Şeirlər - Nəcməddin MÜRVƏTOV

Sənsən

 

Görcək ay çöhrəni dilim olur lal,

Bircə söz tapmıram, sanki keyəm, kal.

Çaşsam, baxışından oxunur sual:

"Bunun ağlın alan kimdir, görəsən?"

Ay gülüm, duymursan məgər bu sənsən?

 

Təəccüb qalmısan - "nə olub buna?"

Girir dəqiqədə min bir cür dona,

Düşüb elə bil ki, nəsə oyuna.

Kimdir əhdini bu yazığın kəsən?

Ay gülüm, duymursan məgər bu sənsən?

 

Düşüncən:"Bəlkə də təmənnası var",

Şəksiz, susmasının bir əsası var,

Məncə, bax, bu işin var əmması, var.

Bir çarə çözərdim, dinib söz desən,

Ay gülüm, duymursan məgər bu sənsən?

 

Artır, hər an artır həyəcanım çox,

Dönürəm heykələ, ruhum, canım yox,

Bu sorğun köksümə, süngü olur, ox,

De, mənə, söylə, de, kimi sevirsən?

Ay gülüm, duymursan məgər bu sənsən?

 

Sustalır əl-qolum, düşür yanıma,

Sanki zülmət çökür nurlu danıma.

Səssiz fəryadıma, and-amanıma

Baxmırsan,"kimdir kim?" deyib gülürsən,

Ay gülüm, duymursan məgər bu sənsən?

 

Gəl, gedək

 

İstəyirsən, qalxaq birgə Ələzə,

Zirvələrdən itsin "ağlar", gəl, gedək.

Bu səyahət edə nəşə bəxş bizə,

Yaşıllaşsın düzlər, dağlar, gəl, gedək.

 

Ruhumuzu ilıq bahar nəfəsi

Qoy coşdursun zövq duymağa həvəsi.

Açsın qış da buz sazaqdan "qəfəsi",

Bülbüllərlə dolsun bağlar, gəl, gedək.

 

Yamaclardan bol su içsin dərələr,

Açılacaq çır-çırpıdan bərələr.

Yataqları bir hay-haray görələr,

Coşar-daşar, çaylar, çağlar, gəl, gedək.

 

Ətir yaysın kol, ağacın çiçəyi,

Nişan versin tər yarpağın ləçəyi.

Daraqlansın hər bir ləkin birçəyi,

Sıralaya, düzə tağlar, gəl, gedək.

 

Gözəl olur bax, bu halı, haləti,

Çəkir hər yan "mənə bax"la diqqəti.

Tutur gerçək, xəyalların ülfəti,

Bol sevincdən gözlər ağlar, gəl, gedək.

 

Olma laqeyd

 

Yetim-yesir, fağırı var,

Vəziyyəti ağırı var,

Dərddən alışan bağrı var,

Dön qəlb duymaq sərrafına,

Olma laqeyd ətrafına.

 

Böhtan deyən, şər yaxanın,

Ona-buna kəc baxanın,

Sutək hər yana axanın

Uyma boş hədyan, lafına,

Olma laqeyd ətrafına.

 

Küsmə kimsə deyibsə nə,

Etmə də heç təhriz-tənə,

Bu yaraşmaz, vallah, sənə.

Çəkilməklə qılafına,

Olma laqeyd ətrafına.

 

Ağrılardan inləyir kim

Ol tez ona dayaq, "həkim",

Əs üstündə əsim-əsim,

Diqqət kəsil "uf-af"ına,

Olma laqeyd ətrafına.

 

Harda, kimdə bir kəsir-kəm

Görsən, ora diqqəti cəm

Eylə, dosta dön, ol həmdəm.

Dön insanların safına,

Olma laqeyd ətrafına.

 

Bu payız

 

Bu payız ömrümdə əsl payızdır,

Yağışı, çiskini, xəzanı gen, bol.

Hopub varlığıma, deməyim azdır,

Qışıma aparır tutub, alıb yol.

 

Qınına çəkilib xəyallarım da,

Onlar da elə bil unudub məni.

Şaxtalı, sazaqlı uyğularımda

Boz, çılpaq görürəm çölü, çəməni.

 

Göylərlə söhbətim tutur indi tək,

Soruram özümdən alıb cavabı.

Sinəmdə narahat çırpınır ürək,

Deyir: "mən də varam", verir əzabı.

 

Narazı deyiləm yox, yox, kimsədən,

Hərə öz başının hayında indi.

Mümkün kimsə dərdli, mümkün kimsə şən,

Kiməsə məndən də betər, çətindir.

 

Ötər bu payız da, ötər bu qış da,

Bahar nəfəsiylə qızınar canım.

Bu hal, əhvalımla  şəksiz barışda

Bitər qəlb sıxıntım, qəlb həyəcanım.

 

Qulluqdayam

 

Gen durmuşam xırdaçılıq, cılızlıqdan,

Azdırmayıb düşüncəmi yox, zənn, güman,

Ayırmışam nələr doğru, nələr yalan,

Həqiqətim bax, beləcə çıxıb üzə,

Lap əzəldən qulluqdayam "böyük sözə".

 

Fırlansa da riyakarlar sağ-solumda,

Hey dönsə də maneəyə düz yolumda,

Öysələr də uğurumdan gen-bolumda,

Cüzi səhvim ürəyimdə dönüb közə,

Lap əzəldən qulluqdayam "böyük sözə".

 

Artıb səyim öyrənməyə kimdən nəsə,

Öz fikrimi söyləməyə qısa, kəsə,

Müdriklərdən deyimlərlə durdum bəhsə.

"Hikmət adlı dəryalarda gəmim üzə",

Lap əzəldən qulluqdayam "böyük sözə".

 

Az görmədim təhqirləri nadanlardan,

Çalışdılar düzlüyümə olam peşman,

Yox, etmədim belədə də heç and-aman.

İgid gərək nahaqlara dura, dözə,

Lap əzəldən qulluqdayam "böyük sözə".

 

Qulluqdayam, bacarıram hər nə qədər,

Qulluqdayam, ötməməyə ömrüm hədər,

Bu yaşamda sevincimdən, həm də kədər.

Göz yaşlarım qəlbə axır, dolmur gözə,

Lap əzəldən qulluqdayam "böyük sözə".

 

Ara öz tayını

 

Düşünmə, minnətçi düşərəm sənə,

"Yalvarram, getmə, yox, necə dözəcəm?"

Yanında hər anım qızıla dönə,

Şəksiz, gen duracam, uzaq gəzəcəm.

 

Barəmdə hardasa kimsə dedi nə,

İnandın yalana, boş hədyanına.

Bəlkə, arayırdın nəsə bəhanə,

"Yaxın, doğmalığa körpülər yana".

 

Bircə laqeydliyin yetər oldu, bəs,

Deyəm, yadlardan da yad oldun mənə.

Ollam əvvəlkitək? - ümidini kəs,

Üzrünlə,  gəlməsin ağlın, dərkinə.

 

Dayana bilmədin o ucalıqda,

Düşdün nəzərimdə, oldun çox ucuz.

Dediyim fikirlər barəndə, haqda,

Səhv imiş, yanlışım böyük, uğursuz.

 

Yaxşısı budur ki, görüşməyək heç,

Lazımsız şərhlərin, izahların da.

Ara, özünə bab bir tayını seç,

Bənzərin xislətin, istək, məramda.

 

Düşünmə minnətçi düşərəm sənə,

"Yalvarram getmə, yox, necə dözəcəm?"

Yanında hər anım qızıla dönə,

Şəksiz, gen duracam, uzaq gəzəcəm.

 

Gözləmə

 

Hardan bilər kimliyini o fağır?!

Ondan ötrü bu müəmma çox ağır.

Məgər göydən ağıl yağır, dərk yağır

Ki, anlaya ruhundakı nələri?!

Gözləmə, yox, dəyərsizdən dəyəri.

 

Vurğunluğu özünədir təkcə tək,

Yox ki onda həssas, duyan qəlb, ürək.

Görkəminə vurur hər gün bər-bəzək,

Dilindədir bədliyinin zəhəri,

Gözləmə, yox, dəyərsizdən dəyəri.

 

Adi işdə nadanlıqdan qalır çaş,

Düyünləyir alnı onda çatır qaş,

Neyləsin ki, işləmir də axı baş?!

Anlamır ki, nədir xeyri, zərəri,

Gözləmə, yox, dəyərsizdən dəyəri.

 

Etsə də nə, şəksiz olar kəsir, kəm,

Məqamında olmaz yəqin ötər dəm.

Alar-verər, verər-alar, yekun cəm,

Sıfırlanar, olar söz-sov ötəri,

Gözləmə, yox, dəyərsizdən dəyəri.

 

Gözləmə, yox, düşmürsən də yadına,

Görməz rəva nəsə yaxşı adına.

Verər səni vecsizlərin badına

Yaratmaqla boğazında qəhəri,

Gözləmə, yox, dəyərsizdən dəyəri.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!