Şeirlər - Dəmir ÇEŞMƏLİ

Bir az mənəm

 

İştah açdı gördüyümə,

Surumu var dərdiyimə?

Halal olsun verdiyimə,

Bir az sənsən, bir az mənəm.

 

Ayrıla bilmədik bizdən,

Mayamız tutulub sözdən.

Gələn o üzdən, bu üzdən

Bir az sənsən, bir az mənəm.

 

Cütləşdik, bir cütük nədi?

Xəyalımnan ötdük nədi?

Məbəddik, ya Bütdük nədi?

Bir az sənsən, bir az mənəm.

 

Öz dərdimnən özüm öldüm,

Öz dərdimə özüm "güldüm".

Aldım böldüm,verdim böldüm,

Bir az sənsən, bir az mənəm.

 

Hələ ki

 

Mən eşqimin əndazəsin aşmışam,

Burasını buraxmışam, çaşmışam?

Köpüklənib öz bətnimnən daşmışam,

Sədasını bəyənmişəm hələ ki.

 

Yazı yaydan ayırmadı, ayırdım,

Çınqısını yerdən göyə sovurdum.

Eşqimi öz daxmasında qovurdum,

Ədasını bəyənmişəm hələ ki.

 

"Ürəyimlə vurulmuşam" deyirsə,

"Öz suyumda durulmuşam" deyirsə,

"Məhəbbətdən  yoğrulmuşam" deyirsə,

Nidasını bəyənmişəm hələ ki.

 

Naz eyləyir, naznazıymış bu gözəl,

Qışdan gələn öz yazıymış  bu gözəl,

Rubabımın saz - sazıymış bu gözəl,

Odasını bəyənmişəm hələ ki.

 

 Azar verir, azarını görəmmir,

Alış-veriş bazarını görəmmir,

Dəmir boyda yazarını görəmmir,

Qadasını bəyənmişəm hələ ki.

 

Bilmirəm

 

Daraşan daraşıb yenə başıma,

Alnımın tərini yığa bilmirəm.

Getdiyim yollar da düşüb tərsinə

Yönlənib sola, ya sağa, bilmirəm.

 

Qalmışam gecəylə gündüz arası,

Mən baxtı qaranı de, kim  sorası?!

Sən mənim ömrümün təkcə parası,

Sənə Xan deyim, ya Ağa, bilmirəm?!

Üz tutdum göylərə, sədam gəlmədi,

Mən can verib öldüm, ölən ölmədi.

Sözümü Allaha dedim, bilmədi,

Yaxşı ki dözdüm bu dağa, bilmirəm.

 

Verdiyi ağrılar çıxmır canımnan,

İnsafsız bir kərə ötmür yanımnan.

Zülmünü çəkirəm gedən anımnan,

Kim gələr-gəlməz, o çağa, bilmirəm.

 

Buludlar bulanıb, ağlaşma qurub,

Şimşək hədələyib, ildırım vurub,

Yolumun üstündə xeyir-şər durub,

Deyirəm, bəlkə gün doğa, bilmirəm?!

 

Aranı qaranlıq görürəm daha,

Dərdimin çarəsi satılır baha.

Məəttəl qaldım bu boyda günaha,

Mətərisim hara sığa, bilmirəm.

 

Gəldim

 

Sən tək sənə sənnən baxdım.

Halalın gözümə tıxdım.

Sıyrıldım, özümnən çıxdım,

Qılınctək qınına gəldim.

 

Xavər vardı, Gövhər vardı,

Hər kəsdə bir gövhər vardı,

Məni sevən-sevər vardı,

Adına, sanına gəldim. 

 

Yerişimi ütülədim,

Kəsərini itilədim.

Tez-tələsik ütülədim,

Bu eşqin sonuna gəldim.

 

Qohumsunub qanıxmışdım,

Sınağında sınıxmışdım.

O üzdən də yanıxmışdım,

Susadım, yanına gəldim.  

 

Hələlik

 

Öz ağrımı mən özümnən almışam,

Ağrı-acı içindəyəm hələlik.

Qayğılarım nə çoxuymuş, bilməzdim,

Əkən olub, biçimdəyəm hələlik.

 

Gözətçimiz gözgörəti mürgüdə,

Adətini oğul istər tərgidə.

Quru başlar paslanıbdı sərgidə,

Dəstələnib köçündəyəm hələlik.

 

İstilədi, isitmədi istimi,

Hiss elədi, eləmədi tüstümü?

Sınağında sınamışdı şəsdimi,

Var-yoxunun heçindəyəm hələlik.

 

Aldanmışam neçə ada adınnan,

Unudulmur, unudulan yadınnan.

Allah saxlar bədnəzərin badınnan,

Seçən seçir, seçimdəyəm hələlik.

 

İlişmişəm qarmağının ucuna,

Dolayıbdı barmağının ucuna,

Çoxdan məni götürmürmüş qucuna,

Ürəyinə pərçimdəyəm hələlik.

 

Bayatılar

 

Yozulan yol dar olur,

Yan-yörəsi qar olur,

Mənim qada-balamı

Alan elə yar olur.

 

Mən aşiq, yara dedim,

Dərdimə çara dedim,

Gələsiydi, gəlmədi,

Baxtıma qara dedim.

 

O üzdən gələnə bax,

Bu üzdən gülənə bax,

Bu bədbəxt halımı

Dərd bilib bölənə bax.

 

Mən aşiqəm, gün gəldi,

Bulud gəldi, çən gəldi,

Çox şükürlər Rəbbimə,

Gözlədiyim gün gəldi.

 

Mən aşiqəm, gəlinə,

Söz var belə gəlinə?

Qismətimə tuş gələ,

Fürsət düşə əlinə.

 

Mən aşiq, o gələnə,

Gözlərindən gülənə.

Allah özü qorusun

Mənnən xəbər bilənə.

 

Mən aşiqəm, üzünə,

Üzü üzdü, üzü nə.

İstəyi var gəlməyə

Üzü gəlmir özünə.

 

Mən aşiqəm, çölünə,

Qırov düşüb telinə.

Gələn yarın özüdü,

Çiçək verdim əlinə.

 

Mən aşiqəm, xalına,

Dodağında balına.

Özgəsinə inanma,

Yad yanarmı halına?

 

Sənsiz

 

Gecəni gündüzə qatmışam, oof!

Göydən tutub, göyə çatmışam, oof!

Əcəlin tərinə batmışam, oof!

Bu minvalla səni gəzirəm, sənsiz.

 

Baxanım baxmadı oysanıb burda,

Oxşayır dərəsi kimsəsiz qurda.

Nəfəsin dəymir nə vaxtdı bu yurda,

Yaxşı ki, salamat dözürəm, sənsiz.

 

Gedişin zülməti ərşə dayanır,

Eşqin harda susub, məndən yayınır?!

Gecələr gözümün didəsi yanır,

Göydə ulduzları süzürəm, sənsiz.

 

Hərdən yuxu gördüm, məhəbbət sayaq,

Can cana möhtacmış, can cana dayaq,

Bu eşqin yığvalın de, hara qoyaq?

"Can" dediyin kəsi üzürəm, sənsiz.

 

Hardasan?

 

O vaxtdan salmırsan yadına məni,

Tamarzı qoymusan dadına məni,

Gəl, qonaq elə o qadına məni,

Mənim tanıdığım adam, hardasan?

 

Günahımmı mənim adam olmağım?

Qalıb sənnən xeyir-dua almağım.

Bəs elədi mənə sadiq qalmağım,

Mənim  tanıdığım adam, hardasan?

 

Dağımı yanıltdın, cod adam kimi,

Cismimi üşütdün, od adam kimi,

Eh! Əndişələndin, yad adam kimi,

Mənim tanıdığım adam, hardasan?

 

Sən olmayan yerdə əli yalınam,

Bəlkə mən deyiləm, bəlkə yalanam?

Sənin balacanam, sənin balanam,

Mənim tanıdığım adam, hardasan?

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!