Şeirlər - Telli Sənəm BORÇALI

 

***

Sənin öpüşlərin yaz yağışıdı

Sən həsrətin

payız buludu.

Gəl, yağışında islanım

payızı unudum...

 

Baxışların ürəyimə

yazmışı adını...

Adından yıxıldı

ayrılıqlar...

 

Gecələr səni pıçıldayıram

Göylərin ulduz

təbəssümü yağır üstümə...

 

Payız ətirlim,

Sənin qucağında çiçəkləyirəm.

Fəsillər qısqanır bu həqiqəti.

 

Sənin yoxluğun nəfəsimi kəsir

Bəzən sənli anlarımdan

bir misra xatirə saxlayıram,

yoxluğunu azdırmağa...

 

Sən-uzaq

mən-yaxın.

Əlifbası belə başlayır

ayrılığın.

 

Sevgi ətirlim

kaş əcəl məktubunda

sənin ətrin olsun.

 

Uzaq əllərini sevgilim,

əllərinə qonmaq istəyirəm

göyərçin kimi.

 

Həsrətin həsrətdən

gözü darıxsın

 

Ələ ürəyinin ehtirasını,

Bu çılğın, bu odlu nəfəsim üstə.

Dilinin ucunda çiçəkləyən söz,

Dərsin nəfəsini qoy səsim üstə.

 

Mən sevda vurğunu, eşq dəlisiyəm,

Cənnət bağçasıdir qucağım mənim.

Ay ömrüm, tək sənin nəfəsin ilə,

Alışır üşüyən ocağım mənim.

 

Bəyaz saçlarını qoy sinəm üstə,

Nisgilli ürəyim ağ günə çıxsın.

Səpilsin yollara Vüsal çiçəyi,

Həsrətin həsrətdən gözü darıxsın.

Sən mənim ömrümün sevgi yolusan,

Bu yolla özümdən keçib gedirəm.

Sənin nəfəsini, sənin səsini,

Bir ovuc nəğmətək içib gedirəm.

 

***

Hər yaz gələndə

qaranquşların səsi

məhəbbət məktubumu oxuyur

torpağın qulağına.

 

Dinlədiyim

Şopen melodiyaları

sənə yaza bilmədiyim məktublardır..

Sən də dinlə.

 

Dodaqlarının hərarəti

yanağımda.

Adın dodağımda

qol-boyun olub gəzirik könlümün bağında.

 

Mənə bir məktub göndər

sətirlərində Şopen musiqisinin

ətrini duyum.

 

Misrada göynəyən

bu dərd kimindir

 

Sözlərin üzündən öpüb gedirəm,

Ürəyim üşüyən yarpaq kimidir.

Mənim bəyaz saçlım pıçılda mənə,

Misrada göynəyən bu dərd kimindir?!

 

Ömrümə dağılıb həsrətin saçı,

Mənim öz saçımı dayanım yox.

Bəxtin çöllərində itgin düşmüşəm,

Bir yarpaq axtarıb arayanim yox...

 

Bu eşqin odunda alışdım - yandım,

Sənə məhəbbətdən külüm danışsın.

Əcəl mələkləri saçımı hörsün,

Boyumu oxşayan ölüm danışsın.

 

Tale məni saldı səndən uzağa,

Boynunu bukubdu yollarım mənim.

Sənin həsrətini basıb bağrıma,

Qısılıb sinəmə qollarım mənim.

 

Heykəlini ucaldaq

bu məhəbbətin

 

Gəl,

bu yolun əlindən,

tutub gedək.

Bu dünyanı, olmuşları,

Olacaqları, unudub gedək.

Qərib xatirə kimi

bir kövrək bənövşəni varaqlar

arasında qurudub gedək.

Gedək,

arzu - arzu,

ümid - ümid.

Dodağında

sevgi nəğmələri çiçəkləyən

günlərin ömrünə səpilək,

Gedək ömrün sonuna.

Mənim dodağımda

öpüşlərin,

sənin dodağında hərarətin.

Gedək bax beləcə,

Heykəlini ucaldaq bu məhəbbətin.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!