Təbriz bayatısı
Dərddən demə, qardaş:
Çəkilməz dərdimə,
tikilməz qəlbimə yazığın gəlsin,
dözəndə - səbrimə,
bezəndə - qəbrimə yazığın gəlsin;
tanrısız dünyanın bəndəsi yazıq,
şəhərlisi yazıq, kəndlisi yazıq,
hayıfdı bu nəslin 37-si,
əsrin 41-nə yazığın gəlsin!
Yurddan demə, qardaş:
Hərə bir tərəfdən,
hərə bir qıraqdan çapıb da gələr,
Nəsimi - Hələbdən,
Füzuli - İraqdan qopub da gələr;
baxmaz doğanağa, baxmaz örkənə,
dağını, daşını qoşub tərkinə
salamsız... kəlamsız... ərk ilə
Təbriz Araz üstdən aşıb da gələr!
Qürbət ağısı
Nəğmə dedik son baharın adına,
Göy üzünün durnaları apardı.
Həsrət bizi yanar qoydu oduna,
Gəzən olsa, külümüzü taparmı?!
Ana Vətən -
Göyçəklərin göyçəyi!
Qərib yurda ürəyimiz qızammaz.
Yad ellərin yüz ölümü, əcəli
Yad torpaqda qəbrimizi qazammaz...
Qoxuladıq bu düzləri yurd deyə,
Qurd fələkdi - quzu-quzu otardı.
Bir qəribin gözlərini örtməyə
Yüz yad elin torpaqları çatarmı?!
Ana Vətən -
Gerçəklərin gerçəyi!
Ümid dolu xatirələr usanmaz;
Ağardımı anamızın birçəyi?!
Yuxusunu qarışdırar, yozammaz...
Nəğmə dedik, dan yerinə üz tutub,
Yad ellərin yad günəşi yubandı;
Dağlarını duman tutub, sis tutub,
Dənizləri - dəniz boyda qubarmı?!
Ana Vətən -
Bir ömürlük ruzumuz!
Şəkərimiz, çörəyimiz, duzumuz;
Bu qismət ki haqdan gələn yazımız -
Ölüm belə alnımızdan pozammaz!
Qərib Nazimin yolçuluğu
Nağılım dünya,
gerçəyim dünya,
əzəlim, gözəlim, göyçəyim dünya!
Başımın üstündə bir qara bayraq -
baş alıb gedəcəyim,
baş qoyub öləcəyim dünya!
Tutula-tutula dərdinə,
qurşana-qurşana acına -
bu ucundan yol başlayıb
çıxasıyam o ucuna...
Yad nəzərdən yaşına-yaşına,
uçuna-uçuna,
yaşara-yaşara
milyon verstlik radiusdan
dolanacam İstanbulun başına!
Başımın üstündə bir qara bayraq -
öpəcək nəm çəkən yanaqlarımı;
Başımın üstündə bir qara bayraq -
örtəcək ölüncə ayaqlarımı!
Baş alıb gedəcəyim,
Baş qoyub öləcəyim dünya!
Sən görəcəkliyin,
çox görmə mənə:
bu həsrəti, bu qisməti, bu dağı,
bir də başım üstdəki bu qara bayrağı...
***
Qərib torpaqların göy üzü qərib,
qərib torpaqların
göydə - ayı qərib, ulduzu qərib,
yerdə - suyu qərib, dənizi qərib...
Qərib suların aynasında
iri alnın qırış-qırış,
buyur, bu dünyanı gəz qarış-qarış -
qərib torpaqların hər üzü qərib...
Yalnız mahnı oxuya bilməkdir
dünyanın ən böyük xoşbəxtliyi!
Mahnı ki oxuyammadın -
demək, unudammadın təkliyi;
və bir də quş kimi uçub gedəcək
quşa dönmək ümidinin əl boyda gerçəkliyi...
Sonra bir gəmi gedər,
uzaq üfüqlərə tənha bir gəmi -
quruyub qaldığın sahillər yazıq;
üstündən adlayan gecələr yazıq,
içindən keçdiyin səhərlər yazıq!
Gəzdin qarış-qarış:
Parisli Parisə,
Misirli Misirə yaraşan kimi
yaraşdın dünyanın hər qarışına,
hər addımına;
və bir gün beləcə
iri alnın qırış-qırış
qarışdın dünyanın hər qarışına,
hər adamına...
Cavid əfəndinin buludu
Evim yenə eşik mənim,
yerim yenə bayırdımı?!
Yanım-yörəm keşik mənim -
anam, bura Bayıldımı?!
Göy üzünün naçar-naçar
durnaları hara uçar?
Bura o çöl-bayır deyil -
dörd yanım qəbirdi, bacım.
Ha baxıram, Bayıl deyil -
deyəsən, Sibirdi, bacım!
Dünən gedən qaraçılar
indi görən, hara çatar?
Külək döyür otağımı,
yağış kəsənə oxşamır.
Qəbirdən sal yatağımı -
evim damır, damır, damır...
Göyün üzü bulud-bulud,
unut daha... unut... unut...
Şeir bazarı
Azğın soyuq
göy üzündə səfil-səfil dolaşan
ruhları da qısnayanda məzara -
şair Məhəmməd Hadi
şeirlərini çəkmişdi bazara.
Bir cüt tərəzi gözü kimi
bir cüt əl göylərdən enmişdi yerə:
Tanrının sol əlində
dinməz oturmuşdu Məhəmməd Hadi -
ürəyinin başından qoparıb
Tanrının sağ əlinə atırdı şeirlərini.
Şeirlərin odu
isidirdi Tanrının sağ əlini -
Tanrının sol əlində
soyuqdan donurdu Məhəmməd Hadi...
Eləcə oturmuşdu, baxırdı,
qəhərini güclə boğur, boğulurdu:
tərəziyə atılırdı,
tərəziyə qatılırdı şeirləri -
isti təndirdən çıxan buğda çörəyi kimi
buğlana-buğlana satılırdı şeirləri...
Dərisi soyulmuş Allah
Nəsiminin qətli
Soyun bu kafiri!
Sabaha qoymayın, sabahdan iraq!
Tövbə eləməkdən sapdırın bunu -
Göydən Allah baxır...
Allahdan iraq!
Bir az da sabahın halına yanın -
Sabaha qoymayın, sabahdan iraq.
Nəfəsi bu günü murdarlayanın
Qanı da sabahı murdarlayacaq!
Bu fani dünyada zulum görənlər,
Cənnət qapısından gülüb girənlər,
Şükürlər içində ölüb gedənlər
Buna nə deyər?!
Soyun bu kafiri!
Yaxına qoymayın cavan qızları,
Kimsə ağlamasın qoy oğrun-oğrun;
Allahın yerdəki allahbazları!
Göydən Allah baxır...
Allahdan qorxun!
Soyun bu kafiri!
Kəsin bu səsi!
Ayıb, allahsızın sözündən ayıb!
Çılpaq ayaqları, çılpaq sinəsi
Bakirə qızların gözündən ayıb!
Halalın-haramın,
dulun-hərəmin
nəfəsindən ayıb, nəfsindən ayıb!
Soyun bu kafiri!
Çoxdan fürsət gəzən
qansız rəislər -
əmrə müntəzirlər,
qana hərislər,
vəkillər, vəzirlər,
qanunpərəstlər...
Kimi baltasıyla, kimi daşıyla,
kimi dırnağıyla, kimi dişiylə -
soyarlar, kəsərlər,
şaqqalayarlar.
Günahkar bir günün günortasında,
tamahkar dünyanın tən ortasında
haqqı dana-dana
haqq eləyərlər!..
Gizlicə-gizlicə
ağbirçəklilər
ovudar, ovudar cavan qızları.
Gecələr özləri qızlardan betər
qovrular dərdinə allahsızların.
Bir kafir
cəhənnəm çöhrəli allahbazların
cənnətə açılan sabahı olar.
Hələ soyulmamış allahsızların
dərisi soyulmuş Allahı olar!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!