Şeirlər - Cəbrayıl QƏHRƏMAN

Gözəl

 

Allah nə xoş gündə yaradıb səni,

Qəlbinə dəydiyim ilahi gözəl.

Yadıma düşəndə dünyam qaralır,

Bağışla etdiyim günahı, gözəl.

 

Cənnət misallısan, solmaz baharsan,

Bu könül dünyamda əbədi varsan.

Necə qəmzəlisən, nə şirin yarsan,

Könlümün sirdaşı, pənahı gözəl.

 

Yerişin can alır, baxışın əfsun,

Qulac saçlarından göz necə doysun.

Heyranı olduğum qoy mənim olsun,

Məndən əsirgəmə mətahı, gözəl

 

O şəhla gözlərin süzülüb gedir,

Baxan tilsimlənir,üzülüb gedir,

Qəlbimdə misralar düzülüb gedir,

Neyləsin Cəbrayıl, ay ahu gözəl?

 

 

İlahi

 

Çəkilib göylərə sevgi, məhəbbət,

Bir az sevgi göndər göydən, İlahi.

Qənim kəsilmişik bir-birimizə,

Düşmüşük taqətdən, heydən, İlahi.

 

Bələdçi olubdu alimə nadan,

Qalmayıb bəşərdə nə din, nə iman.

Didir bir- birini, qan içir insan,

Başlar dumanlanıb "meydən", İlahi.

 

Nə vaxt kəsiləcək zalımın səsi?

Kəsən olacaqmı, bu kəshakəsi?

Yenə çalxalanır bu Yer kürəsi -

Olubdu haqsıza meydan, İlahi!

 

Cəbrayıl, insafmı söz ağlar qalıb?!

Açılmır eynimiz, göz ağlar qalıb.

Əyri hökm oxuyur, düz ağlar qalıb,

Niyə düz olanı əydin, İlahi,

Bir az sevgi göndər, göydən, İlahi!

 

Yerindən

 

Allah qismət edə, baxam dünyaya

Həsrətin biryolluq bitən yerindən.

Vüqarlı dağlara bir salam verəm,

Əlimin göylərə yetən yerindən.

 

Bostanım saralıb uralanıbdır,

Ürəkdə həsrətdən od qalanıbdır,

Dağlar dağa dönüb sıralanıbdır,

Qəlbimin ağrıyan Vətən yerindən.

 

Sarısünbül zəmilərim tellənə,

Dağ-dərələr naxışlana, güllənə,

Ruhum qanadlana, qəlbim dillənə

Gülşəndə bülbülün ötən yerindən.

 

 

Anasız dünyam

 

Bu gecə nə yaman uzun gecədir,

Ulduz sıxır məni, ay sıxır məni.

Bir dağın döşündə elə yalqızam,

Bulaq ağı deyir, çay sıxır məni.

 

Artıb ürəyimin döyüntüsü də,

Sıxır ürəyimi dağın havası.

Anasız qəlbimdən bir ah yüksəlir,

Qarsıyır dağları ahın havası.

 

Məni bağışlayın, dağlar, a dağlar!

Ahımdan əriyir zirvədə qar da.

Çəmən də, çiçək də könlümə yatmır,

Mən dağa çıxmışam, anam məzarda.

 

Dağların duruşu nə gözəl idi,

Analı günlərim keçir qəlbimdən.

Elə bil dağlar da qərib görünür,

Anam bu dünyadan köç edən gündən.

 

 

A zalım

 

A zalım, demirsən ölüb, qalıbdı

İllərlə oduna o yanan oğlan.

Daha yaddaşımdan boylanıb baxır

Hər gün qapınıza boylanan oğlan.

 

Arzum da sən idin, diləyim də sən,

Sinəmdə döyünən ürəyim də sən.

Çatdı altmış beşə ürəyində sən,

Xəyalınla yatıb oyanan oğlan.

 

Bilməm, necə çatdım bu yaşa sənsiz,

Sənsizlik içində yurdsuz, vətənsiz.

Bir yol dedinmi heç necədir mənsiz

Gözünün yaşıyla yuyunan oğlan.

 

Daha gözəllərdən etibar ummaz,

Gecə ulduz sayar, gözünü yummaz.

Çox yanıb odlara, bir daha yanmaz

Gənclik libasını soyunan oğlan.

 

İndi qara dönüb o qara saçlar,

Bir ayrı məkana yolçuluq başlar.

Yenə səni deyər, səni soraqlar

Zaman fırçasıyla boyanan oğlan.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!