Ovum-ovum ovulub,
Bircə çimdik toz olmuşam.
Gülüm, gəl "Xəlvət"ində
gizlət məni.
Vətən bütövlənəndə
Qatarsan Araz suyuna.
***
Yolumun üstündə çiçək bitirdin,
Bütün çiçəklərdən çox sevdim onu.
Adımı çiçəyin adına qoydun,
Çox sevdim adımı, çiçək adında.
***
Gördüm darıxıram,
Sarıldım boynuna xatirələrin.
Göyə çəkilmişdi Yerin insafı,
Hörümçək toruna düşmüşdü canım.
Yusifin quyusu gəldi gözümə
Yerdən də, göydən də üzüləndə əl.
Ümid göyərdərmiş, quru dənəni.
Dağıtdım telini şəkillərində,
Öpdüm gözlərindən, gülüşlərindən.
Ümid çoxalırdı,
Dan sökülürdü...
Göy Yerin telini sığallayırdı.
***
Bəndi-bərəni bağlama,
Yol ver, yar gəlsin, yar gəlsin.
Qoyma solub, saralmağa,
Yol ver, yar gəlsin, yar gəlsin.
Çıxıb gedirəm dünyadan,
Bilirsən, könlüm sınıqdı,
Sınıq könlümü almağa
Yol ver, yar gəlsin, yar gəlsin.
Yarıma qurban olaram,
Darayıb telin yan gəlsin.
Dəyməsin qara xalına,
Gözləri alam qoy, gəlsin.
Havamı çal, yana-yana,
Zilə qalxma, aşıq qardaş.
Ehmal-ehmal, yavaş-yavaş,
Asta-asta qoy, təb gəlsin.
Mən sevdiyim bir mələkdir,
Yerdə gəzmə, göydə ara.
Günəşdən, Aydan soraqla,
Dolansın göyləri, gəlsin.
Bəndi-bərəni bağlama,
Yol ver, yar gəlsin, yar gəlsin.
Sınıq könlümü almağa
Yol ver, yar gəlsin, yar gəlsin.
***
Sən də bilirsənmi?
Hələ də anasının qucağında
əsir düşən bir qız ağlar
Kor ocağın başında.
Özü açar, özü bükər, kimsə görməz dərdini...
Yağıların daldasında
anasının qucağında əsir düşən bir qız ağlar...
Yaddaşından silə bilmir o gecəni...
Gecə deyər, gündüz ağlar öz dərdini.
Şeytanların yuvasında,
Hörümçək torunda
Qarışqalar, cücülər ağlar ...
Gözümüzdə gillənən yaş tökülər bacasından,
İlimiz on iki ay
göyə açılan ovcuna qar yağar...
Gavır yıxan o yuvanın
Xarabalığında bayquşlar ağlar,
Ümidi ölür o qızın
Qoyma, Allah!
***
Xeyirə yozuram səni
Qorxulu yuxular kimi
Suya danışıram səhər
Yuvasını azan bala qarışqalar
Yuvasını gəzib tapa.
Kobud, köntöy, saymaz adam,
Yaxşıya yozuram səni,
Salamı almayan adam.
***
Dəymə xatirəmə
Bir insaf eylə,
Ovulub, tökülər,
Çilik-çilikdir.
O da yaralanıb namərd əliylə
İnləyir, yarası təzədir hələ.
Sınıq saxlamazlar
Adətə görə.
"Düşəri düşməzi olur" deyirlər.
Üstünü toz bassa,
Solsan, saralsan,
Səni saxlayacam ölənə kimi
Ay boynu qısılı,
sınıq xatirəm.
Geridə nəyim var?
Bir quru adım,
Bir də dolu sandıq
Xatirələrim...
Bir gün yalınayaq çıxıb gedəndə
Dünya, əziz saxla,
sənə əmanətdir
Xatirələrim...
***
Dağıldı sərhədlər
Dirəklər öldü...
Qulağına pıçıldamağa ürək etmədiyim
hər şey yerbəyer oldu.
Minsifətlər Aya qaçdı,
Ayın kölgəsi yox oldu,
Adəmlə Həvva günahlarını yudular.
***
Udur qara torpaq əjdahanı da,
Qarğa da, sərçə də
Bir ömür yaşar.
Kiminsə ömrünü kəssə də kimsə
O ömrü ömrünə calaya bilmir.
Var-dövlət çoxalıb başdan aşsa da,
Ömür başdan aşmır,
Bir yumaq misalı
Başa açılır.
Yumağım heç ələ gəlmir, İlahi.
Ayağı başına yaman dolaşıb.
Əl at, düyünləri aça bilmirəm.
Gedirəm, sonuma çata bilmirəm.
***
Quş görmüşəm yuxumda...
Danışsam, yozan olar?
Bir çimir almamışdım,
Gəldi şirin yuxuma...
Dolandı, cövlan etdi,
tapammadı yuvasın..
Çırpınırdı zavallı...
Düşmüşdi biçarə quş
Taleyin tərs əlinə.
İtirmişdi yuvasın,
Yuvasında balasın...
Bir nainsaf kəsmişdi ağacları gecəli.
Dünyanın faniliyin kim anlamış,
Kim bilmiş?
Quş ağlının kəsdiyin
Kəsməmiş insan ağlı.
Xəlvətdə, aşkarada
kəsəndə ağacları,
Özünə ev tikəndə
Bu adam bilməmiş ki?
Yıxır quşların evin...
***
Götür apar məni, hara istəsən,
Təki dərdlərimdən aralı düşüm.
İtim ilim-ilim, tapan olmasın,
Ta mən itiyimi tapana kimi.
Nə ahım yetişir, nə də fəryadım,
Gecəli gündüzlü, ha yol gedirəm.
Dağ aşsam, çay keçsəm,
Nə dərdim olar?
Eləcə düzəngah uzanıb gedir.
Girəvə gəzirəm, qaçım əlindən,
Yayınım gözündən taleyin, bəxtin.
Axtaran tapmasın,
Ya qeybə çəkilim, ya daşa dönüm,
Ta mən itiyimi tapana kimi.
***
Dost hanı, yar hanı?
Dərd çəkən ortada, dərd verən hanı?
Allah, mələkləri soraqlayıram.
Can verən ortada, can alan hanı?
Min sual eylədim,
Bir cavab aldım.
Çəkil bir hücrəyə,
Yorma yolları.
Axtaran tapmayıb,
İstəyən alıb
Allahın yanında
axtardıqların.
***
Necə xoşbəxt olum...
Sən gülməyəndə.
Sevinə bilim...
Beş barmağım qızıla dönsə,
Bal tökülsə dilimdən
Canım necə əziz olar?
Həyat necə şirin olar?
Sən olmayanda...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!