Nə qədər qan içibsə, Torpaq da lalə doğur.. - İslam Sadıqın şeirləri

Lalələr

 

Xocalıda heç vaxt

bu qədər lalə olmayıb.

 

Baxıram lalələrə,

Bir qəhər məni boğur.

Nə qədər qan içibsə,

Torpaq da lalə doğur.

 

Yox, canım, gülür torpaq,

Qurtulub Vətən dardan.

Hər lalə bir əsgərdi,

Üzümə baxır ordan.

 

İgidim, qorxma qandan,

Torpağı qanla yoğur.

Dar gündə görürsənmi

Torpaq da əsgər doğur.

 

Göbəyim bitişik

qalıb vətənə

 

Bir adam deyildi anam sıradan,

Elə özü boyda bir Vətəniydi.

Belə yaratmışdı onu yaradan,

Ruhu Vətən olan bir bədəniydi.

 

Ağlıma gəlmişdi hardan, ay aman,

Mən də Vətən ana demişdim ona.

İki anam vardı mənim bir zaman,

Vətən də anaydı, anam da ana.

 

Şəklimi gözünə aymı çəkmişdi,

Günəşmi qovmuşdu dumanı, çəni?!

Məni Vətən adlı dədəm əkmişdi,

Anam adlı Vətən doğmuşdu məni.

 

Mənim göbəyimi olmayıb kəsən,

Bu sirri açmadım mən hər yetənə.

Doğulduğum gündən elə deyəsən,

Göbəyim bitişik qalıb Vətənə!

 

Bu yurd yağıya qalmaz

 

Yağı odun yığdı, nöyüt də tökdü,

Nə qədər elədi, ocaq yanmadı.

Quru çırpı üçün çəpəri sökdü,

Onu yığdı qucaq-qucaq, yanmadı.

 

Soyuq başdaşı da susdu, dinmədi,

Gözləri də düşdü çuxura, qaldı.

Soyuq inadından daş da dönmədi,

Əlini hoyxura-hoyxura qaldı.

 

Bir hənir duymadı bu kənddə yağı,

Əli boşa çıxdı, nəyə əl atdı.

Başından daş kimi tökdü yarpağı,

Yolda ayağını daşlar qanatdı.

 

Türk səsi gəzirdi burda qulaqlar,

Düşmən adda-budda yenə tək-təkdi.

Yağını uzaqdan görən bulaqlar

Niyə nəfəsini içinə çəkdi?!

 

Heyrətindən daşlar, qayalar çat-çat,

Çox gördü yağının dağını dağlar.

Ay İslam, bəs niyə uçub o saat

Altına almadı yağını dağlar?!

 

Olmasın

 

Nə umursa-umsun, düz umsun uman,

Məndə olmayanı yüz umsun uman.

Məndən şeir umsun, söz umsun uman,

Daha başqa şeylər uman olmasın.

 

Bu qala Koroğlu qalası deyil,

Qapıdakı Eyvaz balası deyil.

Yaman dönüb yaxşı olası deyil,

Barı, yaxşı dönüb yaman olmasın.

 

Bu yer dura-dura göy olub çamır,

Üç gündü yoğrulub, acımır xamır.

Ürəyimə yaman pis şeylər damır,

Tanrım, ürəyimə daman olmasın.

 

Yıxılmaq qorxusu

 

Susayıb dikmədim gözümü dörə,

Öyrətmədim heç vaxt özümü dörə.

Çəkmədim bir kəlmə sözümü dörə,

Dördən yıxılanı çox görmüşəm mən.

 

Bağa girsən, narı dər, olan yerdən,

Səndən pay umsalar, ver, olan yerdən.

Qaçmışam həmişə şər olan yerdən,

Şərdən yıxılanı çox görmüşəm mən.

 

Nə dilinə gətir, danış sirrini,

Nə də eşitsin dost, tanış sirrini.

Ürəyində saxla çalış, sirrini,

Sirdən yıxılanı çox görmüşəm mən.

 

Bir qolun üzündən baxtı qarayam,

İki yüz ildi ki, bağrı yarayam.

Arazdan yıxıldım, para-parayam,

Kürdən yıxılanı çox görmüşəm mən.

 

Yatmasam da, gözüm yuxulu deyil,

Yuxum da bənövşə qoxulu deyil.

Sıfırdan yıxılmaq qorxulu deyil,

Birdən yıxılanı çox görmüşəm mən.

 

Ay ana

 

Üfüq gülür, dan yeri də ağarıb,

Yoxdu kəndə hay-küy salan bağırıb.

Nə deyirdi Lilpar səni çağırıb,

Yoxsa, çörək istədimi, ay ana?!

 

Gün çıxıbmı, şaxta bir az sınırmı,

Oda getsən, kimsə onu danırmı?!

Odun varmı, ocaq necə, yanırmı,

Ev-eşiyin istidimi, ay ana?!

 

Çox isindi, nəhrən yenə azdımı,

Xalça üçün ipin-sapın azdımı?!

Yoxladınmı, cəhrə, daraq sazdımı,

Yerin taxtın üstüdümü, ay ana?!

 

Uşaqlara noğul payla, qoğal ver,

Saçlarına bir əl gəzdir, sığal ver.

Kəkotu ver, qantəpər ver, zoğal ver,

Yoxsa, dədəm xəstədimi, ay ana?!

 

Yerindəmi o axarın, baxarın,

Qalırmı öz ovxarında ovxarın?!

Deyən çəkmir, yaman təpir buxarın,

Evə dolan tüstüdümü, ay ana?!

 

Baxtını

 

Elə sirr var, bilmir Ozan da onu,

Yoz desən, yozammaz yozan da onu.

Tanrı açıq yazır yazanda onu,

Ancaq düyün salır həyat baxtını.

 

Biz heç nə bilmirdik Tanrı biləndə,

Tanrıdı bu ömrü bizə bölən də.

Təzə don geyindir Novruz gələndə,

Təzələ bir azca boyat baxtını.

 

Qoyma bircə hovur yatmağa, lələ,

Yatdımı, çox şeyi verəcək yelə.

Yuxusu gözündən tökülsə belə,

Üz-gözünə su vur, oyat baxtını.

 

Türkün

 

Türkün adı gələndə

qarnına sancı dolanlara

 

Ona əl uzatsan öpər əlindən,

Bir xoş niyyət duyar hər əməlindən.

Haqsız söz eşitməz bir yol dilindən

Ağına qaradı deyən də türkün.

 

Çox gördü zamanın daş-qalağını,

Doldurdu onun da boş yalağını.

Sallanmış görmədi qaş-qabağını

Qapısını vaxtsız döyən də türkün.

 

Kimsə yenə tarix yazırdı deyən,

Yalanlar varağa sızırdı deyən,

Dünən canı yaxşı qızırdı deyən,

O köhnə kürkünü geyəndə türkün.

 

Nə ocaq çatanın közünə girir,

Nə dil-dil ötənin sözünə girir,

Dırnağı çoxunun gözünə girir

Adı qulağına dəyəndə türkün.

 

And içir, ortaya söz qoyur biri,

Gizlincə kürkünə köz qoyur biri.

Yoluna, izinə göz qoyur biri,

Sevinir yükünü əyəndə türkün.

 

Beş deyir, on deyir yüzünü görən,

Dodağını büzür düzünü görən.

Niyə haqlı sayır özünü görən,

Halalca haqqını yeyən də türkün?

 

Haqqın tərəzisi gözüdü onun,

Günəşi isidən közüdü onun,

Yəhərdə oturan özüdü onun,

Bax, öz əlindədi yüyən də türkün.

 

Niyə ağır olub, bilmirəm, daşı,

Yel olub ötərsən sən uzaqbaşı.

Öz baxtını düyür, bilmir ha, naşı

Guya yığvalını düyəndə türkün.

 

Kimsə kol dalında döşünə döyür,

Görün, kimi öyür, nə deyib öyür,

Nadan nə bilsin ki, özünü söyür

Zatını, pəkini söyəndə türkün.

 

Ay İslam, düz görən gözü də türkdü,

Yalan qarışmamış sözü də türkdü.

Adını Haqq qoyub, özü də türkdü,

Yumruğu pis dəyir dəyəndə türkün!

 

Boynuma

 

Bir duyğu içimi dağıdıb didər,

Sirli sandıq yoxdu bu dünya qədər.

Yüz min dərdim olsa, əriyib gedər

Qolu dolandımı, sazın boynuma.

 

Yanıb kül olmamış közünüz, çəkin,

Birdən günə düşər gözünüz, çəkin.

Çoxun bavalını özünüz çəkin,

Qoyun bavalını azın boynuma.

 

Dəndiyi dəndiyim, dəni dənimdi,

Ona qənim olan mənə qənimdi.

Vətənin nə suçu varsa, mənimdi,

Nə taqsırı varsa, yazın boynuma.

 

Duman

 

Dünəndən dəyməyib başı balınca,

Bu saat hal yoxdu onun halınca.

Baxa-baxa qaldı ovçu dalınca,

Ovunu bərədən ötürdü duman.

 

Nə bulud toqquşdu, nə şimşək çaxdı,

Bir işıq böyrümdən şütüyüb axdı.

Yenə hardan gəldi günorta vaxtı,

Dağları başına götürdü duman?!

 

Şehi kirpiyimə, gözümə düşüb,

Adı dodağıma, sözümə düşüb.

Ay İslam, deyirəm, izimə düşüb,

Bəlkə elə məni güdürdü duman?!

 

Qatırsan

 

Kim sındırdı bu ərsini de, görüm,

Avand elə bu tərsini di, görüm.

Kimdən aldın bu dərsini de, görüm?!

Onu buna, bunu ona qatırsan.

 

Bulud kimi dolmamış da çaxırsan,

Yağış kimi yağmamış da axırsan,

Sarılığın çıxmamış da paxırsan,

Sonu önə, önü sona qatırsan.

 

Pis baxırsan çox adamın üzünə,

Dinən kimi qulp qoyursan sözünə.

Pəl vurursan tərəzinin gözünə,

Düz işləri qana-qana qatırsan.

 

Qovan ayrı, qaçan ayrı, bilirsən,

Haçan birdi, haçan ayrı, bilirsən.

O can ayrı, bu can ayrı, bilirsən,

Gecə-gündüz canı cana qatırsan.

 

Yaz belədi, duman gəlir sis olur,

Yaş olanda yanmır odun, his olur,

Bilirsən, qan qarışanda pis olur,

Bilə-bilə qanı qana qatırsan.

 

Çox adamı özün saldın oynuna,

Fitnə-şəri doldurmusan qoynuna.

Taqsırını almırsan da boynuna,

Qatdığını dana-dana qatırsan.

 

İslam Sadıq bil, bələddi qanına,

Bu pisliklər südlə girib canına.

Yağ qoyursan hərdən şorun yanına,

Ancaq onu yana-yana qatırsan.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!