"Ədəbiyyat qəzeti" "Apollon" rubrikasında tematik şeirlər təqdim edir. Bu dəfə mövzu "qar"dır
Qar eskizi
Qar yağır...
Qar yağır...
Qar yağır...
Qar yağır...
Qar yağır...
Qar yağır...
Qar yağır...
Bəyaz pendir,
Qara çörək,
Qırmızı çaxır...
Qar yağır...
Qar yağır...
Qar yağır...
(Adil Mirseyid)
***
Ulduztək üstümə səpələn, ey qar,
Geyindir əynimə ağappaq donu.
Sənin ki, bu qədər təmizliyin var,
Bağışlamaq olar soyuqluğunu.
Ulduztək üstümə səpələn, ey qar.
Belə təmizliklə isinmək olar.
(Musa Yaqub)
BU QAR
Bu qar yaman tutdu soyuq vaxtımı
Nə tez üst-başımı qara bələdi.
Soyuqluq bələdi,
Soyuq bələdi…
Bir sevgi istisi könlümə dolmaz,
Elə bil baxışım soyuq bir almaz,
Elə bil nəfəsim,
Həvəsim soyuq,
Elə bil çəmənəm qırovlanmışam,
Bir çox hisslərimi cilovlamışam,
Nə bilim, bəlkə də yorğunam bir az…
Bu qar yaman tutdu soyuq vaxtımı -
Tərtəmiz, gül kimi, güldən də təmiz,
Yağır aram-aram soyuğa həris.
Uzaqda üfüqdə qaşlar ağarır,
Əvvəl soyuq-soyuq daşlar ağarır.
Ağarır sahibsiz bir evin damı,
Qarı göydə udur sobalı damlar.
Buğlanır çinarın çılpaq əndamı,
Mamırlı budağın üstü gümüş qar.
O qızın yanağı dönübdür oda,
Qar od kirpiyinə ilişə bilmir.
Hardasa bir kəklik yuvasına da
Hələlik bu soyuq girişə bilmir.
Köhnə bir sobanın yanıq kərpici
Hasarın dibində qaralır hələ.
O qızıl külçəsi olsaydı əgər,
Onu qar tutardı qalmazdı belə.
Qoşa keçənlərin izi buğlanar,
Qarın nə hünəri yağsın o izə.
Bəlkə də dünyada qar adamı var,
Soyuqdular deyə çıxmırlar üzə...
Qar yağır tərtəmiz,
Güldən də təmiz,
Yağır aram-aram soyuğa həris.
Bu torpaq nə zaman günəşdən doyub?..
Köhnə ocaq yeri diksinir qəfil.
Könlümdə bir qərib ümid soyuyub
Qar onun üstünə yağır elə bil...
Bu qar yaman tutdu soyuq vaxtımı…
Yağır aram-aram qar, birəm-birəm,
Bir çox duyğulardan yoxdu gərəyim.
İlk dəfə…
Bilmirəm…
Nəsə bilmirəm,
Bu gün soyuqluqdan qorxdu ürəyim...
(Musa Yaqub)
Qar yağır
Qar yağır…
Dünən küləyin, çovğunun
dəlisovluq etdiyi çöllər
bu gün necə fağır.
Qar yağır…
Hər tərəfi
ağ pərdəylə örtdukcə
adam qar altında qalan
bir ovuc torpaq üçün darıxır.
Qar yağır…
Bəlkə hardasa
qarın ağırlığından
bir dam yıxılır.
Qar yağır…
Bu isti evdə
çadırda qalan Vətənçün
yaman ürəyim sıxılır.
(Təranə Turan Rəhimli)
Yenə Bakıya qar yağır
Yenə soyuqdu, dostum,
Sənsiz belə havaların
Ləzzəti yoxdu, dostum.
İndi bir çay dəmləyəsən,
Gələm, oturub içək,
Bu həyatın sağlığına
Hərdən bir qurtum içək.
Yenə qapını mən döyüm,
Yenə qapını sən aç.
Mən marketdən konfet alım,
Sən evdən mürəbbə aç.
Sərxoş olmaq istəyirəm,
Bir tünd çay dəmlə, dostum.
Sənə bir söz deyəcəyəm,
Lap təzə dəmli, dostum.
Bu tindənmi dönməliydim,
Bu yol gedirmi sizə,
Bilirəm, şəhərdə yoxsan,
Axtarram evinizi.
Neynim, Bakıya qar yağır,
Neynim, soyuqdu, dostum,
Sənin kimi çay dəmləyən
Bir dostum yoxdu, dostum.
(Səhər Əhməd)
Fevral triyolesi
Fevral gecəsində külqabım dolu…
Qar yağır, şəhərin gözləri sulu…
Eyvandakı boş zivələr yellənir…
İztirabım pərdə-pərdə dillənir,
Bəyaz bulud ağ buludnan döllənir,
Qar yağır, şəhərin gözləri sulu…
Yollar uzaq, darıxmaqsa havayı,
Hamı yatıb, küləklərdən savayı,
Yoxdu nə İstanbul, nə də qağayı,
Fevral gecəsində külqabım dolu…
(Qismət)
Şəhərə qar yağır
Şəhərə qar yağır – quşbaşı, lopa-lopa,
Gah sürətli, gah da ki sakitcə, ağır-ağır...
Əyri-üyrü xətt salır küçələrə axışan,
Ora-bura qaçışan insanların izləri,
Büzüşüb əzgin, fağır, üşümüş bənizləri...
Dodağım qımışır bu mənzərədən,
Seyr edib ətrafı öz pəncərəmdən,
Qəribə fikirlər bürüyür məni
İstər-istəməz sual yaranır:
Hanı dünənədək mədəni,
Nəzakət dolu sakinlər?
Günün istisində gülən gözləri
Görən nədən narazıdır?
Getdiyi yolları qısaltmaq üçün
niyə bir-birilə itələşirlər?
Bəlkə şaxta silib simalardakı
mehriban baxışı, şən gülüşləri?!
Sanki bir neçə saata qocalıb Bakı,
Saçları ağarıb səmadan yağan
ağ rəngli boyadan...
Elə bil beli də bir az bükülüb,
Soyuğa dözməyir, yaman büzüşüb.
Dünənki al-əlvan, parlayan şəhər
Bu səhər ağ-qara şəkillər kimi
rəngini itirib...
İndi bir az da
dünənə nisbətən sanki kiçilib...
Şəhərə qar yağır,
Mənim taleyimə yağırmış kimi.
Bakıya soyuqdur yaman üşüyür,
Ömrümdə, bəxtimdə hökmünü sürən
üzü qara gəlmiş soyuq qış kimi...
Acı təbəssümə bələnmiş fikir,
Bir kədər göynədir qəlbimi mənim:
Şəhərin bu qışı daimi deyil,
Bitəcək axı!
Sabah, həftə sonra, ya da uzağı
Bir aya isinər qışın sazağı.
Yenə bahar gələr, Bakı rənglənər,
Bax onda şəhər, halıma gülər –
Seyr edər mənim tək “pəncərə”sindən
Bitməyən qışımı – əbədi yol yoldaşımı!
(Şəfiqə Şəfa)
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!