Xaqani Şirvaniyə
Bulud qəzəbini dağlara tökdü,
Göyün sevincindən rəngi boğuldu.
O gün Şamaxının tən ortasında
İbrahim adında uşaq doğuldu.
Atası Əlinin gözləri doldu,
Buludlar lal oldu bu heyranlığa.
Uşaq adi uşaq deyildi, şükür,
Təbiət çırpındı bircə anlığa.
Bütün el-elata müjdə verildi,
Qohumlar təbrikə yığıldı o gün.
Sanki kəhkəşanda söz məna verdi,
Şeirin ulduzu doğuldu o gün.
Çatdı yavaş-yavaş həddi-buluğa,
Hər gün əmisindən öyrəndi elmi.
Şeir qəvvasıtək dəryada üzdü,
Alimlər soruşdu: O, kimdi, ləlmi?
Hamı heyran qaldı bu yaranışa,
Zaman bəlli etdi o uşaq kimdi.
İllər qatar kimi ötüb keçdikcə
O da yaxşı bildi bu həyat qəmdi.
Böyüdü, zəkalı bir cavan oldu,
Şeiri, şeiriyyəti elə yayıldı.
Az vaxtda hörməti artdı şəhərdə,
Şirvanın hörmətli şəxsi sayıldı.
Şeirin diliylə bəyan elədi:
Nəfslə gələcək dünyanın sonu.
Müdhiş büllur kimi özünə çəkdi,
Bir gün Şirvanşahlar sarayı onu.
Burda diqqət etdi əyyanlar ona,
Müti savadsızlıq işini gördü.
Din, cahillik xofu sıxdı canını,
Dinlə arasında bir divar hördü.
Şaha başqa cürə ərz eylədilər:
Guya dinə qarşı çıxır Xaqani.
Şairsə başqa şey demişdi qəti:
Din nə bir xülyadı, nə də ki cani.
Heyif ki, aranı qatanlar artdı,
Şahın da başını "yedilər" belə.
Paxıllıq işini gördü necə də,
Şairi beləcə "atdılar selə".
Şahın əmri ilə həbs olundu o,
Zindana atdılar el şairini.
O, burda həbsiyyə şeiri yazdı,
Geniş təqdir etdi elmlə dini.
Xeyli vaxt zindanda qaldı səbəbsiz,
Cavankən ömrünə xal saldı tale.
Həyat necə acı, necə amansız...
Gəl, indi bu sirri öz-özünə de.
Zindan şair üçün dar qəfəs idi,
O, bura - zindana sığmırdı qəti.
Saçları çallaşdı, yanağı soldu,
Ona adi gəldi ömrün sürəti.
Bir gün sona çatdı zindan həyatı,
Şairi azadlıq bərk qucaqladı.
Ona - qal, - dedilər, - saray sənindir,
Osa - sizin olsun, - deyib çağladı.
Saray həyatına alışmadı o,
Saray onun üçün ötəri yerdi.
Bir-birindən gözəl əsərlər yazdı,
O, burda ömrünün gücünü verdi.
Xalqın cahilliyi qəlbini sardı,
Ürəkdən acıdı avam kəslərə.
Yetən din üstündə qınadı onu,
O, önəm vermədi yalan səslərə.
Tərk etdi Şirvanı - Şamaxını o,
Küsdü doğulduğu yurddan-yuvadan.
Xaqani üz tutdu qürbətə sarı,
Qürbət iyi gəldi qəfil havadan.
***
Şamaxıda qalmağı faydasız sandı şair.
O, bu diyarçun söndü, zülmətə qərq oldu yer,
Başqa bir məmləkətin fövqündə yandı şair.
Tərk etdi Şamaxını, üz tutdu qürbət elə,
Dedi: - Bu ellər niyə səs vermədi naləmə?!
Yaxın Şərq ölkələri qarşıladı şairi,
O, burda bir işıqtək şölə saçdı aləmə.
Neçə Şərq ölkəsində səfərdə oldu şair...
***
Səfər həyatı onu əldən salmışdı düzü,
Saçları çallaşmışdı, yaşı olmuşdu əlli.
Xaqani kim idi, o, hansı gücə sahibdi? -
"Töhfətül-İraqeyn" poemasından bəlli.
Mərsiyəsi, qəzəli, mədhiyyəsi bir ayrı,
Rübai, qəsidəsi cana məlhəm olurdu.
Yayıldıqca aləmə dünya dada gəlirdi,
"Həbsiyyə" şeirləri ürəklərə dolurdu.
Xaqani bir duyğutək Təbrizdə qaldı artıq,
Qırıldı odlu eşqin ürək sızladan simi.
O dövrün şairləri qəmi qəsidə sandı,
"Şinniyə" və "Mədain xərabələri" kimi.
Qayıtmadı geriyə, Şamaxı darıxsa da,
Şair küsdü öz doğma elindən-obasından.
Nə naləyə baxdı o, nə də aha susadı,
İnad eləmək ona keçmişdi babasından.
Ondan ötrü darıxdı Şamaxının dağları,
Ondan ötrü darıxdı Nizami Gəncəvi də.
Qəti idi qərarı, Təbrizdə qaldı şair,
Bilmədi viran qalıb o yurddakı evi də.
Şamaxıdan çıxanda Məkkəyə getmişdi o,
Ziyarət eyləmişdi müqəddəs torpaqları.
Səfər həyatı boyu müşahidə aparmış,
Yaşıl kağız bilmişdi ağacda yarpaqları.
Həyatı bu minvalla qürbət taxtında keçdi,
Nə zülümdə axtarır onu, nə şərdə bilir.
Nizaminin şairtək yetişməsində onun
Böyük rolu var idi, bunu bəşər də bilir.
Yetmiş yaşı var idi, ahıl olmuşdu artıq,
Ölümün acıları qəfil qurmuşdu hana.
Bir gün əcəl başının üstündə durdu söztək,
Şair vida elədi doymadığı cahana.
Bəşər necə pərişan, dünya necə lal idi,
Onun ucalığını qanmaz idi hər nadan.
Göy qapqara qaralmış, buludlar ağlayırdı,
Xaqani köç edirdi daş atdığı dünyadan.
Təbrizin söz ordusu hazır durmuşdu o gün,
Onu yola salırdı ağrı deşən göz ilə.
Nizami eşidəndə şair köçüb dünyadan,
Dedi ki, bax mən indi yetim qaldım söz ilə.
Daha yazmaz qələmim, ya da olar qəmxana,
Daha məni yandırar içimdəki bu ahım.
Necə dözəcəm axı mən onun yoxluğuna?
Xaqaniydi dayağım, o idi qibləgahım.
Ustadının ölümü çox ağrıtdı içini,
Yaşlı, qoca adamtək göynədi, büküldü o.
Ruhən də, ehkamca da dünyasından ayrıldı,
Şamaxını tərk edib Gəncəyə çəkildi o.
Dünya Xaqani adda bir zinəti itirdi,
Buna zaman günahkar, buna insanlar səbəb.
Neçə vaxtdı şairə bir "heykəl yonuram" mən,
Nədənsə duyğulara ilişib, gəlmir ki, təb.
Xaqani - böyük şair köçüb getdi uzağa,
Qəbri ana yurdundan uzaqlarda qalıbdı,
Dahi adamların da həyatı acı keçir,
Bu əsər də Sonanı lal əzaba salıbdı.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!