Zəfərin mübarək, Vətən!
Allah cəmi şəhidlərimizə
rəhmət eləsin!
Xoş günlərdən soraq verir
Axşamın-səhərin, Vətən!
Düşmənlərə göz dağıdır
Hər təzə Zəfərin, Vətən!
İgid-ərən oğulların
Tapdayıb bəndi-bərəni,
Bir həmləylə sevindirdi
Xocalını, Əsgəranı,
Xocavəndi, Ağdərəni...
"Dəmir Yumruq"dan güc aldı
Qatlanmaz qanadın-qolun!
Qırdın paslı qıfılını
Xankəndiyə gedən yolun!
Qarşında tab gətirmədi
Zülmə sipər olan "barı".
Diz çöküb, aman dilədi
Səndən harsın dığaları...
Başın sağ olsun... yenə də
Haqq yolunda cəngə çıxıb,
Candan keçənlərin də var!
Qanlı şəhid köynəyiylə
Ulu Tanrı Dərgahına
Vaxtsız köçənlərin də var...
Qalibiyyət simvoludur
Üçrəngli bayrağın sənin!
Bütövləşən sərhədlərin
Sabahkı növrağın sənin!..
Türkün-türkə can borcu var,
Nə yalqızsan, nə tək, Vətən!
Hünərindən soraq verən
Zəfərin mübarək, Vətən!
Deyəsən, zalımın
axırı varmış...
Zəmanə elə hey öz gərdişində,
Bəxtimiz kiminsə qanlı dişində.
Sonu görünməyən müşkül işin də,
Hardasa bir gizli "cığırı" varmış!
Dünya toy-bayrammış ağıldan kəmə,
Sızlaya-sızlaya öyrəşdik qəmə...
Üzünü görəndə bildik ... heç demə,
Dərdin də yüngülü, ağırı varmış!
Yalana züy tutar məddah gədələr,
Məzlumu susdurar qorxunc hədələr...
Deyəsən, yanılıb müdrik dədələr,
"Xəmir yeyən"in də fağırı varmış!
Haqq öz yerin tapır, ya tez, ya da gec,
Səmtini dəyişən deyil ağır köç...
Yəqin ki, bu qədər üzülməzdik heç
Bilsəydik zalımın axırı varmış!..
Yaşda nə günah var axı
Böhtanın tez çıxır boyu,
Nə çoxmuş iblisin tayı...
Kəsək bulandırır suyu,
Daşda nə günah var axı?!
Yamanlıq duranda üzə
Dərd qənim kəsilir bizə.
Dildi kül üfürən gözə,
Başda nə günah var axı?!
Qəlb ömrün acısın dadan,
Yamanca fəndgirmiş nadan...
Gözdür adamı aldadan,
Qaşda nə günah var axı?!
Haqsızlıq səbri daşdıran,
Yalan söz göz qamaşdıran...
Ağılmış başı çaşdıran,
Yaşda nə günah var axı?!
Hələ görüləsi
xeyli işim var
Hər günüm, hər anım səsli-soraqlı,
Ömür "gündəliyim" min bir varaqlı.
Doğma elim-obam Arazqıraqlı,
Nə iti xəncərəm, nə paslı sancaq,
Öz xəttim, öz imzam, öz yerişim var.
Yolumu kəsənlər olsa da, ancaq -
Hələ görüləsi xeyli işim var!
Hərdən yanıb-sönən işıq deyiləm,
Sazı qırıq telli aşıq deyiləm,
Yanılıb aldanan uşaq deyiləm,
Niyə daldalanım hardasa axı?!
Nə gizli sifətim, nə keçmişim var...
Gəzib-dolaşsam da, aranı-dağı -
Hələ görüləsi xeyli işim var!
Əzəldən halına heç yanmasam da,
Sözdü dilimdəki ən şirin tam da...
Ürəyim çırpınır yazı masamda,
Heç zaman "ütülü" olmayıb yolum,
Həm sərt bir yoxuşum, həm enişim var.
Niyə ömrün-günün cəngində qalım?! -
Hələ görüləsi xeyli işim var!
Paxılım, bədxahım, yamanım olub,
Səbrimə, "dur!" deyən amanım olub,
Bir tikə sonuncu gümanım olub.
Üstümdən qarayel keçsə də belə,
Yaxşı ki dözümüm, ağlım-huşum var.
Hələ dönməliyəm doğma bir elə -
Hələ görüləsi xeyli işim var!
Qalmışam
Əlimi uzatdım, çatmadı göyə,
Niyə hər düz kəlmə acıdır, niyə?
Düzlərin yanında durmuşam deyə,
Özüm də həmişə düzdə qalmışam.
Mən elə əzəldən bir az utancaq,
Dilim nə tikandı, nə paslı sancaq.
Arabir işartım sönsə də, ancaq
Yaxşı ki bir qalam közdə qalmışam.
Bəxtimi səsləyib, tutmadım dilə,
Saflıqdan süzüldüm hey gilə-gilə...
Səsim uzaqlara çatmasa belə,
Özüm-öz gücümlə üzdə qalmışam.
Nadan yaxınıma gələ bilməyib,
Bir kimsə dərdimdən ölə bilməyib.
Yamanlıq rəddimi silə bilməyib,
Üstünü toz basmış izdə qalmışam.
İstəyə möhtacdır çay da, dəniz də,
Həyat eşqi varsa, bükülməz diz də.
Adımı çəksəniz, çəkməsəniz də,
Onsuz da kəlmədə, sözdə qalmışam.
Səni niyə sevim ki?!
Aramızda dikələn sədləri sən qırmadın,
Həsrətinlə sızladım, gəlib ovundurmadın.
Heç verdiyin sözə də sonda yaxın durmadın -
Səni niyə arayım, səni necə sevim ki?!
Ayrılıq aramızdan yel kimi keçdi-getdi,
Bir uğursuz sevgi də səmtini seçdi, getdi.
Yanıb-yaxılıb dedim, bu da bir köçdü, getdi -
Ərşə qalxdı harayım, səni necə sevim ki?!
İllər keçdi... anladım ilk eşqim lal-utancaq,
Tapdanmış gümanlarım paslanmış iynə, sancaq...
Unuda bilməsəm də ülvi eşqimi, ancaq -
Uçub könül sarayım... səni necə sevim ki?!
Çəkil pəncərədən, qız...
Köksün torpaq, eşqin dən,
Hələ yolun duman-çən.
Bəs, könlünü hər yetən
Vərəqləyir nədən, qız?
Qismətini ara-gəz,
Sevgi deyil ki həvəs...
Qəlbdə iz sala bilməz
Qəfil gəlib-gedən, qız!
Aldansan şirin dilə
Yanıb dönərsən külə.
Qoy, eşqin bir az hələ
Boylansın zirvədən, qız!
Gözlə, ağlın çaşmasın,
Könlün yersiz daşmasın.
Gözlərin qamaşmasın,
Çəkil pəncərədən, qız!..
Adam olmaq çətinmiş...
Hər yetən indi özün
Hamıdan üstün sanır.
Nə vicdan dilə gəlir,
Nə üz-üzdən utanır...
Dil yanılıb, çaşanda
Doğru sözdən qan çıxır.
Yamanlıq başa keçir,
Qəlb sızlayır, can çıxır!
Yaxşılıq düşmür yada,
Qaçır hər şeyin dadı.
Qulaqlara çatmayır
Yerin, göyün fəryadı!
Maraqlar toqquşanda
Tapdalanır duz-çörək.
Kasıb, anan ölməsin,
Di, dərdə tablaş, görək?!
Qohum-qardaş, dost-tanış
Yadlaşır asta-asta.
Adam olmaq çətinmiş
Vallah, bu basabasda!..
Mingəçevir şəhəri
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!