Şeirlər - Elman İskəndər

Təkcə Günəş birdir

 

Əziz anamın 80 illiyinə

 

Bir ürəyə neçə ürək sığışar, -

bir dünyada neçə dünyan var, ana?

Səmada gör, neçə ulduz sayrışar?

Təkcə Günəş birdir, sən də bir, ana!

 

Gözümü açandan ilk sevdiyim kəs, -

səndən doğmasını görə bilmədim...

Amalın səadət, qayən müqəddəs,

"övlad - can yanğısı", - çarə görmədin...

 

Hər bir addımıma narahat oldın, - 

hər müşkül oldusa, - önündə durdun...

Sən mənə həm ana, həm ata oldun, -

Tanrı səni, sən də məni qorudun...

 

 "Tanrı qoruyanı qurd yeməz", ana,

kim sevər, de, məni, sevdiyin qədər?

Sevginin dəyəri bilinməz, ana, -

kim bilir bu sirri bildiyin qədər?..

 

Uçur, gedir zaman, saxlamaq olmur, -

sevgindən kim doyub, mən doyum, ana?!

Tanrının payıdır yaşanan ömür, -

duadır Tanrıdan diləyim, ana:

 

Başımı dizinə qoyum yenə də,

qəmli gözlərinə baxım doyunca...

Gülüşün buludu qovsun səmada,

bir yağış göz yaşı düşsün balınca...

 

Mən sənin qırışmış əlindən tutub, 

ağarmış saçını oxşayım, öpüm.

Bütün qayğıları bir yana atıb,

sənin qucağında rahatlıq tapım...

 

Başdaşıma döyülən şəkil

 

Nə bilim, nədədir sevginin həddi, -

nifrətin şiddəti necə ölçülür?

Hardan keçir görən, qeyrət sərhəddi, -

nədən keçmək olmur, nədən keçilir?!.

 

Ömür - qaçış yolu, dünya - dolanbac,

"Kiminin əvvəli, kiminin sonu"...

Bir göz qırpımında göz aç, dolan, qaç...

Kimə macal verir tale oyunu?

 

Dünyada nə qədər şər var, düyün var, -

bir yanda mərsiyyə, bir yanda şərqi...

Hər halda, əcəlin gəldiyi gün var, -

zəlzələ, vəlvələ, axı nə fərqi?..

 

Kim bilir, kim ağlar, qəm çəkər o gün,

kimə bu gen dünya dar dalan olar...

Kim şadlıq keçirər arxada, oğrun,

üzünün qüssəsi bir yalan olar...

 

...Bir axşam mələklər çiynimə qonub, - 

açanda üzümə tay-tay qapılar,

hər halda, bitəndə tale oyunum,  

qəbrimə başdaşı qoyan tapılar...

 

Ömrün hər bir anı - bir solan şəkil, -

zaman zalım olub, zalım olacaq...

Mənim başdaşıma döyülən şəkil

dünyada donan son halım olacaq...

 

Günəşin ziyası

 

Sevimli əmim - el ağsaqqalı

Hacı Şamil İskəndərova ithaf

 

"Əvəzsiz bir insan yoxdur", - deyirlər.

Ancaq adam var ki, yeri görünür...

Adam var, öləndə adı da ölür,

Adam var, köçsə də, piri görünür...

 

Ömür - sapı qısa iynə kimidi,

bir naxış bitməmiş söylər "əlvida"... 

Yaxşı əməl uca bir abidədi, -

ha yandan baxarsan, görünər o da...

 

Niyə hər dünənin sabahı olmur?!

Su töksən quyuya su ilə dolmaz...

Sən demə, hər qışın baharı olmur,

"yovşan bəsləməklə çəmənzar olmaz"...

 

Dünyada indiki yaşama heyrət!

Bölgüdə kimə çox, kimə az düşür:

kimiyə var-dövlət, kimiyə qeyrət, -

həyatda hərəyə bir miras düşür...

 

Özünə yol açıb, axsa da sular, 

məcrası olmasa, axar çay olmaz.

Yolun bir yoxuşu, enişi olar,

hər cığır bir elin yolu sayılmaz...

 

Nəsillər yaşadır həyat tərzini,

zaman insanlığın müəllimidir.

Kim ondan alırsa ibrət dərsini,

bütün sehrlərin münəccimidir...

 

Günəşin ziyası hər yerə yetər, 

ancaq hər ağacın kölgəsi olmur...

Ömrünü-gününü elə həsr edən

dahinin milləti, ölkəsi olmur.

 

Sənli günlər

 

Bir anlıq yumaraq gözlərimi mən,

dönmək istəyirəm sənli günlərə...

İndi ürəyimdə qüssəyə dönən

dumanlı günlərə, çənli günlərə...

 

Gözümdə ulduzlar sayrışır, yanır,

qəlbimdə dünyanın narahatlığı...

Xəyal varlığımı unudur, danır,

bu an kədər çəkir dara şadlığı...

Qönçə dodağının pıçıltıları

mənə "unut" deyir "olub keçəni"...

Sənli o son günün hıçqırtıları

hər yada düşəndə kövrəldir məni...

 

Sapdan asılı

 

Yenə yadımdasan, - yenə eşqimlə,

yenə o mehriban baxışlarınla...

Yenə də ünvansız, yurdsuz sevgimlə,

yenə baharınla, yağışlarınla...

 

Ürəyim od tutub alışasıdı...

Xəyallar çağlayır, onlara nə var?!

Fikirlər hələ çox dolaşasıdı,

Vaxt isə uzanır...

Anlara nə var?!

 

Xəyallar - qəm yüklü, həmdəm soraqlı,

varlığım bir cılız köksə  qısılı...

Arzular axtarır əliçıraqlı,

ümidlər lap nazik sapdan asılı...

 

Yuxuma gəlirsən

 

"Cığırın üfüqə döndüyü yerdə"

ovcuna yığırsan yağan yağışı...

Bulud kölgəsində yatan qayada

astaca gəlirəm mən sənə qarşı...

 

Buludtək üzürəm mən də elə bil,

qayalar toxunur ayaqlarıma.

Dəyişir səmtimi əsən zəif yel, -

toxunur islanmış yanaqlarıma...

 

Dayan, yandırarsan öz əllərini...

Sənə fərqi yoxmu yağan yağışın?

Bu qədər daşürək bilməzdim səni,

əyləncəmi oldu sənə göz yaşım?

 

...Eh, azmı uçurtdun fikrimi göyə?!

yanırsan hər şamın söndüyü yerdə...

Yuxuma gəlirsən, "görüşək", - deyə,

dünyanın üfüqə döndüyü yerdə...

 

Zirvə çiçəyi

 

Zirvəyə əl yetmir, çiçək bitirir.

Yovşandan savayı, düzdə nə olur?

Birinin həsrəti qüssə gətirir,

birinin qayğısı bezdirir, qoyur...

 

Qorxunc qayaları adlamaq gərək, -

sevdanın əzəli sonunu görməz...

Talanı, - nə var ki, - keçirən yüyrək,

rahatca keçən gün sevinc gətirməz...

 

Səhər nəsimiylə yayar ətrini,

dünyanı məst edər zirvə çiçəyi...

Hamı əziz tutar onun xətrini, 

güllərin ən xası, o, ən göyçəyi...

 

Yada düşdü

 

Gün çıxdı, yararaq dumanı-çəni,

bahar yada düşdü, gül yada düşdü.

Narahat duyğular oyatdı məni,

Vətən yada düşdü, el yada düşdü...

 

Bənövşəm hardasa büküb boynunu,

qərənfil, yasəmən açır donunu...

Şimalda qar-çovğun bilmir sonunu,

Çəmən yada düşdü, çöl yada düşdü...

 

O yerlər xəyaldı, hələ ki xəyal,

o yerlər - arzudu, o yerlər - amal!

Bəlkə təkrarsızdı o yerdə hər xal, -

ağac yada düşdü, kol yada düşdü...

 

Kimdi o dağların seyrinə dalan?!

Sehrdi Şah dağı, Kəpəz, Savalan...

Talış dağlarında rənglər al-əlvan,

yaşıl yada düşdü, al yada düşdü...

 

Elmanam, nigaran bir səyyaham mən...

Qürbətdə kimim var, nəyim var, Vətən?!

Dönmək istəyirdim qoynuna, birdən

aylar yada düşdü, il yada düşdü...

 

Rusiya, Yaroslavl vilayəti, Dertniki

 

Hər ümid - təsəlli

 

Torpaqdan yarandı insan...

Ancaq bil ki, nə daşdı,

nə də torpaqdı insan!

Daşla, torpaqla bulaşa-bulaşa

yetirir ömrünü başa...

Qırma, düşün

sənə həmdəm olanın

bir an  sonrakı taleyini...

Aldatma!

Onsuz da insanın

qisməti gətirmir diləyini...

Nə qədər inam var,

nə qədər ümid var,

ürəkdə sabaha şam yanır!

Söndürmə, -

günahdı şamı söndürmək.

Şamsa yanmalıdı,

əriyib yox olanadək...

Tufanlı, boranlı,

Ölümlü, itimli

dünyada bir ümid də təsəllidi...

Demə ki, qığılcımla şam alışmaz,

alışar da, yanar da!

Bir ürək istisi

bir çırağa külək olmaz,

alışdırar, yandırar da...

Ümid ver hər səhər, alışdır məşəli!

Bir ömrə hər xoş söz,

hər ümid - təsəlli...

 

Sən küsəndə

 

Üzün dönsə, -

dönmək olmur sənə tərəf...

Sən küsdünsə, -

mənasızdı ərk etmək...

O məqamda

yandırarsan yeri, göyü...

Sənə yetmək, -

nakam arzuların ən kövrəyi...

Sən küsəndə zalımların üz qarasısan...

Sən küsəndə qəlbimə  nisgil,

gözlərimə nəm hopur.

Sən mənim ürəyimin yarasısan, -

qaysağın qopanda ürəyim qopur...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!