Şeirlər - Fəxri Müslüm

Çox yaşayın,

Ali Baş Komandanım!

 

Azərbaycan Respublikasının

Prezidenti, Ali Baş Komandan

Cənab İlham Əliyevə

 

Siz, neçə yüzillik dərdi çözdünüz,

İtmiş sərhədləri, səddi çözdünüz,

Zamanda əyilmiş qəddi çözdünüz,

Açıldı sevincdən qolum, qanadım,

Çox yaşayın, Ali Baş Komandanım!

 

Düşmənin əhvalı, halı tutuldu,

Qorxudan qolları, dili tutuldu,

Dənizdən-dənizə yolu tutuldu,

Yeni bir gedişin izini qoydun,

Çox yaşayın, Ali Baş Komandanım!

 

Hər təlxək rəqs etdi Cıdır düzündə,

Müqəddəs Şuşamın bir dan üzündə,

Arzusu nöqtəsiz qaldı gözündə,

Bu, beyniboşlara çoxdan ayandım,

Çox yaşayın, Ali Baş Komandanım!

 

Verdiyin hər əmrə Vətən sevindi,

Hər döngə, hər dalan, tin-tin sevindi,

Bu haqdan hər keçən, ötən sevindi,

Bu şöhrət, bu şanı qürurum sandım,

Çox yaşayın, Ali baş Komandanım!

 

Əsgərlər keçdikcə bu dağdan, daşdan

Yenidən yazıldı tarix də, başdan,

Bir boy da böyüdük, biz bu savaşdan,

Cəsur sərkərdətək, öndə dayandın,

Çox yaşayın, Ali Baş Komandanım!

 

Yumruğun şimşəktək, xəncərə çəkdi,

Güc verdi, hər kəsi, səngərə çəkdi,

Düşməni məzara, tən yerə çəkdi,

Xalqa da ruh verdi hər duan, andın,

Çox yaşayın, Ali Baş Komandanım!

 

Yenidən çəkildi xəritələr də,

Dəyişib yön aldı hər qitələrdə,

Sanki şirinləşdi xatirələr də,

Səmadan var oldu haqqın, inamın,

Çox yaşayın, Ali Baş komandanım!

 

Ordumuz düşməni sonadək qovdu,

Bəzən dırnağıyla, əliylə boğdu,

Bəzən, əyri-üyrü burnunu ovdu,

Ömürlük dərs olub,

Düşdü yaddaşına günün, zamanın,

Çox yaşayın, Ali Baş Komandanım!

Siz, neçə yüzillik dərdi çözdünüz,

İtmiş sərhədləri, səddi çözdünüz,

Zamanda qırılmış qəddi çözdünüz,

Açıldı sevincdən qolum, qanadım,

Çox yaşayın, Ali Baş Komandanım!

 

O dağ da, yaylaq da

küsdülər bir az

 

Yaylağın şahıdı yaylım günəşi,

Kölgəni topuğna dəstələr bir az.

Yamac təbəssümlü gəlin kimidi,

Könlümün eşqini bəstələr bir az.

 

Mələk kəpənəklər üzə çıxanda,

Ovqat uralanıb yaza çıxanda,

Kölgələr çırmanıb dizə çıxanda,

Cana sığal çəkər istilər, bir az.

 

Bulud yana durar, qürub başlayar,

Dərdimi içimə sərib, başlayar,

Hər nə var, qədərim dərib başlayar -

Şaman ocağından tüstülər, bir az.

                                   

Ay salar sahmana gecənin tənni,

Dəyişər zülmətin, şərin də yönnü,

Ömür xoşallanar dumannı, çənni,

Mehi gümüş-gümüş, üstələr, bir az.

                                   

Başı şəhər qatdı, yaş da daraldı,

Alın qırış-qırış, qaş da daraldı,

Hərdən yaz aldatdı, hərdən qış aldı,

O dağ da, yaylaq da küsdülər, bir az.

                                   

Yaylağın şahıdı yaylım günəşi,

Kölgəni topuğna dəstələr bir az.

Yamac təbəssümlü gəlin kimidi,

Könlümün eşqini bəstələr, bir az.

                         

Yazın da köynəyi

bozuna çaldı

 

İçim hənirsizdi, çölüm sopsoyuq,

Yazın da köynəyi bozuna çaldı.

Külək havalanıb üzü göylərə

Könlümün viranə sazını çaldı.

 

Dünya ayaq üstə, zaman da belə,

Bənd alıb bulud da, duman da yelə,

Hər ocaq başında şaman da elə,

Hər yeni sabaha,

Kül altda qor tutub közümü saldı.

 

Yaddaş üzə çıxar Sibirdən belə,

Anıt daşlarımdan, qəbirdən belə,

Yovşana tutulub ömürdən belə,

Yenidən təzə-tər izimi saldı.

 

Nə sirrə yer qaldı, nə də, gizlinə,

Nə var ki, itirək, nə var, gözlənə,

Heç bizə fərq etməz,

Bozqurd uladıqca çaqqqal gizlənə,

Hürküdən qıçını, dizini saldı.

 

Könül türküsünü tutub yaşadıq,

Qayıdıb yaşadıq, itib, yaşadıq,

Yeddiqat boy üstə bitib yaşadıq,

Hələ də, sonluğu, yozumu qaldı.                   

İçim hənirsizdi, çölüm sopsoyuq,

Yazın da köynəyi bozuna çaldı.

Külək havalanıb üzü göylərə

Könlümün viranə sazını çaldı.

 

Açıb-ağartmadım

 

Ayaqlarım

toz-torpağı özüylə kürüyə-kürüyə,

qırx beş ölçülü ayaqqabı sürüdü,

qışın qış günündə, yazın yaz günündə

canım da sabahlara doğru

içində, çölündə yürüdü,

içində, çölündə çürüdü.

Daha köhlənlər də, köhlən ha, deyil,

yabılaşıb, əngəlləşib yəhəri, yüyəni yerə dəyir.

Görünən o ki, adamı da,

ömrün qırx beş qəpiklik dəyəri əyir.

Nə yaxşı ki, cocuqluqdan

könlüm türkün

qəmli-qəmli türkülərinə köklənib,

Çinin çin səddi nəfəsimi kəssə də,

ipək yolum var deyə,

açıb-ağartmadım.

Cocuqluğumda,

dağ cığırlarını əsgər dolabı kimi

                        ayaqlarıma doladım,

hələ də,

ilişib qalıb dağın ətəyində

elə, o gündən də,

cocuqluğumdan çıxa bilmədim.

Nə yaxşı ki, cocuqluğumdan

könlüm türkün

qəmli-qəmli türkülərinə köklənib,

nəfəsimi

yadlara verdiyimiz aran səddi,

dağ səddi kəssə də,

hələ, vaxta var deyə,

açıb-ağartmadım.

Yollar örkənsayaq belimdə kəmərləndi

içim də,

kəmər-kəmər dərdə, qəmə!

İllərim, ikiyarım sənələndi,

sən demə,

illərimin iki qəpiklik dəyəri yox.

Nə yaxşı ki, cocuqluğumdan

Könlüm türkün

qəmli-qəmli türkülərinə köklənib,

nəfəsim,

quzey-güney sərhədində,

səddində kəsilsə də,

mollalar

tərs oxuduğunu düz oxuyar deyə,

açıb-ağartmadım.

 

Gözəldi

 

Görkəmli rejissor, Xalq artisti

Mərahim Fərzəlibəyova

 

Marxalda* gül yaza, yaz gülə bağlı,

Dan üzün şehinə girmək gözəldi.

Qalxıb da yuxarı, yala-yamaca,

Gülü də təzə-tər dərmək gözəldi. 

 

Çəkər dəyirmanı, dəhnəsi yenə,

Can verər təzəyə köhnəsi, yenə,

Dəyişib qurluşu, səhnəni yenə,

Xanın sarayında qurmaq gözəldi.  

Çələbi xanına bir qurluş verib,

Yenidən bir saray, bir qala hörüb,

Üstünə naxışlı gül xalı sərib,

Bariton səsiylə,

Baş rolda Əlini* yormaq gözəldi. 

 

Günəş də, gülümsər yasəmənsayaq,

Sinən genişlənər asimansayaq,

Çəkilər hər nəsnə talismansayaq,

Yenə də şah kimi durmaq gözəldi.  

 

Ağızda ballanar Şəki pitisi,

Göyün-göyərtinin şorlu kətəsi,

Nə var ki, könüldə bundan ötəsi?!

Bir az da dünənə varmaq gözəldi. 

 

"Canavar balası" gəzər səninlə,

Düşər cığırlarda izə, səninlə,

Gəlməz də, caduya, gözə, səninlə,

Ovu ov üstünə vurmaq gözəldi.  

 

Dodağından bulaq suyu süzülər,

Yaddaşından ustad dərsi çözülər,

Mərahim müəllim, çatıb yüz ilə,

Dünyanı Şəkidən görmək gözəldi.   

 

Marxalda gül yaza, yaz gülə bağlı,

Dan üzü şehinə girmək gözəldi.     

Qalxıb da yuxarı, yala-yamaca,

Gülü də təzə-tər dərmək gözəldi. 

 

*Marxal - Şəkidə istirahət zonası

*Əli - Xalq artisti Əli Nur

 

Hələ nə gördük ki,

nə yaşadıq ki?!

 

Kurqanlar iç-içə, dağlar baş-başa,

Sirlər də, həkk olub qayaya, daşa,

Elə, sinəmizdə dərd daşa-daşa,

Hələ nə gördük ki, nə yaşadıq ki?!

 

Şaman ocağında köz yeri göynər,

Şaman duasında söz yeri göynər,

Neçə mamır tutmuş iz yeri göynər,

Hələ nə gördük ki, nə yaşadıq ki?!

 

Zaman da yel kimi, dəyişdi, keçdi,

Ömürdən il düşdü, gül düşdü, keçdi,

Anıt qəbirlərdən yol düşdü, keçdi,

Hələ nə gördük ki, nə yaşadıq ki?!

 

Bu daşa, kəsəyə bu bel yeriməz,

Dəyiş-düyüş düşdü bu dil, yeriməz,

Fikir də çəkməkdən bu bel, yeriməz,

Hələ nə gördük ki, nə yaşadıq ki?!

 

Hələ də, Tanrı dağ yaza gecikir,

Qar qoymur gülləri naza, gecikir,

Söz də, qıfıllanıb saza gecikir,

Hələ nə gördük ki, nə yaşadıq ki?!

 

Gül olduq şeytana baş da qalmadı,

Yer-yurd muzey-muzey, başda qalmadı,

Heç daha yaddaş da, huş da qalmadı,

Hələ nə gördük ki, nə yaşadıq ki?!

 

Kurqanlar iç-içə, dağlar baş-başa,

Sirlər də həkk olub qayaya, daşa,

Elə, sinəmizdə dərd daşa-daşa,

Hələ nə gördük ki, nə yaşadıq ki?!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!