,
Deyirəm, çox sağ ol hər yerdə sənə.
Bu qədər nemətlər yaratmısan sən,
Səni dərk etmək də çətindir hərdən.
İnsan aciz qalır böyüklüyünə,
Baxanda çox şeyin gözəlliyinə...
Sultan Süleymanın
nəsihəti
Deyirlər bir şah varmış, adı Süleyman imiş.
Çağırıb vəzirini, vəsiyyət etdi ona:
- Mən öləndə əlimi çıxararsız tabutdan,
Həkimlərin çiynində köçəcəyəm dünyadan.
Paylayın insanlara qızılları da ordan!
Hikməti anlamayan vəzir soruşdu şahdan:
- Nədir bunun mənası, düşünürəm bayaqdan.
Axı anlamadım mən, varislərin var ikən,
Həkimlərin çiynində neyçün köçməlisən sən?
Şah düşünüb beləcə, xeyli xəyala getdi,
Sanki bir an, bir anlıq bu dünyanı tərk etdi.
Açıqlayıb hikməti, vəzirə belə dedi:
- Qoyun görsün insanlar, şah da əliboş getdi!
Həkimlər ola-ola, bu dünyanı tərk etdi.
Uca Allahımız
sevir hər kəsi
Uca Allahımız sevir hər kəsi,
İncitmək istəməz heç vaxt, heç kəsi.
Nə zərbə alarsa həyatda insan,
Onu qazanarmış öz günahından...
Dəyişdi zəmanə
Bir vaxt alçaq idi, kiçikdi evlər,
Oradan gələrdi çox şən gülüşlər.
Zəmanə dəyişdi, evlər böyüdü,
Sevinclər azaldı, gülüşlər öldü...
Fırlandı zəmanə, dövr etdi dövran,
Zəmanə dəyişdi, dəyişdi insan.
Soyuqluq məhv edir hər kəsi indi,
İsti qəlblər üçün zaman çətindir.
Həyat məktəbi
Həyat özü elə böyük məktəbdir,
Ən gözəl dərsləri o keçəcəkdir.
Həyatdan dərs alan kamil bir insan,
Çox bilər adi bir təhsil alandan.
Yalanlar
Yalanlar doğrunu yuyub aparar,
Səni hər bir yerdən nəzərdən salar.
Dilini yalana öyrətməklə sən,
İnan ki, hər yerdə gözdən düşərsən.
Sabah doğrunu da söylərsən əyər,
Sənin sözlərinə verməzlər dəyər.
Bir daha yalançı adını alsan,
Daha inanmayar sənə bir insan.
Hətta doğruları söyləyəndə bil,
Sənə heç bir kimsə inanan deyil.
Öyrətmə dilini gəl sən yalana,
Yalan yaraşmayır təmiz insana.
Uşaq
Mələk ürəyidir uşaq ürəyi.
Kiçicik qəlbində arzu, diləyi.
O gül baxışıyla mələktək baxar,
Gözləri Günəştək üzə nur saçar.
Uşaqsız qoymasın Allah heç evi,
Uşaqdır hər evin əsil bəzəyi.
Uşaqsız olmasın heç ev, heç ocaq,
Körpəsiz qalmasın heç əl, heç qucaq.
Körpə səsi gəlsin evlərimizdən,
Könüllər sevinsin körpə səsindən.
Dünyada qiymətli heç nə görmədim
Körpə gülüşündən, körpə səsindən.
Verməyin dəyəri
dəyərsizlərə
Verməyin dəyəri dəyərsizlərə,
O zaman zərbələr dəyər sizlərə.
Dəyər də qızıltək çox qiymətlidir,
Hər yerdə, hər kəsə layiq deyildir.
Qızılı verərlər ən əzizlərə,
O da sağ ol deyər qızıla görə.
Oğul çörəyi
Oğul böyüdərkən elə böyüt sən,
Oğul çörəyini yeyə biləsən.
Oğul çörəyinin dadı başqadır,
Hər oğul çörəyi sanki bal dadır.
Oğullar böyüsün, bir igid olsun,
Bütün oğulları Allah qorusun.
Oğul çörəyini dadmaq bizlərə,
Gözəl analara, qoy nəsib olsun.
Qoy Allah qorusun, mərd oğulları!
Ana üçün, el üçün yaşayanları.
Bu gül balaları, gül oğulları,
Qoy tanrım qorusun mərd oğulları!
Nə dadlı çörəkdir, oğul çörəyi?
Hər ana dadmışmı oğul çörəyin?
Elə analar var dadmayıb onu,
Beləcə çatıbdır ömrünün sonu.
Belə analara qoy rəhmət olsun,
Gözəl oğulları Allah qorusun.
Mən arzu edirəm bütün analar
Oğul çörəyini hər an dadsınlar.
Oğullar qazansın, analar yesin,
Bacılar qardaşla daim fəxr etsin!
Bahalı incilər
Dənizin üzündə tez ələ keçən,
Tullantılar olar, bilirəm ki, mən.
Bahalı incilər xəzinələrtək,
Suyun üzərində üzməsin gərək.
Qiymətli incilər dərya dibində,
Orda üzə bilməz ən aciz bəndə,
Bahalı bir inci istəyərsən sən,
Dəryanın dibinə gərək gedəsən.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!