***
Soruşsalar günahımı,
Batıb günaha deyəcəm.
Yol yox, dünənə getməyə,
Nə də sabaha deyəcəm.
Düzlük görmədim düzündə,
Günlər azır gündüzündə.
Mən burdayam - yer üzündə,
Axtarma daha, deyəcəm.
Fatma nənənin qurşağı,
Sevindirmir ta uşağı;
Göy üzündən düş aşağı,
Gedib Allaha deyəcəm.
***
Dünyaya ümidli olub yaşarıq,
Maaş aldığımız iş yeri kimi.
Ömrümüz içində günlər görünər,
Çəkilib atılmış diş yeri kimi.
Ay bulud, sənə də ağlamaq olmaz,
Ağlasan, göz yaşın saxlamaq olmaz.
Allahı bu qədər dağlamaq olmaz,
Göy üzü qaralıb şiş yeri kimi.
Qoy çəksin sevincin qəm həsrətini,
Axtara-axtara öz "qismətini".
Bizsiz anaların darıxır bətni,
Qoyub gəldiyimiz köç yeri kimi.
***
Ürəyimdən keçənlər də
Gəlib könlümdən addıyır.
Sevinc sevincnən yeriyir,
Zülm zülmnən addıyır.
Ay göndərən yanmadı şam,
Olmayacaq sabah axşam.
Odeyy, bir körpü salmışam,
İçim çölümdən addıyır.
Ömür düşəndə qəzaya,
Əcəlimiz yetir haya.
Bu dünyadan o dünyaya
Hamı ölümnən addıyır.
Səbahəyə
Duaya açılan əllər
Ovcunda saxlar Allahı.
Mələklər mürgü tutanda
Fələklər yoxlar Allahı.
Çəkilib göyün üzünə,
Axar, ələnər düzünə...
Hamımızın əvəzinə
Bu yağış ağlar Allahı.
Ahımız ün alıb neydən,
Qolumuz asılıb heydən.
İp sallayıb yerə göydən
Kim bizə bağlar Allahı?!
***
Yaşayırıq can boğaza,
İlahi, - yığılan yerdə.
Saman çöpü də tapmadıq
Ümidlər boğulan yerdə.
Əllərimiz əlcək-əlcək,
Cibimizdə can verəcək.
O dünyanı kim tikəcək
Bu dünya dağılan yerdə.
Adəmdən, Həvvadan bəri,
Alnımızda əcəl təri.
Dəfn elədik sevgiləri
Adamlar doğulan yerdə.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!