Şeirlər - Yusif NƏĞMƏKAR

Şuşanın tarix dili...

 

Dözdün bəlalara çox, Ana yurdum;

Hamısı xəyanət üzündən olmuş...

Qanrılıb keçmişə baxanda gördüm

Bu yerə göz dikən gözündən olmuş...

 

Şah Qacar süvarkən bu qala kanə

Tarix yaddaşında qüsur qalacaq...

O dəm Xan getsə də, Car Balakənə,

Baş vəzir Şuşada cəsur qalacaq...

 

Dağlar - dağ çəkilib dağ udanların...

Qarabağ - sevgimiz odası indi.

Məğrur məqbərəni dağıdanların

Dağılan tifaqdır ədası indi...

 

Yalanlar başına qondarılan tac -

Atılan bumeranq, dönür özünə.

Bir vaxt Topxanada kəsilən ağac

Qisas neştəridir düşmən gözünə.

 

Əsli olmayanlar udsun səsini,

Nə Vətən göstərib, nə ad çəkirlər.

İsa bulağının zümzüməsini

Çarmıxa çəkənlər fəryad çəkirlər!..

 

Donuzlar qatlamaz nərlər dizini,

Qurşaq tutan ərlər zəfər duyacaq

Cıdır atlarının kişnərtisini

Məsud Cıdır düzü müjdə yayacaq.

 

Türbələr ucalıb öz yerlərinə

Şairin təbinə ilham verəcək.

Gözəllər Vaqifin şeirlərinə

"Xarı bulbul"ləri ənam verəcək!

 

İlhamlı, kəsərli söz (ağu olan)

Təşnə mərmilərə içiriləcək;

Ötkəm yağılara göz dağı olan

Poeziya günləri keçiriləcək!

 

İgidlər nərəsi dağ əsdirəcək

Köklənib Üzeyir ahəstəsinə.

"Yallı" yallar boyu yer göstərəcək

Cabbarın, Seyidin... şikəstəsinə.

 

Vicdanda insanlıq solanda nolar?!

Sərvətkeş bəs necə ləl qoruyacaq?!

Fitvakar Xan nəsli olanda nolar?!

Şairə qəsd edən əl quruyacaq!..

 

Şuşa - şiş zirvədə kövrək bir şüşə,

Şair ürəyitək döyünə bilər.

Tanrımız köksünə taxdığı döşə

Hər kəs səcdəsilə öyünə bilər!...

 

Qandan bitən lalələr

 

Al seyrindən oldum ləlik,

Gül-çiçəklər boy-boyadı...

Xocalıda bir laləlik

Qəlbimi qana boyadı...

 

Düşündüm tər tala nədir;

Sirri nəymiş bu halların?!

Rəmzi, rəhni, xalı nədir

Köksündə qara xalların?!.

 

...Bir vaxt bağrım teylədilər

Dil verib şərə kafirlər.

Hərzə-mərzə söylədilər

Bozladıq, mərə kafirlər!..

 

Qan çiləndi torpağına

Dəhri dağlı Qarabağın.

Xal düşdü Xan növrağına

Açılmadı yara bağın...

 

Bədəlin qan toxumları

Səpilib nihal gətirdi;

Lalələr-şəhidlik barı

Yaşıl düzə al gətirdi...

 

Ləçəklər-qırmızı kəfən,

Cəsəd kəfənə gəlmədi...

Zalım, ərzə bumu töhfən-

İgidlik dəfnə gəlmədi!..

 

İlahi, bu, nə laləlik?!

Dərd oxun necə yay atıb?!

Sanma bitibdir naləlik,

Ümiddir, ahdan boy atıb...

 

Danüzdən şəfəqlər enib,

Çöl nurla cilalanıbdır.

Lalələr zəfərə dönüb,

Bayraqtək dalğalanıbdır!..

 

Bitər-bitməz?!.

 

Ən dərin yoxsulluqdur sənsizlik,

Ən böyük haqsızlıqdır sənsizlik...

 

Y.Nəğməkar

 

Qanadlanıb uçdim "bitdi" sözünlə,

Sağ ol, uca tutdun təxtimi, bəxtim!

Ulaşdı üzülən üzüm üzünlə,

Bəxtəvər elədin bəxtimi, bəxtim!..

 

Çağdaş ümid şaxələndi hər çağa;

Nələr vəd etmədi çəkdiklərimiz?!.

Qoşa toxum səpdik qara torpağa,

"Bitdi" yox, bitibdir əkdiklərimiz!..

 

Haqdan muştuluqdur, müjdədir mənə

Dilinin "bitdi"ylə dinib - ötməsi...

Oyadıb ruhumu, yetirdi şənə

Uzun bir həsrətin belə bitməsi...

 

Sinəmiz dağ yeri, qoy o dağların

Vaxtsız qara çəni, göy sisi bitsin.

Düyünü açılsın müşkül bağların;

Dünyanın inciyi, küsüsü bitsin...

 

Eşq ilə isinib, boy vermək-rəhmət,

"Bitdi", behişt oldu sevgi ormanı...

Könül zəmisini becərmək-zəhmət,

Bitişi, məhsulu-büsat xırmanı.

 

Bitən butan batən batan deyil ki?!.

Can cəhrə, qəlp iyi iplik əyirməz...

Bitənəkli bitən bu tən deyil ki,

Bitməz "bitən", bitməyənlər göyərməz...

 

Nə vaxt qəlb yuvada çatıldı ocaq-

Bilmədik, o günün rəqəmi yoxdur.

Hər şeyi bitirə bilərik, ancaq

Sevginin bitəcək məqamı yoxdur.

 

Bir var, günün, ayın yaddaşı sola-

O da illər sona yetsin ki, bitsin.

Bir də var, aşiqlik "limit"i dola,

Gərək xatirələr bitsin ki, bitsin!..

 

Qanadlanıb uçdum "bitdi" sözünlə,

Sağ ol, uca tutdun təxtimi, bəxtim!

Üz-üzə dayandım gülər üzünlə,

Bəxtəvər elədin bəxtimi, bəxtim!...

 

Qırılan lələk

 

Ömür yolları daşlısa...

Daşlar da yeddibaşlısa...

Qəlbin gözləri yaşlısa...

 

Sən də keyfiçağ ol görüm.

Dağ ol, dumana bürünmə,

Ucal, uçaq ol, sürünmə,

Büdrəyib, bədəl görünmə,

Ərənsənsə, oğul görüm.

 

Xəyal - Qu, qırılan lələk...

Səma-beşik, bulud-bələk.

Sonu sola çəkər fələk...

Əksə dönüb, sağ ol görüm.

 

Gəldin, getdin - bəs səmir bu;

Ağla, gül, sus - səs-səmir bu,

Tanrıdan gələn Əmr bu:

Buyruq üzə ağ ol görüm.

 

Boylan ümid səhərindən,

Düşmə dilək yəhərindən.

Tutulurkən qəhərindən,

Sevıncinə boğul görüm.

 

Dünyaya gəlməyə nə var?!

Cəm qəmi bölməyə nə var?!

Doğulub, ölməyə nə var?!

Ölümündən doğul görüm!..

 

Bəyanvari

 

Qüdrətim gözlərimin

Nuruna yazılıdır,

Əllərim kainatın

Sirrinə uzalıdır...

 

Eşqi dünyaya sığmaz,

Arzusu bahar mənəm,

Sonsuz məhəbbətimlə

Ötən Nəğməkar mənəm!

 

Həsrət naminə

 

Əhval rapsodiyası

 

Məni tapşırdın həsrətə,

Odur evim-eşiyim də.

Arxayın ol o xilqətə -

Möhkəm durub keşiyimdə...

 

Bu mətahı alma məndən,

Günlərim qərib, nisgilli...

Dolanım tənhalara tən,

Yaşayım tutqun, sisgilli.

 

Ayrılıqlar bizim üçün

Qoymayaq dönə vərdişə.

Daha bu xəsislik neçin?! -

Çox görmə dərdi dərdişə!..

 

Dəm yatır qəm döşəyində,

Ayıq gecəm nalan qalır...

Ömrüm həsrət beşiyində,

Laylasını güman çalır...

 

Kənarlıq rahat yerindir;

Əlim ətəyinə yetməz...əəö

Həsrətin elə şirindir,

Dadı damağımdan getməz!..

 

Ağrımdır ağır ahu-zar -

Gərək bu yükü daşıyam...

Səndən yaxın həsrətim var -

O dostumla baş-başayam!..

 

Həsrət ömür-gün həddidir;

Bitib, puçur-puçur olmur.

Sanki Böyük Çin səddidir,

Min illərdir uçurulmur...

 

Ölçük həsrət arşını da

Çəkməz təkəbbürlə qürur.

Vaxtla bəxt barışını da

Həsrət saat kimi qurur.

 

Çox da incidir, ağrıdır,

Bir sifəti iki olmaz!..

Bu həsrət elə ağırdır,

Vüsalda o çəki olmaz!..

 

Sanma çox sitəm, ah olub,

Hər yanım kədərbələnlik...

Həsrətin xeyirxah olub,

Son sözü qədirbilənlik...

 

Adı inciyin haqq üzü,

Addımı tək iz tayıdır.

Sevgili həsrətin özü

Ümidin əkiztayıdır...

 

...Xoş gəlmisən, həsrət, mənə!

Gəl keç sinəmin üstünə.

Mənlə qal, qayıtma yenə

O şux sənəmim üstünə!..

 

Onu bilmirəm...

 

Getkin sorağımı gəlməz bilmə sən;

Bitkin fərağını gülməz bilmə sən...

Məni o qədər də bilməz bilmə sən...

Sevgi nə? - yöndəmi, yönü bilmirəm -

 

Mən niyə sevirəm - onu bilmirəm.

Uçub meylim quşu, tuşunda qalıb,

Əyilib Ay, əyri qaşında qalıb...

Neçə xatirəmiz huşunda qalıb?..

 

Açılsın yaddaşım donu, bilmirəm,

Mən niyə sevirəm-onu bilmirəm.

Hissim, duyğum bəlli kövrək bəyandan,

Bir söz də tapmadım şənə şayandan...

 

Bu sevda müjdəsi gəldi hayandan? -

Necə vurulduğum anı bilmirəm -

Mən niyə sevirəm - onu bilmirəm.

Nəyini sevirəm - göz-qaşınımı?!

Ləziz qovurmanı, ya aşınımı?!

Quru bir söz üstə "savaş"ınımı,

Yoxsa o təmiz ad-sanı, bilmirəm?!

Mən niyə sevirəm - onu bilmirəm.

 

Nə xurafat əhli, nə təriqətəm,

Nə vəslin xəstəsi, nə də firqətəm...

Özüm öz naləmə elə sirr-qətəm,

Bu, necə avazdır-tonu bilmirəm?!.

 

Mən niyə sevirəm-onu bilmirəm.

Bu tale payımız bir ah eşqidir...

Mövladır, nə sultan, nə şah eşqidir.

Sevgi dediyimiz Allah eşqidir-

 

Əvvəli bilmədim, sonu bilmirəm,

Mən niyə sevirəm-onu bilmirəm.

Qəlbinə gedən yol daşmı dalandı?!

Dünyanın gözündə yaşmı bulandı?!.

 

Payızmı saraldı, qışmı qalandı?!

Bahar şans verərmi?-bunu bilmirəm,

Mən niyə sevirəm-onu bilmirəm.

Həyat başqa aləm gözümdə sənlə!..

 

Həsrət də bacarmaz dözümdə sənlə!..

Ömrü başa vursam yüzümdə sənlə,

Məntək kim zikr edər Hunu, bilmirəm?!.

Mən niyə sevirəm- onu bilmirəm!..

Bilməm niyəsini niyə bilmirəm;

"Niyə"m sevgidir ki, deyə bilmirəm!..

 

Unuduram?..

 

Bu soyuq hardan gəlir?

Dağdakı qardan gəlir...

Bir ürək itirmişəm,

Sorağı yardan gəlir...

 

Bayatı

 

Ayrılıq amacı ilə

Hədər döydük döşümüzə...

Peşman da peşmandır belə

Hövsələsiz "peş"imizə...

 

Hardan əsdi soyuq yellər?!.

İndi biz nəyi neyləyək?!

Lənətləyər bizi illər...

Şeytanamı küfr eyləyək?!.

 

Bir qəlbin min-min ahı var...

Eşqi ahdanmı başlayaq?!

Şeytanın nə günahı var?!

Gəl, özümüzü daşlayaq!..

 

...Xəyalın bulud kimidir,

Gah yağış, gah qar gətirər...

Xatirən bir ud kimidir,

Pərdə-pərdə od gətirər...

 

İpək saçların təzə-tər,

Hər tükü sinə dağımdır;

Yuxuma girir gecələr,

Həsrətim dəyib dağıdır...

 

Gecə zülməti ovmağa

Doğru dözüm-düzüm yoxdur.

Geci... gecəmdən qovmağa

Bir hovur gündüzüm yoxdur!..

 

...Xatirələrə dözməyə

Ürəyimi daş edirəm.

Kaş ki, unuda biləydim-

Hey düşünüb, "kaş"... edirəm...

 

Aram olmur qəmim erkən,

Qurtum-qurtum dərd uduram;

Səni unutmaq istərkən

Unutmağı unuduram...

 

Ünvansız duyğular

 

Ömrə ağı demə hey zülüm-zülüm

O qalaq dərdlərin qalalarından.

Əl uzat, əlinə yetsin ki, əlim,

Biraz da mən çəkim bəlalarından...

 

Aləmin qayğısı başından aşır...

Səslə, bir qayğım da elə sən olsun.

Madam kürlüyündə vicdan dolaşır,

O vicdan səsinə qoy halal olsun!

 

Belə kövrək nazı hardan tapmısan-

Biləsən beləsən, bəlasan, neynim?!

Quruca ruhuma elə hopmusan,

Gözü nəm müşk ənbər-əlasan, neynim?!

 

Çox da gəzdiyimiz səki daşlıdır,

Dalan döngədə sən, tin qaşında mən.

Biz çəkən bir bəla ikibaşlıdır-

Bir başında sənsən, bir başında mən...

 

Can ipdən asılan tanış-biliş çox,

Asılqan ağrıya kimlə tən olum?!

İpin tarımını qoru, eybi yox,

Kəndiri kəsilən olsa, mən olum...

 

Sənə bəyan etsin qoy bəsirətim:

Yaxın bəlalar da səndən uzaqdır.

Tənha gecələrdə mənim həsrətim

Sənin pəncərəni döyən sazaqdır...

 

Baxıb eyvanından, sussam cavabçün

Nə sözlə dinərsən bə "lal"ım, onda?!

Acıyıb halıma, yəqin savabçün

Bəlamı qovarsan, bəlalım, onda...

 

Həsrət zülmətinə düşmək-qəhər, qan,

Sarmasın qəlbini qara qəm, al ah.

Bizi də qoparar nəhs girdabından

Yusifi quyudan çıxaran Allah!..

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!