Sevdalı-sevdalı
Ömrümüz bir sudur, axar,
Axar, sevdalı-sevdalı...
Ömür axar, su da baxar,
Baxar, sevdalı-sevdalı...
Gözlərinin yol yuxusu,
Mürgüləyir lal yuxusu,
Nə şirindi bal yuxusu,
Qoxar, sevdalı-sevdalı...
Bəzəyidir çöl-çəmənin,
O saçları yasəmənim,
Könlümü yandırar mənim,
Yaxar, sevdalı-sevdalı...
Göy üzü bir dənizdi
Göy üzü bir dənizdi,
Yaxası tər-təmizdi,
Gecəsi də gündüzdü,
Ulduzlar düymə-düymə...
İlahilər səsləyib,
Nəğməsilə süsləyib,
Səni mələk bəsləyib,
Boynunu əymə, əymə!
Karvan gedib, gözəlim,
Öz başımdı, öz əlim,
Sən Allah, qoy dincəlim,
Kefimə dəymə, dəymə!..
Mənə baxır başdaşın
Şəhid qardaşım Almazın
əziz xatirəsinə
Gül qoxulu məzarın
Batıb şəfəq selinə,
Min-min misra yazarım
Sənin bircə telinə...
Baxıram son şəklinə -
Düşüncən dərin-dərin.
Qurban olum kəklinə,
Nə gözəldi gözlərin...
Həsrətin yolu uzaq,
Anamın son varisi,
Ulduztək sayrışacaq
Göz yaşı mirvarisi...
Ayrılıb gedəndə də
Mənə baxır başdaşın,
Yaxında da, gendə də
Qəlbimdəsən, qardaşım!..
Bakirə duyğular
İstəmərəm təkliyini görk edəsən,
İstəmərəm təkliyini tərk edəsən,
İstəyirəm təklənəndə
İlahidən təklənəsən,
Gündoğandan Günbatana
o bakirə duyğularla yüklənəsən.
Veysəl olub, nur içində
saz səsinə köklənəsən,
Uzun, incə bir yol gedib,
Gözlərinə ərk edəsən,
Öz sazını, öz sözünü,
öz-özünü dərk edəsən...
Təkcə sən yoxsan
Nanə yarpağı könlün
könlümə əsir indi...
Həsrət ortağı könlün
könlümün əsiridi.
Qəmli-qəmli oxuyur
gözüyaşlı bulaqlar,
Güllər həsrət qoxuyur,
pərişandı yarpaqlar.
Göy üzü təzə-tərdi,
durnalar qayıdacaq.
Eh, bu necə qədərdi,
Təkcə sən yoxsan, ancaq?!..
Gəl
Qürbətəmi düşdü yolun,
Sındımı qanadın, qolun?!
Gəl, adına qurban olum,
Elin mələk yavrusu, gəl.
Tərk etmisən öz yuvanı,
Oxursan qərib havanı,
Ağlayır qara sevdanı
Dilin, mələk yavrusu, gəl.
Kövrələr quşlar, böcəklər,
Gəl, yenə açsın çiçəklər.
Həsrət-həsrət səni bəklər
Gülün, mələk yavrusu, gəl...
Ruhum Tanrı möhtacı
Ulduzlar göy üzündə
Gecəyarı tamaşa...
Mən də çölün düzündə
Duyğularla baş-başa...
Nə yuxu kimi şirin,
Nə qorxu kimi acı...
Sakiniyəm bu yerin,
Ruhum Tanrı möhtacı...
Yenə səni düşündüm
Yağış çisəkləyəndə,
Alça çiçəkləyəndə,
Ömrü vərəqləyəndə
Yenə səni düşündüm...
Sən ki yoxsan dünyada,
Yenə gördüm röyada,
Yenə gördüm aynada,
Yenə, yenə üşəndim...
İçimdə sonsuz həsrət,
Çölümdə bir məmləkət,
Nə Vətəndi, nə qürbət,
Mən hardayam, əfəndim?!
Söz eşqi var qulların da
Həyat şirin, ömür şirin,
Öz eşqi var göyün, yerin,
Sənin eşqindən yaranıb
Yer üzündə şairlərin.
İnadı var ahımın da,
Qanadı var ruhumun da,
Kaş hamıya qismət ola
Könlümdəki şirin sevda.
Bu sevdanın yollarında,
Qərib, qəmgin hallarında,
Tanrım, sənə şeir yazdım,
Söz eşqi var qulların da...
Şeh sırğa taxmışdı
otlara zərdən
Sən ki şiriniydin şəkərdən-qənddən,
Baxıb boylananda o aynabənddən,
Mən də uzağıydım qayğıdan, dərddən,
Atam da, anam da sağıydı onda.
Şeh sırğa taxmışdı otlara zərdən,
Erkən oyanmışdın o gün səhərdən,
Bir qom çiçək dərdim sənə çəpərdən,
Güllər bəxtin kimi ağıydı onda.
Güldən gözəliydi tül naxışların,
Gülə naz satırdı qələm qaşların,
Getməyib gözümdən o baxışların,
Qoşa hörüklərin tağıydı onda.
Gözümə-könlümə köçmüşdü aləm,
Nə kitab varıydı, nə dəftər, qələm,
Sevgi yaşımız da deyildi hələm,
Əlçatmaz uşaqlıq çağıydı onda.
Həsrətin ömrümdən
uzanan yoldu
Ağacdan əlini üzdü yarpaqlar,
Çayların üzündə üzdü yarpaqlar,
Elə kefsizlədi, bezdi budaqlar,
Quşlar da oxumur, elə bil, laldı.
Soldu becərdiyim o barlı bağlar,
Qar yağdı, yolların yenə buz bağlar.
Yel əsdi, yelləndi gəlin qovaqlar,
Külək yaylığını əlindən aldı...
Leyləyin yuvası çör-çöplə doldu,
Pərişan söyüdlər saçını yoldu.
Həsrətin ömrümdən uzanan yoldu,
Getdin, ayrılığın izləri qaldı...
Son arzu, son qatar
Gül-çiçəkli, çiyələkli yaz günü,
Dağlarıydı bizi ney tək dindirən.
O məniydim, ay ürəyi üzgünüm,
İnadını zirvələrdən endirən...
Dönməsən də öz izindən, yolundan,
Səyyarələr ötüşdü sağ-solundan.
O Həziydi, yapışmışdı qolundan,
Ürəyini gizli-gizli dindirən...
O yerlər könlümə düşəndə hərdən,
Qovruluram, gözüm dolur qəhərdən,
Baş götürüb gedəcəyəm şəhərdən,
Ney səsidi məni yurda döndərən.
Bir səs gəlir qulağıma uzaxdan,
O yerlərdə görünmürəm nə vaxtdan.
Pencəyimi götürəcəm savaxdan,
Son arzudu son qatara mindirən.
Aman, ayrılıq...
Gələrdin, qəlbimdə bir Ay doğardı,
Qəfil gedişinə vidamı deyək?!..
Yaxşı ki, bilmədin, saçım ağardı,
Yaxşı ki, bilmədin, ağrıdı ürək...
Ay oldu, il oldu hər ötən günüm,
Qərib durnalar da lələk saldılar.
Nə səsim yetişdi, nə də ki, ünüm,
Sənli günlərim də qanad çaldılar.
Həsrətin qövr edir səndən uzaqda,
Sən həm uzaqdasan, həm yaxındasan,
Şirin yuxuları nə cür yozsaq da,
Yanımda deyilsən, eh...yuxumdasan.
Elə kövrəlmişəm Kərəm sazıtək,
Gedim söyüdlərin saçın hörməyə,
Gəlmişdin ümidtək, getdin arzutək,
Gəlmişdim mən səni bir də görməyə.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!