Ana necə döyər öz uşağını, Yağış elə döyür dərəni, dağı... - Zeynalabdin Novruzoğlunun şeirləri

Zeynalabdin Novruzoğlu (Novruzov Zeynalabdin Novruz oğlu) 1946-cı ildə Naxçıvan MR Şərur rayonunun Xok kəndində (indi Kəngərlinin tərkibindədir) dünyaya göz açıb. 1971-ci ildə Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinin tarix fakültəsini bitirib. Uzun müddət Muxtar Respublikanın orta məktəblərində pedaqoji fəaliyyətlə məşğul olub.

Hələ tələbəlik illərindən şeirləri və publisistik məqalələri ilə respublikanın dövri mətbuatında müntəzəm çıxışlar edir. "Zaman yaşatmağa qadir deyilsə..." (1998), "Əldə gül, dildə tikan" (2009), "Yazdım-yazmadım..." (2014) şeir kitablarının müəllifidir. 2003-cü ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2011-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

 

Ucuz ölüm axtarırsan

 

Ucuz ölüm axtarırsan,

İnamın yoxdu sabaha.

Daş atırsan, baş yarırsan,

Ölümlər var baha, baha.

 

Dağdan ağır ölümlər var,

Qanı torpaq qiymətinə.

Qızılquş tək qəfil qonar,

Mərd oğulun qamətinə.

 

Ölən-şəhid, qalan-qazi,

Budur ölüm, budur həyat.

Onlar haqdan alıb dərsi

Sənə qismət deyil heyhat!

 

Ucuz ölüm axtarırsan,

Axtar döngədə, dalanda.

Axtarıb, bir gün taparsan

Ölümlər ucuz olanda.

 

Dərə də güllənir,

dağ da güllənir

 

Ana necə döyər

Öz uşağını,

Yağış elə döyür

Dərəni, dağı.

Suçlu uşaq kimi

Kiriyib onlar

(Yaxşı ki, varmış

Qızıl qaydalar).

Nə dərə dillənir,

Nə dağ dillənir,

Ananın öyüdü dönür çiçəyə

Dərə də güllənir, dağ da güllənir...

 

Buraq dərdlə qoşa məni

 

Dostum məni qurdalama,

Qurd içində qurd arama,

İpəyə dönür barama,

Özünü məhv eləməklə,

Dərd azalır söyləməklə?

 

Anlayanın dərdi dərin,

Dərd gələnin, dərd gedənin,

Yaş artıqca, dərd çoxalır,

Nə vecinə tez ölənin.

 

Ölüm dərdin zirvəsidi,

Son dərmanı, çarəsidi,

Bir kitabın son cümləsi,

Son nidası, nöqtəsidi.

 

Həmin kitab yazılıbsa,

Alnımızdan asılıbsa,

Son nöqtəsi qoyulacaq,

Ora möhür basılıbsa.

 

Olan dərdi çəkməliyik.

Din-imana gəlməliyik.

O, bizdən əl çəkəmmirsə.

Biz ondan əl çəkməliyik?

 

Adəmnən qalan qaydadı,

Hər ömür barmaq boydadı.

Ömür sürmək növlənövdü,

Mərəkə bundan sonradı.

 

Yaxşı ki yolu azmadım,

Şeytana qulaq asmadım,

Əlimə qələm alannan

Ya düz yazdım, ya yazmadım!

 

Nə təriflə, oxşa məni,

Nə tənqid et, daşla məni.

Dostum məni qurdalama.

Buraq dərdlə qoşa məni...

 

Haqqı danmayın

 

Ana tək əyləşib, əzəmətli dağ,

Başına hey yağır, sapand daşları

O, daşları sanıb, balaca uşaq,

Öz köksünə sıxır atılmışları.

 

Çınqıl da, qaya da ona doğmadı,

Qartal oylağıdı, aslan məskəni

Analar ucadı, dağlar boydadı,

Diqqətlə baxıb gör, bu mənzərəni.

 

Onlar körpələrin qaravulları,

Səngərdə oyaqdı, qulağı səsdə.

Analar gecənin simaforları,

İşıq yanıb-sönər səssiz, ahəstə.

 

Gözləri tox olar, əlləri açıq,

Hər əziz tikəni yeməz analar

Yeməyi, yatmağı olar yarımçıq,

Dərdini heç kəsə deməz analar.

 

Əsil analardan söhbət açdım mən,

Fəqət hər qadına ana deyilməz

Əxlaqı yngüldən uzaq qaçdım mən,

Qələmim bu ada ləkə \gətirməz.

 

Analar dumduru ay işığıdı,

İşığın üstünə kölgə salmayın.

Analar dünyanın yaraşıgıdı,

Övladlar nə olar haqqı danmayın.

 

Mənim ömrüm

mənə sahib çıxmadı

 

Mənim  ömrüm əkdiyimi yığmadı,

Mənim ömrüm mənə sahib çıxmadı.

 

Səhranı dolandı, düzü dolandı,

Keçilməz dağlardan yola boylandı,

Özgələri daha yaxşı duyandı,

Mənim ömrüm mənə sahib çıxmadı.

 

Hər fürsətdə gözlərini qapadı,

Dedi ki, astarı üzdən bahadı,

Guya pəhriz xəstəliyə çarədi

Mənim ömrüm mənə sahib çıxmadı.

 

Nə sağa əyildi, nə də ki, sola

Başını dik tutdu, nə ola-ola.

Saldı məni gündə bir qalmaqala,

Mənim ömrüm mənə sahib çıxmadı.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!